İstanbul uğrunda “davanın” son mərhələsi başlayır

24-05-2019, 08:26           
İstanbul uğrunda “davanın” son mərhələsi başlayır
23 iyun seçkilərinin nəticələri hər mənada Türkiyədə siyasi “nəbz yoxlaması” olacaq
Mayın 22-də Türkiyə Yüksək Seçki Qurumu (YSK) martın 31-də keçirilən bələdiyyə seçkilərinin yekun nəticələrini elan edib. Və təbii ki, əsas diqqətlər isə təbii ki, İstanbul Böyük Şəhər Bələdiyyə seçkilərinə yönəlib. Çünki YSK-nın İstanbul mer seçkilərinin nəticələrini ləğv etməsi Türkiyədə etirazla qarşılanıb və YSK-nın qərarı tənqid olunub.

Məlum olduğu kimi, YSK seçkilərdən 37 gün sonra 4-ə qarşı 7 komissiya üzvünün səsi ilə İstanbul mer seçkilərinin nəticələrini ləğv edib. Mayın 22-də elan olunan yekun qərarda İstanbul seçkilərinin nəticələrinin ləğv edilməsi səbəblərinin əks olunduğu 250 səhifəlik material yer alıb.

YSK-nın rəsmi səhifəsində yer alan bu məlumatda səbəblər bir-bir sıralanıb. İlk olaraq İstanbul üzrə imzası və sayım qeydiyyatı olmayan 108 seçki qutusunda 30281 seçici səsinin aşkar edilməsi qeyd olunur. 18 məntəqədə sayım qeydiyyatı cədvəli tapılmayıb. 754 məntəqə sədri dövlət məmuru olmayıb. Qanun Hökmlü Qərarnamə ilə cəzalandırılmış 6 nəfərin məntəqə sədri olduğu aşkarlanıb. Bundan başqa, səsvermə hüququ olmayan şəxslərin səs verməsi, ölmüş şəxslərin yerinə səs verilməsi, qeydiyyatda olmayan şəxslərin səs verməsi faktları qeydə alınıb.

Yekun olaraq 300 mindən çox səsin şübhəli olduğu və bu da AKP-nin seçkiləri uduzduğu 13742 səsin 20 qatı olduğu müəyyən edilib.

Bundan başqa, 5388 möhürsüz, 694 ədəd imzasız, 214 ədəd boş, 498 əskik, 919 ədəd rəqəmləri qeyd olunmamış, 1135 ədəd əskik sayda səs sayılması və qeydiyyatı cədvəllərinin olduğu müəyyənləşdirilib.

YSK-nın qənaətinə görə, İstanbul seçkilərində 8848 ədəd protokolun hazırlanmasında yanlışlıq üzə çıxıb və bu da ümumilikdə 1 milyondan çox seçicinin səsinin hüquqi baxımdan qeyri-müəyyənliyinə səbəb olub.

Eyni zamanda bildirilib ki, ilkin olaraq 320 min etibarsız səs müəyyən olunduğu halda, səslərin yenidən sayılması nəticəsində bu rəqəm 314243-ə düşüb. Bu vəziyyət səslərin yenidən sayılması üçün səbəb olaraq qəbul olunub.

Bundan başqa, 1229 nəfər ölmüş şəxsin yerinə səs verilməsi, 10290 nəfərin həbsxana və başqa seçici siyahısında olan şəxsin səs verməsi, 5287 nəfərin isə həm İstanbul, həm də məhkum siyahısından səs verdiyi müəyyən olunub.

YSK-nın seçkinin nəticələrinin ləğvi ilə bağlı əsaslandırması ciddi etiraz doğurub. CHP-nin namizədi, seçkinin qalibi və aprelin 17-dən mayın 6-dək bələdiyyə sədri vəzifəsini icra etmiş Əkrəm İmamoğlu qərarı tənqid edib. İmamoğlu deyib ki, indi heç kim onların (YSK üzvlərinin ) iddialarına inanmır: “Mən onların üzlərinə baxanda, özlərinin belə buna inanmadığını görürəm”.

O, prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyasını tənqid edərək deyib ki, onlar yalan və bəhanələrlə mart seçkilərinin nəticələrinin ləğvinə nail olub.

Xatırladaq ki, YSK mayın 6-da 31 mart seçkilərinin İstanbul nəticələrini, daha dəqiqi, mer seçkisi nəticələrini ləğv edib. Ancaq YSK İstanbul seçkiləri zamanı seçilən digər 3 bülletenlərlə bağlı nəticələri ləğv etməyib. Məsələ ondadır ki, seçkilər zamanı İstanbul sakinləri Böyük Şəhər Bələdiyyəsi sədri, Bələdiyyə Məclisi üzvləri, həmçinin rayon bələdiyyə sədri və məclisini seçib. Bu zaman ayrılıqda 4 bülletenlə səs verilib. Ancaq YSK yalnız 1 bülletenin, yəni sədr seçkisinin nəticələrini ləğv edib. Bu isə etiraz doğurub.

Ancaq etirazlara baxmayaraq, YSK AKP-nin seçkilərin saxtalaşdırıldığı və hətta seçki cinayəti törədildiyinə dair çoxsaylı şikayətlərini əsas gətirərək nəticələri ləğv edib. Növbəti seçkilər iyunun 23-də keçiriləcək. Hazırda təkrar seçkilərin seçki kampaniyası davam edir.

Müşahidəçilər İstanbulun Türkiyə siyasəti üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirirlər. Məsələ ondadır ki, bu il martın 31-dək İstanbul bələdiyyəsi hakim AKP-nin nəzarətində olub. 1994-cü ildə isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə seçkilərini qazanaraq Türkiyənin ən böyük şəhərinə rəhbərlik edib və bununla da faktiki olaraq hakimiyyətə yolu açılıb. Ümumiyyətlə isə İstanbula nəzarət edən siyasi qüvvənin hakimiyyətə nəzarət edəcəyi ilə bağlı ümumi bir görüş var. Bu səbəbdən də hazırda hakim partiya bu şəhər uğrunda CHP ilə faktiki olaraq savaşır. Ölkə prezidenti, hökumət üzvləri, daxili işlər naziri günlərlə İstanbulda oturaraq kampaniya aparır. 23 iyun seçkilərinin nəticələri hər mənada Türkiyədə siyasi “nəbz yoxlaması” olacaq.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.