Türk dronları qarşısında aciz qalan Rusiya Həftəri devirmə planını işə saldı - Təhlil

1-06-2020, 00:00           
Türk dronları qarşısında aciz qalan Rusiya Həftəri devirmə planını işə saldı - Təhlil
Liviyada Milli Konsensus hökumətinin Türk dronları sayəsində general Həftər üzərində qazandığı qələbə qarşı tərəfdə ciddi böhrana səbəb olub.

Ovqat.com xəbər verir ki, Rusiyanın gizli ordusu Wagner əsgərləri döyüş bölgələrini tərk etməyə başlayıblar.

Məlumata görə, Tripoli hökumət qüvvələrinin Bəni Vəlid bölgəsindəki Həftər döyüşçülərinin yanacaq maşınlarını, silah-sursat anbarlarını, hərbi texnikalarını silahlı dronlarla atəş altında saxlaması Wagner döyüşçülərinin manevr imkanlarını xeyli məhdudlaşdırıb. Nəticədə Rus gizli ordusu savaş meydanını tərk etmək məcburiyyətində qalıb.

Üstəlik, Pentagonun Afrika Komandanlığının Liviyadakı 4-cü nəsil rus təyyarələrinin videolarını paylaşması da Moskvanı çətin vəziyyətdə qoyub. Bu zamana qədər Moskva Liviyadakı döyüşlərdə rəsmən iştirak etmədiyini, orduya bağlı olmayan hansısa “könüllü dəstələrin” Həftərə verdiyi dəstəyə görə Kremlin məsuliyyət daşımadığını deyirdisə, indi çoxsaylı Miq-29 və Su-24-lərin bu ərazidə nə etdiyinə aydınlıq gətirə bilmir. Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik komitəsinin sədri Viktor Bondarev həmin təyyarələrin sovet zamanında Liviyaya satılmış ola biləcəyini bildirsə də, bu arqument qətiyyən inandırıcı görünmür. Bununla belə, rəsmi Moskvanın məsuliyyətdən yayınmağa çalışan arqumenti döyüş bölgəsindəki 2000 civarında olan Wagner muzdlularının hava dəstəyindən məhrum qalacağına işarə idi. Wagner silahlılarının məhz bu açıqlamadan sonra bölgədən ayrılması təsadüfə bənzəmir və istər-istəməz suala yol açır: Moskva belə asanlıqla Liviyanı tərk edə bilərmi?

Bu zamanadək Əlcəzairin keçmiş prezidenti Huari Bumedyenin 1970-ci illərdə ondan hərbi baza tələb edən SSRİ yetkililərinə rədd cavabı verərkən dediyi “Rus əsgəri bir kərə girdikləri yerdən bir daha çıxmaz” həqiqətinə inanan afrikalılar bu suala birmənalı yanaşmırlar. Əksəriyyətin təxmini isə belədir ki, ruslar öz “qəhət”liklərini gözə soxmaq üçün manevr edirlər. Necə ki, bənzər manevrin 2016-cı ildə Suriyada edildiyi bəllidir. Xatırlayırsınızsa, Rusiya həmin vaxt Suriyadan çıxacağını elan edərək, bəzi təyyarələrini ölkəsinə çəkmişdi. Daha sonra isə “fikrindən daşınaraq”, daha çox hərbi texnika ilə yenidən Suriyaya qayıtmışdı. Həmin manevrdən Moskvanın nə qədər “qabağa düşdüyünü” bir Bəşər Əsəd bilir, bir də Putin. Amma fakt budur ki, 2016-cı ildə Bəşər Əsədi “səni tərk edərəm” deyib, əməlli-başlı vəlvələyə salmışdı. Son zamanlar yayılan məlumatlara görə isə, indi də Bəşəri qurban vermək üçün İsraillə gizli danışıqlar aparır. Belə görünür ki, Bəşərin Rusiyanı Suriyada saxlamaq üçün cibində pulu qalmayıb. Rusiya da indi onun özünü hərraca çıxarıb.

