DAK- dan açıqlama gəldi: "DAK bacararsa millətin malı olmalıdır!"

13-05-2015, 19:49           
DAK- dan açıqlama gəldi: "DAK bacararsa millətin malı olmalıdır!"
DAK mətbuat xidmətindən teref.aznun poçtuna bəyanat daxil olub. teref.az bu bəyanatı sizə təqdim edir!
DAK Mətbuat Xidmətinin Dünya Azərbaycanlıları Konqresinin XIII İstanbul Qurultayından sonra Əjdər Tağızadənin əsassız iddialarıyla bağlı DAK həmsədri Firudun Pərvizniyanın və Avropa- İsveç təmsilçisi Eldar Qaradağlının birgə açıqlaması haqda xüsusi buraxılışı...

"Güney Azərbaycan Milli Azadlıq Hərakatı fars şövinistlərinə və onun basqı qolu Tehran rejiminə qarşı mübarizə aparır. Güney Azərbaycanin dövlətçiliyi, Bütöv Azərbaycanın qurulması, Azərbaycan Milli Hərəkatının dəyişməz amacıdır. Sözsüz ki, bu yolda partiyaların, qurumların, milli aktvistlərin və milli aydınların böyük rolu vardır.
Artıq 21-ci yüzillikdə “Azərbaycan Türk Milləti” sömürülmüş toplum kimi yaşamaq istəmir. Bu fakt bütün millət qatmanlarında açıqcasına görünməkdədir. Güneydə, milli fəalların bağımsızlıq uğrunda canla-başla sınırsız zindan, işkəncə, sürgün və gizli edamlara yürüməsi, dünya çapında isə içərinin qopulmaz parçası olan milli-siyasi qurumların rasist rejimə qarşı yılmaz mücadiləsi bu gerçəyin danılmaz güzgüsüdür.
Fundamentalist farsçı İran İslam Cümhuriyyətinin başlıca qorxusu, Azərbaycan Türk Millətinin ayaqlanmasıdır. "2006 may ayaqlanması" kimi kütlə hərakatının sürəci Tehran rasizmi üçün kəskin çöküş kabusudur. Bu üzdən, rejim üçün ən gərəkənlərdən biri – ustası İngiltərə kimi- birlik pozma siyasətidir. Farsçı rejim, bu haqda ortada olan eqopsixologiya və fanatizm amilindən bacarı ilə yararlanmağa çalışır. Rasist rejim, Güney Azərbaycan bağımsızlığı uğrunda oluşan milli birliyi dağıtmaq üçün eqoizmə, ehtirasa, fanatizmə və cahilcəsinə qəhrəman obrazı sevdasına tutulan şəxslərdən istədiyi kimi yararlanır. Bu şəxslər, özləri də bilmədən düşmən sandığı farsçı rejimin işlək fiquruna çevrilir, rejimin ən dilədiyi oyunlara girərək türk millətinə kəskin zərbələr endirirlər. Tehran rejimi və sömürgəçi dövlətlərin işinə gələn belə şəxslərin ilk addımları Azərbaycan uğrunda dava arxadaşlarına daşlanmaqla başlayır. Şəxsi çıxarlarını milli çıxarlara üstün tutan belə "aktiv"lərin bitmək bilməyən qarayaxmaları və aşırı ittihamları az bir zaman içində İranın “İttilaat” orqanı tərəfindən geniş kompaniyaya çevrilir və Azərbaycan Milli Hərəkatına qarşı inanılmaz təxribat meydanı oluşdurur.
Son illərdə DAK-ı parçalamaq yolunda yeni“DAK” yaratma, Güney Azərbaycan Sürgün Parlamentinin (GASP) qarşısını almaq üçün yeni “Güney Azərbaycan Sürgün Parlamenti”(GASP) yaratma cəhdlərinin “İttilaat” tərəfindən alqışlanması bu gerçəyi daha aydın göstərir.
Son günlərdə İstanbulda DAK-ın 13-cü qurultayı keçirildi. 18-19 aprel 2015 günlərində keçirilən qurultay haqqında olumlu-olumsuz baxışların açıq-aydın mediyaya çıxması çox sevindiricidir. DAK-dan haqlı tənqidləri qurumun məsulları can və könüllə qəbul etməlidirlər. Doğrusu, DAK-da sürən çoxlu prinsipial və ilkəsəl sorunlar var. DAK-ın qurumsal, struktur, maliyyə və stratejik sorunları var. Bunu görmədən keçmək olmaz. DAK-ın Güneylə bağlı böyük fürsətlər qaçırmasına göz yummaq olmaz! DAK-ın güclü və aparıcı qurum olmasıyla bağlı hər hansı demokratik tənbeh, sunulan yol xəritəsi, DAK İdarə Heyəti tərəfindən sevə-sevə qarşılanmalı və ciddi şəkildə öyrənilməlidir. Ancaq, təxribat və dağıdıcı amaclı çıxışlarla Tehran rejiminin yoluna su səpənlərin hesabı bam-başqadır. Kimsədən asılı olmayaraq Azərbaycan Milli Hərakatı, çirkablı hədəflərdən uzaq tutulmalıdır. Bu qutsal dava, siyasal əxlaqdan yoxsun davranışlardan arıtlanmalıdır. Güneyli-Quzeyli Azərbaycan türkü öz demokratik ruhu ilə bilimsəlləşmə uğrunda çeşidli gericiliklərlə mücadilə etməlidir. Artıq, keçəri duyğu oyandıran əl-qol uzatmaqla, səs tonajıyla deyil, milli tərbiyə, siyasal kültürlə bilimsəl göstəriş zamanıdır!
300 insanın gözü önündə üyəlik mandatını divana verərək, “Sabir bəy! Bu gündən sonra mənim DAK-da heç bir fəaliyyətim yoxdur!”deyib “DAK İdarə Heyətinə” düşməyən şəxsin “DAK Daimi Şura” sədri adına yenidən mediada çıxış etməsinin hansı siyasi əxlağa sığması böyük soru işarəti olmalıdır! DAK-ın Güneydən uzaqlaşmasında, Güneylilərdən boşalmasında (Son qurultayda 7 Güneyli DAK İH-nə seçildi.) başlıca suçlu rol sahibi olan şəxsin DAK-dan uzaqlaşması atalarımızın “İtirən tapandan çox sevinər!” sözünü canlandırır!
DAK kimsənin dədə malı deyildir. DAK bacararsa millətin malı olmalıdır! 50 milyonluq bir milli amacın sürəc aracı olmalıdır! DAK zaman içində güclü, vaxtaşırı isə gücsüz duruma düşə bilər. Stratejisinə hizmət edən şəxsləri içinə alar və zaman sürəcində dəyişər. Siyasal əxlaq və kültür əsasında yönətim qəbul edər və həmin tərzilə işdən azad edər. Yönətim dəyişiminə gedərkən güclənər və ya əsk duruma düşər. Ancaq, namərdcəsinə içdən parçalanmağı haq etməz! Bu günədək bunu bacarmış, bundan sonra da bacarmasını umarıq!"
DAK Həmsədri Firudin Pərvizniya- Almaniya
DAK Avrupa təmsilçisi Eldar Qaradağlı- İsveç
2015-05-12

DAK Mətbuat Xidməti












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.