Türkiyənin uğuru - İran və Rusiyanın qaz asılılığından çıxır

3-06-2020, 08:57           
Türkiyənin uğuru - İran və Rusiyanın qaz asılılığından çıxır
“Qazprom” Avropa bazarından da sıxışdırılır
Türkiyə sürətlə Rusiyanın qaz asılılığından qurtulmaqdadır. Belə ki, 2019-cu ilin martında Türkiyənin qaza olan tələbatının 33 faizini ödəyən Rusiya ötən 1 ildə qaz ixracını 72 faiz azaltmağa məcbur olub. Belə ki, 2020-ci ilin martında Türkiyə Rusiyadan cəmi 389,7 milyon kubmetr qaz alıb ki, bu, onun ehtiyaclarının 9,9 faizini ödəyib. Türkiyənin satın aldığı qazın 23,45 faizi Azərbaycanın payına düşür. Növbəti yerlərdə Qətər (19,95 faiz), İran (14,15 faiz), Əlcəzair (13,69 faiz) yer alıb.

Hazırda Rusiya ilə Türkiyə arasında “Türk axını” xətti üzrə nəql olunan təbii qazın alqı-satqısına dair yeni müqavilə ilə bağlı danışıqlar gedir. Müqavilənin müddəti 1 yanvar 2021-ci ildə bitir. Buna görə də danışıqlar bir neçə aydır başlayıb, laki hələlik razılıq əldə olunmayıb. Rusiyadan Türkiyəyə qaz nəql edən ikinci kəmər - “Türk axını” üzrə müqavilənin müddəti isə 2025-ci ildə bitəcək. “Mavi axın”la bağlı razılaşma həm də digər kəmər üzrə müqavilənin şərtləri baxımından ciddi əhəmiyyət kəsb edir.

“Türk axını” ilə bağlı əsas müzakirələr alınacaq qazın qiyməti ətrafında gedir. Belə ki, hazırda Türkiyə bu xətlə aldığı qazın hər min kubmetrinə 250 dollar ödəyir. Rusiya yeni müqavilənin 10-15 illik bağlanmasını və qiymətin 180 dollar müəyyənləşməsini təklif edib. Lakin Türkiyə bununla razılaşmır, çünki boru xətti ilə tədarük edilən qazın qiyməti bütün dünyada çox aşağıdır. Hazırda Avropada təbii qazın qiyməti min kubmetr üçün 120 dollar təşkil edir. Türkiyə də müqaviləni bu rəqəm əsasında bağlamaq niyyətindədir. Nəzərə alsaq ki, BOTAŞ hazırda maye qazı spot bazarından 60-70 dollara alır, o zaman Türkiyənin əlində ciddi tutanacağın olduğunu söyləyə bilərik. Ankara həmçinin yeni kontraktda “Al, ya da pulunu ödə” prinsipinin nəql olunan qazın həcminin 85 faizinə deyil, 65 faizinə şamil olunmasına nail olmağa çalışır.

İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi ...

Türkiyə mətbuatının yazdığına görə, ölkə Azərbaycandan boru xətti ilə qazın min kubmetrini 235 dollara alır. Neft qiymətlərinə bağlı olan bu qiymətlərdə neftə uyğun ucuzlaşma adətən 3 aydan sonra baş verir. Buna görə də uyğun ucuzlaşmanın iyunun əvvəlindən hiss olunmağa başlayacağı gözlənilir. Lakin bu, heç də Türkiyənin aldığı bütün qaza şamil olunmayacaq. Bu səbəbdən də türkiyəli ekspertlər ölkənin Avropada ən bahalı qaz istehlak etdiyini bildirərək, təchizatda ağırlığı maye qaza verməyin gərəkdiyini təklif edirlər.

Türkiyənin son illərdə yürütdüyü siyasətin əsasında əslində elə bu dayanır. Ötən ilin sonlarında enerji və təbii qaynaqlar naziri Fatih Dönməz Türkiyənin boru qazından asılılığının 50 faizdən aşağı düşməsinə nail olduqlarını açıqlayıb: “İki dənə üzən maye qaz(LNG) anbarı və maye qazı təchizat şəbəkəsinə vuracaq terminalla LNG qəbuletmə gücümüzü artırmışıq. Artıq ildə 30 milyard kubmetrlik LNG-ni şəbəkəyə vurmaq imkanına malikik. Bunun təxminən 3-də birini istifadə edirik. Ölkəmizin illik qaz istehlakının 50 milyard kubmetr olduğunu nəzərə alsaq, boru qazından asılılığımızın 50 faizdən aşağı düşdüyünü görə bilərik”.

Politoloq Şahin Cəfərli bildirir ki, Türkiyə rəhbərliyi Rusiyadan qaza görə asılı qalmaqda maraqlı deyil: “Türkiyə Rusiya təbii qazının idxalını kəskin azaldır. Bu ilin mart ayının yekunlarına əsasən ilk rübdə Rusiya qazının Türkiyəyə satışı 1 il əvvəlki dövrlə müqayisədə 7 dəfə azalaraq 1,418 milyard kubmetrdən 210 milyon kubmetrə düşüb. 2018-ci ilin rəqəmləri ilə müqayisədə isə inanılmaz - düz 14 dəfə azalma var: həmin ilin ilk rübündə Türkiyə Rusiyadan 8,8 milyard kubmetr qaz almışdı (ayda ortalama 2,93 milyard).

