Türk jurnalistdən şok iddialar: Fəthullah Gülənin qələmi niyə qırılıb?

18-01-2020, 08:19           
Türk jurnalistdən şok iddialar: Fəthullah Gülənin qələmi niyə qırılıb?
“Dindirir əsr bizi, dinməyiriz,

Atılan toplara diksinməyiriz.

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ aftomobil minməyiriz.

Quş kimi göydə uçar yerdəkilər,

Bizi gömmüş yerə minbərdəkilər!”

Yəqin ki, bu şeirin kimə aid olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bəli, düz tapdınız – Mirzə Ələkbər Sabirin şeiridir.

Şairin 1911-ci ildə rəhmətə getdiyini nəzərə alsaq, bu şeirin 100-dən artıq yaşı var. Amma elə bil bu gün yazılıb.

Düzdür, biz müsəlmanlar indi avtomobil minirik. Nadir də olsa, xristianlara qoşulub “seyrə balonlarla” çıxanlarımız da var. Amma yenə eyni ağılda, eyni təfəkkürdəyik.



Əcnəbilərin düzəltdiyi avtomobili minsək belə, hətta bəzən xoruşa düşüb dərə-təpədə həmin maşınları onlardan iti sürsək belə, təfəkkürcə Xudayar bəyin eşşəyini oğurladığı Məmmədhəsən kişidən uzağa gedə bilməmişik. Bu gedişlə hələ uzun əsrlər boyu da öz yerimizdə sayacağıq.

Təfəkkürcə Məmmədhəsən kişidən uzağa getmədiyimiz üçün hədəflərimiz də ondan fərqli deyil. Biz də onun kimi varımızı-dövlətimizi toplayıb, həcc ziyarətinə getmək və orada şeytana daş atmağa çalışırıq. Biz də onun kimi əlimiz hər yerdən üzüləndə ümidimizi yarımallahlara bağlayırıq. O, Əbülfəzl Abbasa məktub yazıb şikayətlərini dilə gətirirdi. Biz də Ətağanın qəbrinə qurbanlar deyirik. Bəzən bu yaxınlarda rayonlarımızdan birində olduğu kimi, hansısa seyidin ayaqqabısı ətrafında cəmləşib öpüb gözümüzün üzərinə qoya-qoya ona sitayiş edir, problemimizin həllini imam-peyğəmbər övladına tapşırırıq. Yaxud Azərbaycanın fiskal aqibətini müəyyənləşdirən bir nazirimiz kimi kreslomuzun taleyini cinçıxaranlara həvalə edənlərimiz də az deyil və bu faktlar bizim Məmmədhəsən kişidən belə xeyli geridə olduğumuzu təsdiqləyir. Zira Məmmədhəsən kişi yenə hansısa varolmuş bir bəşər övladının cəddinə bel bağlayırdı. Bizim başbilən nazirlərimiz isə cinlərə-şəyatinlərə pənah aparırlarmış.



Amma təskinlik üçün kifayət qədər əsasımız da var. Məgər ki, dünyada xurafat əsiri olan tək biz deyilik. Sən demə, bizdən dəfələrlə böyük olan dövlətlər də ağıl və kamalda bizdən heç də fərqlənmirmişlər. Onlar da bizim kimi müqəddəs varlıq peşindəymişlər və həmin dövlətlərin xüsusi xidmət orqanları vətəndaşlarını idarə etmək üçün bu batil inanclarından kifayət qədər faydalanırmış. 1979-cu ildə İranda hakimiyyətə gələn islamçılar ayətullah Xomeyni üzərində Mehdi obrazı yaratdıqları, sonra xeyli ağ etdiklərini görüncə imamı naibi-imama çevirdikləri kimi, XXI əsrdə də Türkiyə bu yolla getmək eşqinə düşübmüş. Hər halda Türkiyənin tanınmış jurnalisti Əmrə Uslu bu iddiadadır.



Əmrə Uslu bu gün facebook səhifəsində canlı yayınladığı video-çıxışında Ərdoğan-Fətullah Gülən ziddiyyətlərinin əsl səbəbinə aydınlıq gətirərək bildirib ki, 2012-ci ildə FETÖ ağsaqqalı ona edilmiş təklifi rədd etdiyi üçün “qara siyahı”ya salınır. Təklifi ona aparan isə Türkiyə MİT-nin rəhbəri Hakan Fidan imiş. İddiaya görə, Hakan Fidan Fəthullah Gülən ilə görüşmək üçün Pesilvaniyaya gedir. Məqsədi Ərdoğan üzərində Mehdi obrazı yaratmaq və müsəlman dünyasında şəbəkələşmiş Gülən məktəblərindən dəstək almaqmış. Fətullah Gülən isə bu təklifə razı olmadığından qələmi qırılır. Nəticədə Türkiyədə və İslam dünyasında “hinləri” dağıdılan FETÖ məktəblərinin yerinə Maarif vəqfləri qurulur. Maarif məktəblərində isə indi şagirdlərə Ərdoğanın Mehdi olduğu barədə fikirlər təlqin olunur.



Açığı, bir zamanlar Azərbaycanda həqiqətən də bu inanca sahib olanlarla rastlaşdığımızdan qardaş dövlət belə olsa, xarici təsirlərin heç bir ölkəyə xoşbəxtlik gətirmədiyini nəzərə alıb, videonu ictimailəşdirmək qərarına gəldik. Ən azı ona görə ki, bir zamanlar Fəthullah Gülən şəbəkələrinin güclü olduğu ölkələrdən biri də Azərbaycan idi. Əgər həqiqətən də bu məktəblər indi daha fərqli bir xurafat mənbəyinə dönüşdürülübsə, bunun bizə nə gətirib, bizdən nə aparacağı bəlli deyil. Ümidvarıq ki, Azərbaycanın əlaqədar qurumları bu videoda irəli sürülən iddiaları yoxlayacaq və ölkəmizdə dini xurafatın yayılmasının qarşısı alınacaq. Çünki xilafət düşüncəsinin ilk növbədə bizim dövlət formamıza zidd olduğu gün kimi aydındır. Sözsüz ki, hansı dövlət tərəfindən yayılmasından asılı olmayaraq, bu cür xurafatlar təkcə planlaşdırılan ittifaqlarda aparıcı ölkənin kimliyini yox, həm də bu onun subyektlərinin siyasi xarakterini müəyyənləşdirir.



Çox uzatmadan, gəlin, Əmrə Uslunun iddiaları ilə tanış olaq. Videonun təqdimatından əvvəl isə onu da qeyd edək ki, Əmrə Uslu Türkiyənin siyasi dairələrinə yaxın mətbu orqanlar tərəfindən FETÖ-nün adamı olaraq tanıdılır. Amma bu fakt həqiqət olsa belə, Əmrə Uslunun fikirlərini şübhə altına almaq üçün əsas yaratmır. Əksinə, bəlkə də ilk qaynaqdan ötürülmüş məlumat təsiri bağışlayır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.