MHP koalisiya şərtlərini rəsmən açıqladı: Çox sərt!

10-07-2015, 16:32           
MHP koalisiya şərtlərini rəsmən açıqladı: Çox sərt!
“Kürd vətəndaşlarımız bizim əmanətimiz və qardaşlarımızdır”, deyən MHP Rəcəb Tayiib Ərdoğan və CHP rəhbərliyinə sərt mesajlar da göndərdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-da hökumət qurulması üçün baş nazir Ahmet Davutoğluna səlahiyyət verdikdən sonra Milliyətçi Hərəkat Partiyası koalisiya hökuməti ilə bağlı şərtlərini açıqlayıb. MHP-nin bu haqda yazılı açıqlamasında bildirilir ki, partiyasının AKP ilə koalisiyaya girməsi üçün PKK terror təşkilatı ləğv edilməli, AKP-nin yürütdüyü gizli sövdələşmələr haqqında xalqa bilgi verilməli, terror qruplaşmasına verilən vədlər açıqlanmalıdır. Bundan başqa rüşvət və korrupsiya əməliyyatları davam etdirilməli, prezident başda olmaqla Türkiyənin idari və siyasi məsuliyyətini daşıyan şəxslər Ana Yasa cizgilərini aşmamalıdır.

MHP təkrar seçkinin deyil, koalisiya hökuməti qurulmasının tərəfdarı olduğunu vurğulayır: “7 iyun seçkisindən sonra yaranan boşluqda Türkiyənin əsas məsələlərini çözməyi hədəfləyən bir koalisiya yaradılmasına ciddi ehtiyac var. Böhran və xaoslara görə, eləcə də tarix qarşısında hər kəs məsuliyyətini dərk etməlidir. Ölkəmizin bugünkü durumdan çıxarılması üçün məsuliyyət hissi keçirənlərin əlbirliyi ilə hərəkət etməsi reallıqla yanaşı, həm də məcburiyyətdir. Rəsmi koalisiya danışıqları başlamadan Milliyətçi Hərəkat Partiyasına qarşı işə salınan qara piar kampaniyası məqsədinə çatmayacaq. Çünki bu sürəcdə MHP heç bir gizli danışıqlarda, sövdələşmələrdə tərəf olmayıb. Özəlliklə bildiririk ki, Türkiyə Böyük Millət Məclisi sədri seçkisində MHP-yə qarşı səslənən iradların heç bir əsası yoxdur. MHP doğru qərar verib və bu gün də həmin qərarının arxasındadır”.

MHP-nin açıqlamasında bir daha bildirilir ki, PKK terror təşkilatının siyasi qanadı sayılan HDP-nin təmsil olunacağı hər hansı birlikdə təmsil olunmamaq qərarı dəyişməzdir: “AKP-HDP, AKP-CHP, bu da olmasa AKP-CHP-HDP koalisyonu mümkün variantlardır. MHP isə heysiyyətli dik duruşu ilə ana müxalifət partiyası olmaq görəvini üzərinə götürməyə hazırdır. 7 iyun seçkisindən çıxan əsas sonuc budur. Siyasi partiyalar bu mesajı anladıqları kimi həyata da keçirməlidirlər. Əgər xalqın iradəsini kənara qoysa, qaçaq və qaranlıq saraylarda öz iqbalını və kürsüsünü təminat altına almaq üçün çabalayan prezident Rəcəb Tayyib Ərdoğan da məsuliyyətdən yaxa qurtara bilməyəcək. Bizi qanlı terror qruplaşması PKK-nın qolu olan HDP ilə yan-yana gətirməyi planlaşdıranların hesabları da nə milli, nə də tarixi dəyərlərimizə uyğun deyil. HDP-ni yox saymağımızdan narahat olan və hiddətlənən çevrələrin PKK-nın niyyət və hədəflərinə dəstək verdiklərini, bölücülüyü leqallaşdırmaq istədiklərini millətimizə bəyan etmək istəyirik. MHP-ni buna görə məsuliyyət altına salmaq cəhdləri əxlaq, şəxsiyyət və kök problemi yaşayanların zehniyyətindən irəli gəlir”.