Liviyadan gələn xəbərlərə inansaq, indi də eyni siyasət tamahından tora düşmüş general Həftərin üzərində oynanılır. Görünür, Rusiya Həftərə onun arxasından çəkiləcəyi təqdirdə hansı vəziyyətə düşəcəyini əyani şəkildə göstərmək niyyətindədir. Əslində bunu generalın özünün də bilməməsi mümkün deyil və əlində imkanı olsa, Rusiyanı bir an belə yanından buraxmaz. Di gəl ki, onun hakimiyyətini möhkəmlədəcəyi təqdirdə Rusiyaya neft və qaz vermək vədindən başqa əlindən heç nə gəlmir. Moskvaya isə indiki anda su qiymətinə olan neft yox, pul lazımdır. Pul isə Həftər üçün milyardlar xərcləyən Birləşmiş Ərəb Əmirliyində və Səudiyyə Ərəbistanında. Dolayısıyla Putinin general Həftərlə oynadığı qumarın əsas oyunçusu da onun özü yox, himayədarlarıdır.

Bütün bunlara baxmayaraq, Həftərin sözçüsü Mismari, Wagner silahlılarının Liviyanı tərk edəcəyinə düşünür. Onun sözlərinə görə, Wagner muzdluları heç hara gedəsi deyillər, sadəcə “taktiki manevr edərək” yer dəyişirlər. Mismarinin bu arqumentinə isə deyəsən heç Həftər komandası da inanmır.

Həftər Liviyasının “Təmsilçilər Məclisi”nin (parlament) sədri Akile Saleh və ordunun əsas komandirlərinin artıq generala qarşı üsyan bayrağı qaldırdıqları bildirilir. Üsyanın əsas səbəbi də Həftərin aprel ayın Milli Konsensus ordusu qarşısında heç bir irəliləyiş etməməsi, əksinə, ciddi insani itkiylə üzləşməsiydi.

Bu ilk uğursuzluqdan sonra sülh çağırışları edən Akile Saleh 6 üzvlü Nazirlər Kabinetində “kadr islahatı” apararaq 3 nazirin saxlanılmasını, Liviyanın bölgələrindən təmsilçilərin seçilib yeni “parlamentin” təşkil olunmasını, Tripoli və Tobruk məclislərinin saxlanılmasını irəli sürmüşdü. Həftər isə bu təklifləri qəbul etməmiş, Suheyrat müqaviləsinin öz qüvvəsini itirdiyini, Liviyada siyasi hakimiyyəti ələ aldığını bildirmişdi. Daha sonra isə öz ordusunu toplayaraq Tripoliyə burnunun əziləcəyi döyüşə atılmışdı.

Həftərin siyasi hakimiyyəti ələ alması barədə verdiyi bəyanat əslində Akile Salehin də fəaliyyətinə son qoymaq elanından başqa bir şey deyildi. Amma general Həftərin hesabları özünü doğrultmamışdı. Tripoliyə son həmləsində böyük uğur qazanacağına inanan generalın ən böyük yanılqısı isə BƏƏ tərəfindən maliyyələşən 20 nəfərlik xüsusi xidmət əsgərlərinə bəslənən ümiddə ortaya çıxmışdı.

“New York Times”-ın yazdığına görə, Birləşmiş Ərəb Əmirliyinin Türkiyənin Milli Konsensus Hökumətinə verdiyi hərbi logistik dəstəyini kəsmək üçün 20 xarici muzdlu əsgərə 80 milyon vəsait ayırsa da, həmin qüvvələr Həftərlə dil tapa bilməmələri üzündən ölkəni tərk etmişdilər. İddialara görə, üsyankar general əks-kəşfiyyatçıların vəd edilənlərin əksinə köhnə model təyyarə və helikopterlərlə Binqaziyə gəldiklərinə qəzəblənib, onları qovmuşdu. Beləcə, Türk silahlı dronları rahatlıqla Tripoliyə çatdırılmış, hücuma keçən Həftər silahlılarının başına və hərbi texnikalarına od ələmişdi.

