TÜRKİYƏ QLOBAL ENERJİ TİCARƏTİ MƏRKƏZİNƏ ÇEVRİLİR – Strateji Mersin limanının əhəmiyyəti daha da artır - TƏHLİL

28-09-2020, 10:52           
TÜRKİYƏ QLOBAL ENERJİ TİCARƏTİ MƏRKƏZİNƏ ÇEVRİLİR –
Ləvənt Yılmaz

“Yeni Şafak”, Türkiyə, 26 sentyabr 2020-ci il



Bir müddətdir ki, dünyanın iqtisadi ağırlıq mərkəzinin sürətli şəkildə Qərbdən Şərqə doğru hərəkət etdiyini nümunələrlə ifadə edərək yazıram. Bu ağırlıq mərkəzi bundan min il öncə Şərqdən Qərbə doğru dəyişmişdi. İndi isə əks proses cəmi 75 ildən də qısa bir müddət ərzində baş tutur və bu, “sistemli qırılma” deməkdir.

Türkiyənin ətrafında nələr baş verir?

Bəhs etdiyim bu “sistemli qırılma”nın ağırlıq mərkəzi Anadolu yarımadası oldu. Bunun, başda coğrafi mövqe olmaqla, çox sayda səbəbi vardır. Şərqlə Qərb arasındakı mübarizə meydanı da istər-istəməz Anadolu yarımadasının ətrafında formalaşmağa başlayıb. Türkiyənin xarici siyasəti tənqid edilərkən, bu durum mütləq nəzərə alınmalıdır.

Gözünüzün önünə Türkiyə xəritəsini gətirin. Şərqi Aralıq dənizi, Kipr adası, Livan, Suriya, İraq, İran, Ermənistan, Gürcüstan, Ukrayna, Qafqaz, Balkanlar, Əfqanıstan və Afrikada baş verən hadisələrə bir baxın. Bütün bu yerlərdə baş verən xaosun Türkiyəyə təsir etməməsi mümkündürmü? Və ya Türkiyənin bu baş verənlərə səssiz qalaraq öz qınına çəkilməsi mümkündürmü?

İqtisadi müharibə

Getdikcə daha da rəqəmsallaşan bir dünyada yaşayırıq. İqtisadiyyatlar getdikcə bir-birinə daha sıx inteqrasiya olunur. Beynəlxalq şirkətlər daha da böyüdüyü halda, kiçik və orta müəssisələrin ayaqda qalmağa çətinlik çəkdiklərini görürük. Enerji, sənaye və xidmət sektorlarında dəyişiklik başdöndürücü sürətlə davam etməkdədir. Əlbəttə, baş verən bütün bu dəyişikliklərin olduqca yaxşı tərəfləri vardır. Bunlar haqqında yazı yazmaq istəsək, səhifələrlə yazmalı olarıq. Digər tərəfdən, bütün bunlar özlərilə birlikdə olduqca ciddi risklər də daşıyır. Keçmiş dövrlərdə bir ölkənin qaynaqlarını ələ keçirmək üçün həmin ölkəni işğal etmək lazım gəlirdi. Bu gün isə həmin qaynaqlara bir şirkət vasitəsilə nəzarət etmək yetərli olur. Bu, həm daha az xərc tələb edən, həm də daha az əks-reaksiyaya səbəb olan yoldur. Məni xarici investor düşməni elan etməyin, ancaq bilin ki, tənzimləyici və nəzarət mexanizmlərini yaxşı işlədə bilməsəniz, xarici sərmayənin başınıza açacağı işləri təxmin belə edə bilməzsiniz. Məgər ABŞ Prezidenti Tramp demirdimi ki, “İqtisadi təhlükəsizlik, milli təhlükəsizlikdir”.

“Orta dəhliz” işləyir!

Biz Türkiyənin ətrafında baş verənlərlə maraqlanarkən, gözdən qaçırmamalı olduğumuz önəmli hadisələr də baş verir. Məsələn, ötən həftə dünyanın ən böyük konteyner operatorlarından biri olan “Maersk”, Türkiyə səfərlərinə ağırlıq verəcəyi haqqında qərar qəbul etdiyini və Mersindən müxtəlif marşurutlar üzrə səfərlərə başlayacağını elan etdi. Mersin limanı öz mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Beyrut limanının başına gələnlərdən sonra isə onun strateji əhəmiyyəti daha da artmışdır. Üstəlik, Türkiyənin Mersin limanının quru yolları ilə bağlantısının gücləndirilməsi limanı daha fərqli bir nöqtəyə gətirir. Bu durum eyni zamanda Çinin “Bir kəmər, bir yol” adını verdiyi layihənin “Orta dəhliz” qismi üçün də önəmli əhəmiyyət kəsb edir.

Hadisələrin bu yöndə inkişafına əlavə olaraq, Türkiyənin enerji sahəsində ticarət mərkəzi olma baxışını, qlobal tədarük zəncirlərində mövqeyinin güclənməsini və regionda sülhün təsis edilməsi üçün sərgilədiyi mövqeni də nəzərə alarsaq, ortaya çıxan gücü təxəyyül etmək daha asan ola bilər. Bu baxış bucağından baxılarsa, Türkiyəyə qarşı olan blokun və “Bizim dərdimiz Ərdoğandır” deyənlərin niyyətini oxumaq daha asan olar.

Tərcümə Strateq.az-ınıdır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.