Bu açıqlamadan sonra MHP 4 bəndlik tələbini bir daha bəyan edir:

“1. PKK terror qruplaşması özünü buraxmalı, hörgütçülər silahları ilə birlikdə təhlükəsizlik güclərinə təslim olmalıdırlar. Təslim olan terrorçular qanunla mühakimə edilməlidir. HDP terrorla arasında məsafə qoyduğunu sözdə deyil, reallıqda sübut etməlidir. HDP Ana Yasanın millətin və dövlətin bütünlüyü prinsipinə əməl etdiyini əməldə göstərməlidir. Bunlar gerçəkləşdikdən sonra HDP-nin siyasi həyatda bərabərhüquqlu təmsilçiliyinə MHP-nin heç bir iradı olmayacaqdır.

2. AKP iqtidarı dönəmində qazanılan demokratik ənənələr davam etdirilməlidir. Bununla yanaşı vətəndaş hüquq və azadlıqlarını əngəlləyən problemlər aradan qaldırılmalı, hüquq dövlətinin inkişafına çalışılmalıdır. AKP iqtidarı keçmişi ilə üzləşməkdən qorxmamalıdır, ədalət və əxlaq ölçüləri öncəki səviyyəyə yüksəldilməlidir. AKP Oslodan İmralıya qədər uzanan PKK danışıqlarının detallarını millətə açmalıdır. AKP-nin gizli apardığı bütün bazarlıqlar bu dövlətin tək sahibi olan millət üçün şəffaf olmalıdır. Türkiyənin ərazi bütövlüyünü və milli birliyini təhdid altına alan bütün danışıqlar dərhal dayandırılmalıdır.

3. Türkiyənin sabitliyi və sükunəti etnik və məzhəb ayrımları siyasi qərarlar onları bıçaq kimi kəsdikdən sonra mümkündür. Toplumu parçalayan bölücülük faktorlarının aradan qaldırılması şərtdir. Türk milli kimliyi Türkiyənin birlik və rifahı üçün birlik və bərabərlik çətiridir. Heç kim bizi millətimizin tərtəmiz və şərəfli mənsubları olan kürd kökənli qardaşlarımızla qarşı-qarşıya gətirib aramızda divar hörə bilməyəcəkdir. Kürd qardaşlarımız türk millətinin yeri dolmayacaq dəyər və əmanətidir. Etnik bölücülük bataqlığında çırpınanların kənara çəkilməsi, təsirsiz hala gətirilməsi qardaşlığımız üzərində dolaşan kabus buludlarının da dağıdacaqdır.

4. Millət və dövlət həyatını çox ağır şəkildə şübhə altına alan rüşvət və korrupsiya ittihamları qanun çərçivəsində araşdırılmalı və xalqa bu haqda bilgi verilməlidir. Millətin və dövlətin vicdanı ədalət məhkəməsi bu haqda ədalətli qərar verəndən sonra rahatlayacaqdır. Vəzifəsindən asılı olmayaraq hər kəs qanunlara əməl etməli, milli dəyərimiz olan halal-haram ayrımını mənəvi dəyər olaraq dərk etməlidir. Heç bir dövlət və hökumət görəvlisi Ana Yasanın vermədiyi səlahiyyətlərdən yararlana bilməz. Prezident başda olmaqla Türkiyənin siyasi məsuliyyətini daşıyan hər bir şəxs konstitusiyanın cızdığı sərhədlər çərçivəsində hərəkət etmək məcburiyyətindədir. Türk millətinin seçilmiş krallara, seçki qutusundan çıxsa da bunu yanlış yorumlayıb avtoritarizmə, diktaturaya çəkən qanun tanımazlara layiqli cavab verəcəyinə şübhə olmamalıdır.

Milliyətçi Hərəkat Partiyası bu 4 şərti qəbul edən siyasi partiya ilə koalisiyada təmsil olunmağa hazırdır. Biz Türkiyənin siyasi sabitliyinin pozulmaması üçün üzərimizə düşən vəzifəni və məsuliyyəti dərk edirik, digər siyasi partiyaları da demokratiya tələblərinə uyğun şəffaf dialoqa dəvət edirik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.