Həftər böyük itkilərlə nəticələnən ikinci həmləsindən sonra təkcə Milli Konsensus hökumətinin deyil, eyni zamanda Akile Salehin mövqeyi də güclənmişdi. Bir neçə gün bundan əvvəl Həftərə bağlı Liviya Milli Ordusunun Baş Qərargah rəisi Əbdürrazik ən-Nazuri və Hərbi Hava Qüvvələrinin komandanı Sakr əl-Carusi ilə bir araya gələn Saleh rəsmi xəbərlərə görə, onlardan uğursuzluğun səbəbləri barədə məlumat almışdı. Həftərin iştirak etmədiyi bu toplantıda “Təmsilçilər Məclisi”nin sədrinin özünü Ali Baş Komandan kimi aparması generala verilmiş mesaj olaraq dəyərləndirilə bilər. Ən təəccüblüsü isə budur ki, dövlət çevrilişi anlamına gələn həmin toplantıya Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da video-konfrans formatında qatılmışdı. Bu isə Rusiyanın “sülh damarı” kif bağlamış general Həftərin arxasından çəkilməsi kimi qiymətləndirilmişdi.

Bütün bu baş verənlərin fonunda Wagner muzdlularının Liviyadan çıxarılması heç də Mismarinin dediyi kimi, “hərbi manevr” təəssüratı yaratmır və rus oyunbazlığının general Həftər üsyançılarına zərbə vurduğu ortadadır.

Üstəlik, bu “hərbi manevr”in Tripoli ordusunun ard-arda uğurlar qazandığı bir zamanda həyata keçirilməsi, belə görünür ki, Liviyanın böyük tayfalarının da səf dəyişməsiylə nəticələnib. Artıq Şərqi Liviyada məskunlaşan bir çox tayfalar öz övladlarını hərbi xidmətdən gizlədir və Həftərin hərbi avantürasına qurban vermək istəmirlər. Bəzi tayfa liderləri isə açıq şəkildə səf dəyişərək Akile Salehin tərəfində yer alırlar.

Bəs bütün bu dəyişikliklər ikiyə bölünmüş Liviyanın eyni bayraq altında birləşməsinə səbəb olacaqmı?

Bu sualın cavabı Rusiya ilə ABŞ-ın Liviyaya sahib olmaq məsələsində ortaq məxrəcə gəlib-gəlməməsindən aslıdır. Rusiya üçün Liviya ərazisində hərbi baza qurmaq və təbii sərvətlərindən faydalanmaq lazımdır. Çətin ki, ABŞ bu məsələdə Rusiyaya güzəştə gedə. Çünki Şərqi Aralıq dənizinin Rusiyanın təsir dairəsinə girməsi böyük dövlət kimi yenidən ortaya çıxmasına və dünya hegemoniyasına can atmasına xidmət edə bilər.

Rusiyanın bu hegemoniya iddiasının qarşısını ala biləcək ən təsirli güc isə Türkiyədir. Nədən ki, Rusiyanın Aralıq dənizində salacağı lövbər ilk növbədə Türkiyənin milli maraqlarına qarşı yönəlib. Türkiyə Şərqi Aralıq dənizində ən uzun sahilə sahib olan dövlətdir, dolayısıyla bu bölgəyə ən çox haqqı çatan da elə odur.

İkinci ona görə ki, Rusiyanın Aralıq dənizinə çıxışı Türkiyənin üzərindən keçməklə mümkündür. Qaradənizdən Aralığa çıxış qardaş ölkənin ən çox insanlarının məskunlaşdığı şəhərlərinin yerləşdiyi İstanbul boğazı, Egey və Mərmərə dənizlərindən keçir. Hərbi gəmilərin həmin ərazilərdən keçməsi bu bölgədə məskunlaşmış insanların həyatını təhlükə qarşısında qoyur.

Üçüncüsü isə, Qara dəniz və Aralıq dənizindəki hərbi donanma gücünə görə Türkiyə heç də Rusiyadan geri qalmır, əksinə, ondan daha qüdrətlidir. Bu qüdrət ona görə yaradılmayıb ki, nəzarət edəcəyi coğrafiyanı rəqibiylə bölüşə. Bu mənada Türkiyə silahlı dronlarının Tripolidə Rusiyanın gizli ordusu adlanan “Wagner”-ə verdiyi dərs də təsadüfi deyil. Xatırladaq ki, “Washington Post” qəzeti bu hərbi dərsi belə qiymətləndirmişdi: “Türk PHA (pilotsuz hava aparatları) və SPHA (silahlı pilotsuz hava aparatları) Rusiya və Həftərin digər hərbi tərəfdaşlarını utandırdı”.

Heydər Oğuz,
Ovqat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.