İstanbulda soyğunçuluq yolu ilə avtomat və tapança ələ keçirən azərbaycanlı leytenant kimdir... - FOTO

4-07-2019, 12:32           
İstanbulda soyğunçuluq yolu ilə avtomat və tapança ələ keçirən azərbaycanlı leytenant kimdir... - FOTO
Ötən ilin noyabr ayında İstanbulun Zeytunburnu rayonunda inkassator avtomobilinə hücum edib MP-5 avtomatı və tapança ələ keçirən qrupun üzvlərindən biri Azərbaycandan olan leytenantdır.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin hücum zamanı soyğunçu qrup iki təhlükəsizlik əməkdaşını bıçaq və dəyənək zərbələri ilə yaralayıb, silahları götürərək qaçıb. İstintaq araşdırıb ki, soyğunçular özlərinə “Çeçenistan canavarları” adını verən baykerlər qrupunun üzvləridir. Onlardan biri Azərbaycandan olan leytenantdır. Həmin şübhəlinin evində aparılmış axtarış zaman MP-5 avtomatı, iki tapança və bir qaz qumbarası ələ keçirilib. Baykerlər qrupunun həbsdəki lideri Nazmi A.-nın isə bir müddət Çeçenistanda döyüşdüyü məlum olub.


İstintaq materiallarına əsasən hadisə 2018-ci il noyabrın 11-də axşam saat 18.45 radələrində baş verib. Banklara və marketlər şəbəkəsinə nəğd pulların daşınması xidmətləri göstərən “L. Güvenlik Hizmetleri AŞ” şirkətinə məxsus inkassator maşını Zytunburnunda bir marketin qarşısında dayanıb. Avtomobildəki təhlükəsizlik əməkdaşı Erkan Bekir T. yerə düşərək sürətlə marketə daxil olub, bir neçə dəqiqə sonra içərisində pul olan üç paketlə marketdən çıxıb və maşına tərəf yönəlib.

Sürücü qapını açıb, təhlükəsizlik əməkdaşı maşına minmək istərkən iki maskalı şəxs ona hücum edib. Dəyənəklə və bıçaqla onu yaralayıblar. Təhlükəsizlik əməkdaşı yaralı halda pulla dolu paketlərin üstüna yıxılaraq paketləri qorumağa çalışıb, sürücü isə qışqıraraq kömək istəyib. Pulu götürə bilməyən soyğunçular Erkan Bekir T.-nin tapançasını və maşındakı MP-5 avtomat silahını götürərək qaçıblar. Hadisə yerinə polis və təcili yardım gəlib. Hadisədən 3 gün sonra şübhəlilər tutulub.



Həbs edilən şübhəlilərdən Azərbaycan vətəndaşı Elvin İ.-nin (28 yaşında) evində çoxlu sayda silah ələ keçirilib. Bu silahların arasında “Kalaşnikov” markalı avtomat, 2 tapança və bir qaz qumbarası və inkassator maşınından ələ keçirilən MP-5 avtomatı da olub.

Azərbaycanda leytenant olaraq qulluq etdiyi məlum olan Elvin İ. polisə və prokurorluğa ifadəsində silahların müdiri-avtomobil yuma məntəqəsinin sahibi Nazmi A.-ya aid olduğunu bildirib. Şübhəlilərin bir çoxu baykerlər klubuna üzv olduqlarını, Nazmi A.-nın həmin klubun başqanı olduğunu deyiblər.



Polis həmin ifadələr əsasında Nazmi A.-nı və ondan silah alan Muharrem Y. adlı şəxsi həbs edib. Habelə Elvin İ. ilə birlikdə inkassator maşınına hücum edən Ufuk M. həbs edilib. Həmin şəxsin peşəkar futbolçu olduğu, amma zədələndiyi üçün futbolu buraxdığı bildirilir. Soyğunçuluq işi üzrə cəmi 7 nəfər həbs edilib.

Prokurorluqda şübhəlilərdən bəziləri ifadələrini dəyişdirib. Elvin İ. və Ufuk M. soyğun planını yaraladıqları Erkan Bekir T. ilə birlikdə qurduqlarını deyiblər. İstintaq Erkan Bekir T.-nin telefonundan Elvinin nömrəsini aşkar edib, prokurorluq onun həbsini istəyib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.