Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı olacaq - TƏHLİL

17-09-2020, 09:51           
 Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı olacaq - TƏHLİL
Son aylar Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesi faktiki olaraq dayanıb. İstər ATƏT-in Minski Qrupu və həmsədr dövlətlər, istərsə də digər beynəlxalq təşkilatlar Ermənistanın yeni ərazi iddialarına və hərbi təcavüz cəhdlərinə qarşı təsirli tədbirlərin görülməsində maraqlı olduqlarını nümayiş etdirmirlər.

Azərbayacanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Reyting.az-a müsahibəsində münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunu qondarma qurum adlandırıb:

- Minski Qrupu öz işinin öhdəsindən gəlmir və faktiki olaraq tərəf tutur.

Minsk Qrupu yenidən tərəflərə müraciət edərək onları masa arxasında əyləşməyə çağırıb. Amma Azərbaycan bu günə qədər Minsk Qrupunun apardığı vasitəçilik missiyasından narazıdır. Çünki vasitəçilər - Rusiya, Fransa və Amerikanın apardığı sülhyaratma və vasitəçilik missiyası fiasko ilə başa çatıb. Azərbaycanı həmişə danışıqlar masasına dəvət ediblər, masanın üzərinə isə danışıqlar prosesinə aid olmayan məsələlər gətirilib. Danışıqlar prosesi həm Köçəryanın, həm Sarksiyanın, həm də Paşinyanın dövründə açıq sabotaja çevrilib. Danışıqların gündəliyində əslində aidiyyəti olmayan məsələlər irəli sürülüb, danışıqların konstuktiv aparılması üçün imkan yaradılmayıb və çox zaman da danışıqlar prosesindən imtina ediblər.

- Hazırda Ermənistandakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Ermənistanda danışıqlar prosesi bitib, dalana dirənib deyə, danışıqlardan imtina etməyin zərurəti haqqında danışmağa başlayıblar. Bu cırtdan və oğru dövlət “Danışıqlar prosesi bizə lazımdır, yoxsa lazım deyil”,- sualına “lazım deyil”,- cavabı verərək faktiki danışıqlardan imtina edir. Onlar yaxşı bilirlər ki, xüsusi minnətçilər ortaya düşəcək. Ələlxüsus da, Rusiya və Fransanın Minsk Qrupundakı həmsədrləri onlarla dialoq quraraq danışıqlar prosesini bərpa etməyə çalışacaqlar.

- Azərbaycan hansı addımları atır və ya atmalıdır?

- Görünən odur ki, Azərbaycan nəticəsi olmayan danışıqlar prosesindən boğaza yığılıb. Yəni danışıqlar prosesində ortaya fundamental xarakter daşıyan və böyük sülh sazişinə apara biləcək sənəd qoyulmalıdır. Amma belə bir sənəd yoxdur. Hansı ki bu sənədin ortaya çıxmasında həmsədrlər əsas rol oynamalıdırlar, amma onlar bu missiyanı yerinə yetirə bilmirlər. Ona görə də, Azərbaycan nəticəsi bəlli olmayan danışıqlara getməyəcəyini bəyan edib. Başqa sözlə, əvvəlcədən Azərbaycan bir neçə şərt irəli sürməyi qərara alıb və bu, düzgün addımdır.

Birincisi, masanın üzərində hazır təkliflər paketi olacaq. Bu paketdə Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına alacaq hər hansı bir müddəa olmayacaq. Danışıqlar prosesi intensiv aparılacaq və nəticə əldə olunana qədər davam etdiriləcək. Azərbaycanın mövqeyi təxminən bundan ibarətdir. Başqa sözlə, Azərbaycan qəti sürətdə elan edir ki, Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hər hansı bir təklif danışıqların predmetinə daxil ola bilməz.

- Sizcə, Ermənistanda niyə indi müharibə ritorikası açıq-aşkar hiss edilir?

