Ermənilərə görə azərbaycanlı oğurlandı - İrandan işğalçıya “jest”

22-07-2020, 00:08           
Ermənilərə görə azərbaycanlı oğurlandı - İrandan işğalçıya “jest”
Ermənistanın Tehrandakı səfirliyi önündə Azərbaycana dəstək məqsədilə keçirilən aksiyada saxlanılan güney azərbaycanlı milli fəal Həmid Cabbarlıdan məlumat yoxdur.
Teleqraf.com xəbər verir ki, fəal iyulun 16-da İranın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən tutulandan sonra sadəcə bir dəfə ailəsi ilə əlaqə saxlaya bilib.

Milli fəalın qardaşı Ramın Cabbarlı bildirib ki, Həmid artıq 4 gündür Tehranda Ermənistan səfirliyinin qarşısında bu ölkənin işğal siyasətinə etiraz etdiyi üçün İranın təhlükəsizlik xidməti tərəfindən saxlanılıb: “Bu günlər ərzində sadəcə bir neçə saniyəlik zəng etmək üçün imkan veriblər. Onda da telefonda ana dilimizdə danışdığı üçün yanındakı şəxs qışqıraraq, “sadəcə farsca” deyib telefonu kəsib və o vaxtdan əlaqə saxlamasına icazə verməyiblər”.

Ramin Cabbarlının verdiyi məlumata əsasən, Tehranda həbs olunan digər fəalların bəzisi dünən sərbəst buraxılıblar.

Azadlığa buraxılan milli fəalların dediyinə görə, Həmid Cabbarlının məhkəmədə verdiyi cavablardan qəzəblənən hakim “bu, hələ burada qalmalıdır” deyərək, onun azadlığa buraxılmasına icazə verməyib:

“Həmid ictimai asayişi pozmaqda ittiham olunur. Dünənə qədər başqa milli fəallarla bir yerdə saxlanılırdı. Dünən onlardan ayırıb öz sözləri ilə “araşdırmağa” aparıblar. Əhval-ruhiyyəsinin yaxşı olduğunu söylədilər”.

O, həmçinin qardaşının vəkillə görüşməsinə icazə verilmədiyini bildirib.
Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycandan olan milli fəallar müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış ediblər. Dəstək aksiyasından qorxan İran rejimi aksiyaların keçirilməsinə mane olaraq, kütləvi həbslərə başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.