Türkiyədə nə baş verir? – İŞİD davasının pərdəarxası

27-07-2015, 10:44           
Türkiyədə nə baş verir? – İŞİD davasının pərdəarxası
“Türkiyə ətrafında baş verən son proseslər göstərir ki, artıq İŞİD və PKK sponsorları bu ekstremist qruplaşma arasındakı toqquşmaları Türkiyə məkanına keçirməyə çalışırlar. Yəni, toqquşmaları Suriya və İraqdan Türkiyəyə keçirməklə yaranmış vəziyyətdən ona qarşı istifadə etsinlər”.

Bu fikirləri AzVision.az-a politoloq Ərəstun Oruclu söyləyib.

Politoloqun sözlərinə görə, son terror olayları və onun arxasında baş verən hadisələr sübut edir ki, bu həmin siyasətin ana xəttidir və artıq işə salınıb: “Bu situasiyada Türkiyənin ölkədən kənardakı terror ocaqlarını söndürməkdən başqa yolu yoxdur. Çünki, həmin ocaqlardan terror aleti Türkiyənin daxilinə sirayət edir. Hələlik Türkiyə hava zərbələri ilə kifayətlənir. Amma, istisna etmirəm ki, bu zərbələr effekt verməsə, Türkiyə İŞİD-ə qarşı məhdud quru əməliyyatları da keçirə bilər”.

Ə. Oruclu hesab edir ki, hazırkı zamanda Türkiyənin terror ocaqlarını söndürməkdən başqa seçimi yoxdur: “Çünki, terror sponsorları Türkiyəni faktiki olaraq ərəbləşdirmə prosesinə başlamaq istəyirlər. Yəni, ərəb ölkələrində baş verən prosesləri, həmin mənzərəni Türkiyənin daxilinə yeritmək istəyirlər. Türkiyə belə “sərvət”i özünə rəva görə bilməz. Ona görə də artıq bu mesajı verməkdədir.

Hesab etmirəm ki, İŞİD və PKK sponsorları fərqlidir. Hər iki terror təşkilatının eyni zamanda Türkiyəyə qarşı fəaliyyətə keçməsi fikirlərimi təsdiq edir. İŞİD-in PKK-ya qarşı etdiyi terror aktlarının cavabını PKK Türkiyəyə yönəltməsi göstərir ki, eyni oyunun elementlərdir”, - deyə politoloq əlavə edib.

Ə. Oruclunun fikrincə, Türkiyədə baş verən hadisələrin zamanı təsadüfi seçilməyib: “Proseslər Türkiyədə hakimiyyət böhranını getdiyi bir dövrdə baş verir. Çünki, Türkiyədə parlament seçkilərindən sonra təkrar seçki ehtiyacı reallaşmağa başladı. Onlar da məhz Türkiyəyə zərbə vurmaq üçün bu məqamı seçdilər. İndiki dövrdə Türkiyədə təkrar seçki böhranlı vəziyyəti bir qədər də dərinləşdirə bilər. Hesab edirəm ki, Türkiyənin bu böhrandan çıxış yolu, müqəddəratı koalision hökumətin qurulmasından asılıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.