Türkiyə ABŞ-a görə İrandan imtina edir? – Şərh

25-05-2019, 08:03           
Türkiyə ABŞ-a görə İrandan imtina edir? – Şərh
Hesab etmirəm ki, rəsmi Ankara İran qazına olan tələbatı tamamilə sıfra endirsin. Bu, Türkiyənin İranla əlaqələrinə mənfi təsir göstərə bilər.

Bu sözləri Axar.az-a Türkiyənin İrandan qaz alışını dayandırması xəbərinə münasibət bildirən iqtisadçı İlham Şaban bildirib. O qeyd edib ki, Türkiyənin bu qərarı iki ölkə arasında yeni gərginliyə səbəb ola bilər:

“Türkiyə İrandan ildə təxminən 8-9 milyard kub metr qaz idxal edir. Onu Azərbaycan qazı ilə qarşılamaq mümkün deyil. Biz Türkiyəyə TANAP vasitəsi ilə ötən il 1 milyard, bu il isə əlavə olaraq 2 milyard qaz ixrac etmişik. Təqribən 1 milyard kub metr də Şahdəniz-1 vasitəsi ilə Türkiyə bazarın əlavə qaz verə bilərik. Bu da cəmi 3 milyard kub metr qaz edir. Bu, İrandan alınan qazın üçdə biri qədərdir”.

İqtisadçı bildirib ki, Türkiyə neftə olan tələbatının çox az hissəsini İrandan aldığı neft hesabına ödəyir:

“Türkiyə neftə olan tələbatının təxminən 10 faizini İrandan alır. Buna görə də İrandan neft idxalını dayandırmaq o qədər də rəsmi Ankara üçün problem yaratmır. Çünki Türkiyənin neft ala biləcəyi başqa alternativ ölkələr də var. Bunlar Yaxın Şərq və Afrika ölkələridir. Hesab edirəm son zamanlar rəsmi Ankaranın İraqla yaxınlaşma səbəbi də budur. Ümumiyyətlə, Türkiyənin imkanları çatır ki, müxtəlif ölkələrdən özünə neft idxalını həyata keçirsin”.

Qeyd edək ki, son bir neçə gündə ABŞ sanksiyaları səbəbindən Türkiyənin İrandan neft idxalını tamamilə dayandırdığı haqda xarici media məlumat yayıb.

“Nyusru.co.il” saytı isə Vaşinqtonu ziyarət edən Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıranın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yer alan mənbəsinə istinadən Türkiyənin İrandan qaz idxalını da dayandıracağını iddia edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.