Vaşinqton Ankaraya qarşı sanksiyalar hazırlayır

20-06-2019, 09:57           
Vaşinqton Ankaraya qarşı sanksiyalar hazırlayır
S-400 böhranı ABŞ-Türkiyə münasibətlərini gərginləşdirir
ABŞ hökuməti S-400 zenit qurğusu alacağı təqdirdə Türkiyəyə qarşı 3 sanksiya paketi üzərində dayanıb. Bu barədə nüfuzlu “Blomberq” Agentliyi məlumat yayıb. Agentliyin xəbərində qeyd olunur ki, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Maliyyə Nazirliyi və Dövlət Departamenti Ankaraya təzyiqləri müzakirə edir. O da iddia olunur ki, hazırlanan sərt sanksiya paketi Türkiyə iqtisadiyyatına ciddi zərbə vura bilər..

BBC-nin hazırladığı materialda iddia olunur ki, hazırda amerikalı rəsmilərin üzərində dayandığı əsas sanksiya layihəsi Türkiyənin strateji müdafiə sənayesi şirkətlərinin “ABŞ-ın Düşmənləri ilə Embarqolar Vasitəsilə Mübarizə Qanunu” (CAATSA) çərçivəsində embarqoya məruz qalması fikridir.

Qeyd edək ki, CAATSA qanunu 2017-ci ildə qəbul olunub. Bu qanun əsasən Rusiya, İran, Şimali Koreya kimi ölkələrə qarşı embarqolar vasitəsilə mübarizənin önünü açmışdı. 2018-ci ildə isə ilk dəfə Çinin Mərkəzi Hərbi Komissiyasının cihaz departamentinə qarşı CAATSA çərçivəsində dolaylı embarqo tətbiq olunub.

Türkiyənin müdafiə sənayesinə qarşı bu embarqoların tətbiq olunması nəticəsində bu şirkətlərin ABŞ maliyyə sisteminə girişi yasaqlanacaq, eləcə də bu şirkətlərin ABŞ firmaları ilə əməkdaşlığı, onlardan material və ehtiyat hissələri alması mümkün olmayacaq. “Blomberq” onu da yazıb ki, bu layihə S-400 alınacağı təqdirdə F-35-lərin satışının dayandırılması qərarı ilə bağlı deyil.

Xatırladaq ki, 2017-ci ildə Rusiya və Türkiyə arasında əldə olunan razılaşmaya əsasən Rusiya Türkiyəyə S-400 müasir hava hücumundan müdafiə sistemləri satacaq. 2,3 milyard dollarlıq müqavilə artıq reallaşma mərhələsindədir. Rəsmi Ankaranın açıqladığı məlumatlara əsasən gələn ay S-400 batareyalarının ilk partiyası Türkiyəyə gətiriləcək.

Ancaq Vaşinqton Türkiyənin Rusiyadan S-400 almasına qarşıdır. ABŞ Müdafiə Nazirliyi bildirir ki, Türkiyənin Rusiyadan aldığı S-400 sistemləri bu ölkənin təhülkəsizlik sistemi, xüsusən də NATO ilə birgə hərbi əməkdaşlıq layihələri, o cümlədən Türkiyənin ABŞ-dan almağa hazırlaşdığı F-35 döyüş təyyarələri üçün ciddi risk yaradır. Amerikalılar S-400-lərin F-35-in texniki xarakteristikasını ələ keçirəcəyindən narahatdır. Bu səbəbdən də Vaşinqton bəyan edib ki, iki texnikanın eyni məkanda xidmət göstərməsi mümkün deyil.

Ankara isə iki texnikanın bir-birindən uzaq tutulması və yarana biləcək problemləri həll etmək üçün Vaşinqtona birgə komissiya yaratmağı təklif edir. Amma eyni zamanda Türkiyə rəhbərliyi bildirir ki, S-400 anlaşmasından imtina mümkün deyil, Türkiyə bu sistemləri alacaq. Ən son olaraq ABŞ müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanahan Türkiyə müdafiə naziri Hulusi Akara məktub yazaraq Ankaranın S-400-ləri alacağı təqdirdə Vaşinqtonun sanksiyalarına məruz qalacağı barədə xəbərdarlıq etmişdi. Türkiyə isə cavab məktubunda belə bir məktubun müttəfiqlik ruhuna uyğun olmadığını bildirmişdi.

Bir gün əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, S-400 qərarından geri çəkilmələri mümkün deyil, gələn ay zenit qurğularını alacaqlar. Türkiyənin S-400-ləri təhvil alması təqvimi yaxınlaşdıqca Vaşinqtondan təzyiqlər də artır. Bir qədər əvvəl ABŞ hökuməti Amerikada F-35 təyyarələrinin təlim proqramında iştirak edən türk pilotların uçuşlarını qadağan eləmişdi. İndi isə bu mesaj Ankaraya təzyiqin artırılmasının daha bir nümunəsidir. İyunun sonunda Yaponiyada G-20 sammiti keçiriləcək və bu sammitdə ABŞ və Türkiyə prezidentləri arasında görüş planlaşdırılır. Ehtimal olunur ki, bu görüş S-400 və F-35 mövzusunda yekun qərarın verilməsi ilə nəticələnəcək. Türkiyə tərəfi də Vaşinqtonla Yaponiya sammitində anlaşa biləcəyinə ümid edir.

Lakin məsələ ondadır ki, Vaşinqtonu yalnız S-400 alınmasının texniki tərəfi, yəni bu silahların Türkiyədəki ABŞ silahları üçün təhlükəsi narahat etmir. Vaşinqton həm də NATO müttəfiqinin Rusiyadan silah alması və Moskva ilə yaxlınlaşmasından narazıdır. Ötən həftə Tacikistanda regional konfransda iştirak edən Ərdoğan bildirib ki, bu il “Türk Axını” layihəsinin işə düşməsi və S-400-lərin təhvil alınması baş tutacaq. Türkiyə prezidenti deyib ki, iyulun ortalarına qədər Türkiyə birinci S-400 qurğusunu təhvil alacaq.

Eyni zamanda Ərdoğan bir generalın rəhbərliyi ilə Türkiyə hərbi hava qüvvələri heyətinin Amerikada olduğu və artıq 4 ədəd F-35 qırıcısını təhvil aldığını deyib. Bu mənada Ərdoğan komandası Vaşinqtonla ən pis halda iyunun sonunda Yaponiyada anlaşacağına ümid edir. Yox, əgər Vaşinqton Türkiyəyə qarşı ən sərt addımlara gedəcəksə, o zaman bu, regionda ciddi gərginliklərə səbəb olacaq. Hər şey bu ayın sonuna qədər məlum olacaq.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.