İstanbulda Sona Vəliyevanın “Yurt sevdası” kitabının təqdimatı olub

4-11-2019, 12:38           
İstanbulda Sona Vəliyevanın “Yurt sevdası” kitabının təqdimatı olub
Noyabrın 3-də İstanbul Beynəlxalq Kitab Sərgisində yazıçı-publisist Sona Vəliyevanın “Yurt sevdası” kitabının təqdimatı olub.

Open.az xəbər verir ki, 2019-cu ildə Türkiyənin “Zəngin yayıncılık” nəşriyyatı tərəfindən beş min tirajla dərc olunan kitabın tərcüməçisi şair-yazıçı Yurtsevən Şəndir.

Kitabda Sona Vəliyevanın Qarabağ, vətən, sevgi, millətə inam mövzularında 100-dən çox müxtəlif janrlarda şeirləri yer alıb.

Təqdimatda kitab haqqında danışan Y.Şən Azərbaycan coğrafiyasının türk milləti üçün tarix boyunca ən ağrılı bölgələrdən biri olduğunu qeyd edib. Bildirilib ki, tarixboyu ərazisində davam edən qanlı müharibələrə, qırğınlara, qətliamlara, yoxsulluqlara və bölünmələrə baxmayaraq Azərbaycan türklüyü yüksək səslə dünyaya çatdırıb və çatdırmağa davam edir. Sona Vəliyevanın atalarımızdan qalan bu müqəddəs mirasa sahib çıxmaq istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini bildirən yazıçı, onun şeirlərində vətənə olan qayğının, insana və türk qadınına olan sevginin ən ülvi hisslərlə büruzə verildiyini qeyd edib.

Təntənəli şəkildə keçirilən təqdimetmə mərasimində kitaba olan diqqət, ziyalıların və türk şairlərinin fikirləri bu nəşrin türk oxucusu tərəfindən yüksək rəğbətlə qarşılandığını göstərib.

Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev, konsulluğun əməkdaşları, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, ziyalılar, Türkiyədə yaşayan azərbaycanlılar və türkiyəli oxucular iştirak ediblər.

Qeyd edək ki, “Zəngin yayıncılık” nəşriyyatında indiyədək 60-a yaxın Azərbaycan kitabları türk dilinə tərcümə olunub.

Xatırladaq ki, noyabrın 10-dək davam edəcək sərgidə ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı Baş Konsulluğumuzun dəstəyi ilə iki xüsusi stendlə təmsil olunur. Beynəlxalq salondakı milli stend 4, “Zəngin yayıncılık” nəşriyyatı vasitəsilə təşkil olunan “Azərbaycan” stendi isə 9 gün müddətində fəaliyyət göstərəcək. Azərbaycan bölməsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və yerli nəşriyyatlar tərəfindən çap olunan ölkəmizin tarixini, mədəniyyətini, multikultural dəyərlərini və dövlətçilik ənənələrini əks etdirən 300 adda, 600 nüsxədən çox nəşr sərgilənir. Eyni zamanda, tədbirdə Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində türk dilinə çevrilən 45 adda Azərbaycan ədəbiyyatı da ziyarətçilərə təqdim edilir.

Azərbaycan bölməsində, həmçinin “Kaspi nəşrləri” seriyasından ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyat xadimlərinə həsr olunan kitablar da sərgilənir. Azərbaycan və türk dillərində olan bu nəşrlər də ziyarətçilər tərəfindən maraqla qarşılanır. Bu kitablar “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkəti tərəfindən nəşr edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.