Əsəd Türkiyə ilə yaxınlaşır? – Birgə əməliyyat...

2-07-2019, 08:22           
Əsəd Türkiyə ilə yaxınlaşır? – Birgə əməliyyat...
Türkiyə və Suriyanın terrorçulara qarşı birlikdə hərəkət etməsi müsbət addımdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Suriya təhlükəsizlik orqanlarının terrorçulara qarşı keçirdiyi əməliyyatda türk polislərdən dəstək almasına münasibət bildirərkən deyib.

“Suriya, Türkiyə və İraq ərazisində fəaliyyət göstərən terror qruplarının mövcudluğu hər üç ölkənin təhlükəsizliyinə ciddi təhdiddir. Həmin ölkələrdə fəaliyyət göstərən terror qruplaşmaları adları çəkilən dövlətlərin ərazi bütövlüyünü də təhlükə altına atır. Bu mənada Türkiyə və Suriyanın terrorçulara qarşı birlikdə hərəkət etməsi müsbət haldır”, V.Zifəroğlu əlavə edib.

Politoloq Türkiyə və Suriyanın birlikdə əməliyyat keçirməsinin iki ölkə arasında olan münasibətlərə təsirindən də bəhs edib:

“Regionda baş verən proseslər Suriya və Türkiyə arasında olan gərginliyin yumşalmasına səbəb olub. Lakin bu o demək deyil ki, Türkiyə iqtidarı bundan sonra Əsədi dəstəkləyəcək və hansısa ittifaqa gedəcək. Hesab edirəm ki, Türkiyə sadəcə olaraq müəyyən qədər bəzi problemləri bir qədər arxa plana atıb, Suriya ilə birlikdə terrora qarşı hərəkət edə bilər”.

Qeyd edək ki, Suriya təhlükəsizlik orqanları Suriyanın Azez şəhərində Ramazan bayramı günü qətliam törədən 7 PKK-çını həbs edib. Bu əməliyyatda türk polisinin yardımından istifadə edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.