Tatarıstan "Turkvision"dan imtina etdi - Buna səbəb Türkiyə-Rusiya münasibətləridir

7-12-2015, 13:33           
Tatarıstan "Turkvision"dan imtina etdi - Buna səbəb Türkiyə-Rusiya münasibətləridir
Tatarıstan bu il keçiriləcək "Turkvision" yarışmasında iştirak etməyəcək.

ANS PRESS-in məlumatına görə, dekabrın 13-dən 20-dək İstanbulda keçirilməsi nəzərdə tutulan Avroviziyanın türk versiyası olan "Turkvision" yarışmasında bu il Tatarıstan Respublikası iştirak etməyəcək. Buna səbəb isə Rusiya Türkiyə münasibətlərinin gərginləşməsidir.

Yarışmanın böyüklər üçün nəzərdə tutulan hissəsində "Yamle qızlar" vokal kvarteti, uşaqlar üçün olan müsabiqəsində isə "Səs uşaq" yarışmasının finalisti Səidə Muxametzyanova iştirak etməli idi.

Ümumiyyətlə, bu il keçiriləcək "Turkvision" mahnı müsabiqəsində 26 deyil, 21 ölkə iştirak edəcək. Bu il yarışmadan Tatarıstanla yanaşı, Altay, Başqırdıstan, Tuva, Xakasiya, Saxa da imtina edib. Buna səbəb Rusiya-Türkiyə hadisəsindən sonra Rusiyanın Mədəniyyət Nazirliyinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY təşkilatı ilə əməkdaşlığı dayandırmasıdır.

Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski Altay, Başqırdıstan, Saha, Tatarıstan, Tuva, Xakasiya respublikalarının başçılarına teleqram vuraraq, təcili adı çəkilən təşkilatla əlaqələrin dayandırılması haqqında tapşırıq verib.

Amma "Turkvision", əslində, Türkiyəyə məxsus yarış deyil. Bu müsabiqə 2013-cü ildən Azərbaycanın TMB telekanalı tərəfindən qurulan yeni beynəlxalq mahnı müsabiqəsidir. İlk müsabiqə Türkiyədə Əskişəhərdə Anadolu Universitetində keçirilib. Müsabiqəni 210 xalla Azərbaycan təmsilçisi Fərid Həsənov "Yaşa" mahnısı ilə qazanıb. Türk xalqlarının yarışının təşkilatçıları həm də Kazanın "Meydan" kanalı ilə də əməkdaşlıq edir.

"Turkvision" mahnı müsabiqəsinin 2016-cı ildə Azərbaycanda, Şəkidə keçirilməsi nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.