Ərdoğana rəqib gəlir: nələr ola bilər? - Politoloq

10-07-2019, 10:55           
Ərdoğana rəqib gəlir: nələr ola bilər? - Politoloq
Şübhəsiz ki, Ali Babacan kimi bir qurucunun AKP-dən ayrılması hakim partiyanı bir qədər zəiflədə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nazim Cəfərsoy Türkiyənin keçmiş xarici işlər naziri Əli Babacanın Ədalət və İnkişaf Partiyasından istefasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Əli Babacanın quracağı partiya yeni siyasi hərəkatın yaranmasına səbəb ola bilər:

“Əli Babacanın AKP-dən istefa verməsi haqqında türk mediasında müxtəlif fikirlər səsləndirilir. Xüsusilə, əsas səbəb olaraq 31 martda keçirilən bələdiyyə seçkilərinin ləğv edilməsi olduğu güman edilir. Ümumiyyətlə, hakim partiya daxilində bir müddətdir ki, müxtəlif fikir ayrılığının olması ilə bağlı mətbuatda məlumatlar yayılırdı. Babacanın bu istefası yayılan məlumatları bir növ təsdiqlədi”.

Politoloq Ə.Babacanın Türkiyənin keçmiş Prezidenti Abdullah Gül ilə yeni partiya quracağı haqqında yayılan xəbərlərə də münasibət bildirib:

“Əli Babacanın AKP-dən ayrılıb Abdullah Gül ilə yeni partiya qurması hakim partiya rəhbərliyində təbii olaraq narahatlıq yaradacaq. Çünki Babacan siyasi cəhətdən güclü potensiala sahibdir. Onun AKP-yə müxalif partiya yaratması şübhəsiz ki, Ərdoğanı da narahat edən məsələdir. Ümumiyyətlə, hesab edirəm ki, ikilinin quracağı partiya yeni siyasi hərəkatın yaranmasına səbəb olacaq”.

Yeni qurulacaq partiyaya AKP-dən 40-dan çox millət vəkilinin keçəcəyi ilə bağlı fikirlərə münasibətində politoloq deyib ki, bu məlumat hakim partiyaya yaxın olan mənbələrdən təkzib edilib:

“Düşünürəm ki, Əli Babacana yaxın, AKP-yə müxalif olan qüvvələr şüurlu şəkildə bu rəqəmləri şişirdirlər. Ərdoğan hakimiyyətində bəzi narazılıqlar olsa da, hesab etmirəm ki, 40 millət vəkili AKP-dən ayrılıb, Əli Babacanın partiyasına keçsin. Amma o demək deyil ki, bu, heç vaxt baş verməyəcək. Ola bilər ki, gələcəkdə AKP idarəçiləri çox sərt mövqe göstərər və partiya daxilində böyük parçalanmalar gedər. Hər halda düşünürəm ki, AKP hələ bir müddət öz hakimiyyətini qoruyub saxlaya biləcək”.

Qeyd edək ki, Türkiyənin keçmiş xarici işlər naziri Əli Babacan Ədalət və İnkişaf Partiyasından istefa etdiyini açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.