Fransada yaşayan “əsrin bank oğrusu” Qazaxıstanı qarışdırır

9-07-2019, 10:35           
Fransada yaşayan “əsrin bank oğrusu” Qazaxıstanı qarışdırır
Nazarbayevin siyasi varisi Tokayevə qarşı çıxan qalmaqallı maqnat Muxtar Ablyazovun təşkilatının fəaliyyəti yasaqlanıb, tərəfdarları isə saxlanıb; Aydın Mirzəzadə: ”Yeni iqtidarlar formalaşanda onlar sınaqlardan keçirlər"
Qazaxıstanın iki böyük şəhərində yeni seçilmiş prezident Qasım Jomart Tokayevə qarşı yeni etiraz nümayişlərinin keçirildiyi zaman onlarla vətəndaş saxlanıb.

Paytaxt Nur-Sultan şəhərində iyulun 6-da keçirilmiş nümayiş zamanı etirazçılarla formada və mülki geyimdə olan polis işçiləri arasında qarşıdurma yaranıb. Onlarla şəxs yaxınlıqdakı avtobuslara aparılıb.

Təhlükəsizlik işçiləri olduğuna inanılan şəxslər Azad Avropa/AzadlıqRadiosunun müxbirləri və videooperatorların hadisələri izləməsinə mane olmaq məqsədilə onların qarşısını almaq üçün çətirlərdən istifadə edib.

Media şirkətin video və yayım avadanlığına naməlum şəxslər tərəfindən xəsarət yetirilib. Saxlanılanlar arasında, sadəcə, küçədə olan şəxslər də olub.

Qadınlardan biri AzadlıqRadiosuna bildirib ki, onun 15 yaşlı oğlu onların ikisi çay kənarı ilə gəzdiyi zaman polis tərəfindən saxlanılıb aparılıb.

İyulun 6-sı günün sonunda Nur-Sultanda 70 nəfərin, ölkənin maliyyə mərkəzi olan Almatıda isə təxminən eyni sayda şəxsin saxlandığı bildirilir.

Müstəqil Vlast.kz veb saytı Almatıda təxminən 100-ə yaxın insanın saxlandığı haqda məlumat verib.

Etiraz nümayişləri həmçinin Çimkent, Karaqanda və Oral şəhərlərində də keçirilib. Bu şəhərlərdə də saxlanılanların olduğu bildirilir.

Etiraz aksiyaları fəaliyyəti qadağan olunmuş Qazaxıstanın Demokratik Seçimi Partiyasının təşəbbüsü ilə keçirilib. Partiya 2009-cu ildən xaricdə yaşayan maqnat Muxtar Ablyazov tərəfindən dəstəklənir.

Qazaxıstanın hakim elitasının uzun zamandır opponenti olan Ablyazov illərdir ölkə rəsmiləri ilə qarşı-qarşıya gəlir.

Keçən il məhkəmə partiyanın ekstremist təşkilat olduğu haqda qərar çıxararaq, onun fəaliyyətini qadağan edib.

Muxtar Ablyazov Fransada yaşayır. Təşkilat 9 iyun prezident seçkisini boykota çağırmışdı və onun nəticələrini qəbul etmir.

Bu həmin Muxtar Ablyazovdur ki, adı “əsrin bank oğurluğu”nda birinci cərgədə keçir. Qazaxıstanın ən böyük banklarından biri - “Bank Turan Alem”in (BTA) sahibi olan bu şəxs öz əlaltıları ilə birlikdə cinayət əməllərinə girərək fırıldaq yolu ilə bankdan 6 milyard dollardan artıq vəsaiti böyük ustalıqla oğurlamağa müvəffəq olmuşdu.

Daha da aydın olsun deyə, xatırlatmaq lazım gəlir ki, Muxtar Ablyazov BTA-nın sahibi olsa da, bankdan oğurlanan həmin 6 milyard dollar müxtəlif maliyyə qurumları, eləcə də ayrı-ayrı əmanətçilərə məxsus olub.

Lakin vəzifəsindən sui-istifadə edən M.Ablyazov çox böyük ustalıqla, ofşor şirkətlər vasitəsilə həmin vəsaiti ölkədən çıxarmaqla, xarici banklara yerləşdirə bilib, hələ üstəlik, həmin vəsaitləri öz adına rəsmiləşdirməyə də müvəffəq olub.

Onun bu fırıldaq əməlindən isə İngiltərə, Fransa, İtaliya, Rusiya, Ukrayna bankları, eləcə də, bir çox ölkələrin iş adamları və sadə vətəndaşlar zərər çəkiblər.

“Əvvəldən Nursultan Nazarbayevin istefa qərarına qarşı olmuşam”. Bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov deyib.

“Mən Nazarbayevin istefası barədə istefasından iki gün öncə öyrəndim. Hesab edirdim ki, bunu etmək lazım deyil, hələ bunun üçün vaxt yetişməyib.

Mən Nursultan Abişeviçə məsləhət etdim ki, tələsməsin. O isə mənə dedi ki, bir gün gec getməkdən bir gün tez getmək yaxşıdır", - deyə o bildirib.

Artıq Qırğızıstan, Monqolustan, Özbəkistandan sonra Qazaxıstan siyasi kataklizmlər yaşayır. Orta Asiya ölkələrində hakimiyyətlərin bir-bir dəyişməsinə baxmayaraq, islahatlar ağır, astagəl gedir.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Mogerini Türkmənistan və Qırğızıstana səfərini başa vurduqdan sonra deyib ki, regionda islahatlar aparılması uzun və ağrılı prosesdir.

O qeyd edib ki, Avropa Birliyi daima Orta Asiya ölkələri liderləri ilə görüşlərdə siyasi islahatlar, mətbuat azadlığı və insan haqları ilə bağlı məsələ qaldırır, onları inandırmağa çalışır ki, insan haqları sahəsində vəziyyətin yaxşılaşması, onların ölkəyə xarici sərmayə cəlb etmək və beynəlxalq imiclərini qaldırmaq şansını artıracaq.

Amma təkcə Qazaxıstan yox, Cənubi Qafqaz da qaynayır. Xüsusən son həftələr Gürcüstanda nümayişlər keçirilir.

Lakin regionda baş verən proseslərin Azərbaycana transformasiya olunacağı ilə bağlı vaxtaşırı şərhlərə, mülahizələrə rast gəlinir.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Aydın Mirzəzadə isə bu cür proqnozları bölüşmür. Deputatın “Yeni Müsavat”a bildirdiyinə görə, hər ölkə daxilində gedən proseslər ilkin səbəblərdən baş verir:

“Yeni iqtidarlar formalaşanda onlar sınaqlardan keçirlər. Qazaxıstan da bu dövrü yaşayır və orada hadisələrin stabilliyə doğru getməsini arzulayıram. Azərbaycanda isə sabitliyin pozulması üçün zəmin və əsas yoxdur.

Çünki vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, qorunması, eləcə də sahibkarlığın inkişafı, əhalinin sosial rifahının yüksəlməsi üçün atılan addımlar insanların dövlətə inamını artırır.

Bu baxımdan Gürcüstan və ya Qazaxıstandakı siyasi kataklizmlərin Azərbaycana keçməsi qeyri-mümkündür".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.