Hazırda Türkiyə “Qazprom”un müştəriləri arasında ikinci onluğa düşüb və kiçik Litvadan daha az, az qala cırtdan Ermənistan qədər qaz alır. Halbuki son illərə qədər Türkiyə Almaniyadan sonra “Qazprom”un ən “yağlı” müştərisi idi. Şübhəsiz ki, bu azalmada Türkiyədəki iqtisadi böhranın və əlavə olaraq bu il isti qış və koronavirusla əlaqədar təbii qaza tələbatın kəskin aşağı düşməsinin də rolu var. Amma siyasi səbəblər də rol oynayır.

Məsələn, 2019-cu ildə Türkiyə sıxılmış maye qaz (LNG) idxalını 13 faiz artırıb və Əlcəzair, Qatar, Nigeriya ilə yanaşı, ABŞ-dan da LNG alıb: ümumilikdə 9,1 milyon ton. Dövlət şirkəti BOTAŞ-ın ötən ilin dekabr ayında 2020-ci ilin martına qədər 30 partiya LNG, noyabr ayında isə 2020-2023-cü illər üçün 70 partiya LNG idxalına dair tender keçirməsi göstərir ki, bu siyasət məqsədyönlüdür və Rusiyadan, eləcə də İrandan enerji asılılığını azaltma niyyəti açıq-aşkardır. Sıxılmış qazın qiyməti hazırda Rusiya boru kəməri qazından daha aşağıdır ki, bu da iqtisadi cəhətdən bu məhsulu xeyli cəlbedici edir. Məsələn, 1 milyon BTU (Britaniya İstilik Vahidi - British Thermal Unit) miqdarında Rusiya qazı Türkiyəyə 6,5 dollara başa gəldiyi halda, eyni miqdarda LNG 1,5-2 dollardır. Halbuki Rusiya rəsmiləri və onlara yaxın ekspertlər son vaxtlara qədər inamla bəyan edirdilər ki, sıxılmış qaz, xüsusən də Amerikanın qazı Avropada hələ uzun müddət Rusiya boru kəməri qazı ilə rəqabət apara bilməyəcək, çünki maya dəyəri xeyli yüksəkdir"(Pressklub.az).

Politoloqun sözlərinə görə, sıxılmış qaz istehsalçıları, o cümlədən ABŞ Türkiyə bazarından Rusiya ilə yanaşı, İranı da sıxışdırmağa başlayıb: “Son aylar Türkiyə ABŞ və İrandan təxminən eyni miqdarda qaz alıb. 2020-ci il martın 31-də İran-Türkiyə qaz boru xəttində baş verən partlayışdan sonra bu kəmər hələ də işə salınmayıb. ”Fars News" bildirib ki, Türkiyə qəsdən borunun təmirini yubadır ki, İrandan qaz almasın. (1996-cı ildə imzalanmış 25 illik müqaviləyə əsasən Türkiyə bu ölkədən ildə 10 milyon kubmetr civarında qaz almalıdır.) Boru kəmərinin partlaması İranı ayda 200 milyon dollar gəlirdən məhrum edir. Türkiyə LNG terminalları 25 milyard kubmetr qaz qəbul etmək imkanındadır. Bu ilin 4 ayında Türkiyənin idxal etdiyi qazın 44 faizini LNG təşkil edib, bu qazın 40 faizi ABŞ-dan alınıb".

Məsələ burasındadır ki, Rusiya nəhənginin dərdi tək Türkiyə ilə deyil əslində. Ötən il Avropanın qaz təchizatında LNG-nin payı böyük həcmdə artıb. Bu zaman ABŞ Avropanın qaz bazarını az qala bütünlüklə ələ almağa nail olub. Mart ayından Amerikadan bu bazara maye qaz ixracı sutkada 107 min tona çatıb. Yanvar ayında Rusiyanın qaz nəhəngi “Qazprom”un ümumi qaz ixracı 11 faiz azalıb, ixracatdan əldə etdiyi gəlirlər 41 faiz kiçiləndə Avropanın ABŞ-dan aldığı LNG-nin həcmi elə Rusiya şirkətinin boru xətləri ilə çatdırdığı qədər olub.

Türkiyə üçün və Türkiyənin “xilas kəməri”

Rusiyanın boru xətləri ilə Avropaya satdığı təbii qazın min kubmetri 2018-ci ildə 246 dollar təşkil edib. 2019-cu ildə “Qazprom” qiymətin bir qədər azalacağını - təxminən 230-235 dollar olacağını proqnozlaşdırırdı. Lakin ilin yekununda məlum olub ki, qazın orta qiyməti 170 dollardan aşağı olub. Nəticədə Rusiya nəhənginin ötən ilin 3 rübündə xalis gəliri 12 faiz azalaraq 242 milyard rubla düşdü. İtkinin əsas səbəbi isə Avropanın qaza artan tələbatını daha ucuz LNG ilə təmin etməsidir. EIA-nın hesablamalarına görə, 2019-cu ildə Avropanın LNG alışı iki dəfə artaraq 76 milyon tona çatıb.

Qazın qiymətinin ucuzlaşmasından əlavə, satış həcmləri də getdikcə azalır. Belə ki, 2022-ci ildən Polşa Rusiya qazından tam imtina edərək, Norveçdən idxala keçir. Üstəlik, Polşa ABŞ qazını Ukraynaya çatdırmaq planı da hazırlayıb. ABŞ-da min kubmetr qazın maye hala gətirilməsi 60 dollara, onun Atlantik okeanı vasitəsilə Avropaya daşınması 15 dollara, digər xərcləri isə bundan da aşağı məbləğə başa gəlir. Bu o deməkdir ki, 4 min km uzağa daşıyırsansa, LNG boru qazından qat-qat sərfəlidir. Boru qazını proqnozlaşdırılan həcmdən - borunun ötürmə gücündən artıq əldə etmək mümkün deyil. Amma LNG-ni rahatlıqla tələbə uyğunlaşdırmaq olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.