- Bəli, görünən budur ki, erməni tərəfi müharibə ritorikasına üstünlük verir. Ermənistanın Müdafiə naziri Tonayan, Qarabağın separatçı lideri və digərləri utanmadan yeni torpaqlar uğrunda mübarizə apardıqlarını ifadə edirlər. İndiki Goranboy rayonunun böyük bir hissəsinə iddia irəli sürürlər. Eləcə də Gəncə şəhərinə. Hesab edirəm ki, bunların hamısı əslində təxribatlardır. Azərbaycan xalqına və insanına psixoloji təsir edərək insanlarımızı ruhdan salmaq niyyəti güdülür. Bu, ermənilər tərəfindən işlənib hazırlanan xüsusi strategiyadır. Azərbaycan cəmiyyətində bu strategiyanın əsassızlığı haqda ciddi təbliğat işi aparılmalı və insanlarımız milli hədəflərə köklənməlidir. O hədəfələr ki Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə doğru aparır.

- İndi müşahidə olunan gərgin vəziyyətə xarici təsirlər, daha dəqiqi, Türkiyə və Rusiyanın təsirləri hansı həddədir?

- Hesab edirəm ki, son Türkiyə-Azərbaycan hərbi manevrlərindən, habelə türk ordusunun müəyyən hissəsinin Naxçıvanda qalmasından sonra Rusiya da açıq kartlarla oynamağa başlayıb. 102-ci ordu da Ermənistan tərəfindən çıxış edə bilər. Sürətlə Ermənistan və Rusiya hava hücumundan müdafiə təlimləri keçirir. “Qafqaz-2020” adı altında Rusiya MDB ölkələrinin iştirakı ilə təlimlərə başlayıb. Azərbaycan sonuncu təlimdə iştirak etmir. Hətta iş o yerə çatıb ki, cənab Vladimir Putin Naxçıvan haqqında “öz sahibinə qaytarılmalıdır”,- kimi məsuliyyətsiz və qızışdırıcı ifadələr işlədir.

Putin qeyd edir ki, “Pyotrun vəsiyyətləri qalıb və biz onu yerinə yetirməyə borcluyuq”. Əsl imperialist və böyük dövlətçilik şüuru ilə deyilən bu sözlər onu göstərir ki, Cənubi Qafqazda müharibə gözlənilir. Türkiyə də bu proseslərin içindədir, anlayır ki, Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı olacaq.

- Siz müharibə ehtimalını real sayırsınız?

- Deyərdim ki, Azərbaycanın işğal edilən ərazilərini qaytarması üçün hər cür imkanı var. Azərbaycan ordusu böyük ehtimalla payıza doğru Qarabağda antiterror əməliyyatlarına başlaya bilər. Rusiya müdaxilə edərsə, Türkiyə də prosesə daxil olacaq. Zənnimcə, Rusiyanın kiçik bir addımı Türkiyənin bu prosesə var gücü ilə müdaxiləsi ilə nəticələnər. Bununla da, Cənubi Qafqazda böyük müharibə başlaya bilər.

Amma mənim ümidim var ki, Rusiyanın vəziyyəti ağırdır, üstəlik, başı Belarusdakı proseslərə qarışıb. Eləcə də Suriya və Liviyada Türkiyə tərəfindən əzilib.

Bütün bunlarla yanaşı, Belarus məsələsində Qərb dövlətləri də möhkəm dayanıb. Rusiya da bu yaxınlarda Lukaşenkonu qəbul edərək ona səfeh məsləhətlər verdi. Qərb də o biri yandan hazırlıqlar görür.

Belarusa tətbiq ediləcək sanksiyalar məlumdur. Putin-Lukaşenko görüşündən sonra Qərb öldürücü sanksiyalar adı altında daha böyük embarqolara hazırlaşır. Bununla da, Rusiya sivil dünyadan tamamilə təcrid edilə bilər. İlk növbədə Rusiyanı beynəlxalq banklararası elektron əlaqələr sistemindən mərhum edə bilərlər. Bu isə Rusiyaya ciddi zərbə olardı.

Hər halda hazırda Dağlıq Qarabağ ətrafında formalaşan vəziyyətin qısa xülasəsi bundan ibarətdir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.