Türkiyədə qədim şəhər tapıldı: Yağ və şərab indiyə qədər qalıb

3-09-2019, 22:42           
Türkiyədə qədim şəhər tapıldı: Yağ və şərab indiyə qədər qalıb
Beynəlxalq arxeoloqlar komandası çox əhəmiyyətli tapıntı haqqında məlumat yayıblar. Onlar Türkiyədə Samal adlanan tarixi ərazidə qədim şəhər qalıqları aşkar ediblər.

Teref.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bu şəhərin 3500 il əvvəl Xet sivilizasiyası dövründə yandırıldığı və qarət olunduğu bildirilir. Çikaqo Universitetinin saytında tapıntı haqqında geniş material verilib.

Beynəlxaq arxeoloqlar komandasına türkiyəli və alman alimlər də daxil edilib. Onlar Mesopotomiyadan Aralıq dəniz sahillərinə uzanan ticarət yolunun üzərində qədim şəhəri üzə çıxarıblar.

Çox güman ki, şəhər zəngin əhalisi ilə seçilirmiş. Qalıqlar şəhərin bir günün içində tam sıradan çıxarıldığını göstərir. Hiss olunur ki, düşmən böyük qüvvə ilə hücum edərək, şəhəri viran qoyub.

Elm adamları Xet imperiyasının döyüşçülərinin buna qadir olduğunu bildirir. İmperiya bu yolla sərhədlərini genişləndirməyə çalışırdı. Bundan az sonra Babili də viran qoymuşdular.

Ekspedisiyanın rəhbəri Devid Şloen sevincini gizlətmir: “İnanılmaz dərəcədə uğurlu tapıntıdır. Arxeoloqlar şəhərin hər qatına həssaslıqla yanaşır. Çünki hər şey şəhərin son günü haqqında danışır”.

Şloenin dediyinə görə, bütün tikililər dağıdılmayıb. Amma sakinlərin evlərini tələsik tərk etdiyi hiss olunur. Hadisənin təxminən eramızdan əvvəl 1650-ci ildə baş verdiyi güman edilir. “Gün sakinlər üçün adi başlamışdı”, – Şloen gördüklərindən belə təəssürat yarandığını söyləyir.

Şəhərin qalıqları arasından xeyli tarixi əhəmiyyətli əşya tapılıb. 10 otağı olan iki binada bürünc iynələr, heyvan sümüklərindən hazırlanmış oyuncaqlar, xəncər aşkar edilib. Bəzi qablarda hətta yağ və şərab indiyə qədər qalıb.

Arxeoloqlar komandası hücumun Xet imperiyasının başçısı 1-ci Xattasulinin dövründə baş verdiyini güman edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.