Biz bu millətə ziyalı yetişdirən Hacı Zeynalabidin Tağıyevə nisyə ət verməyən insanlarıq.

11-07-2015, 20:44           
Biz bu millətə ziyalı yetişdirən Hacı Zeynalabidin Tağıyevə nisyə ət verməyən insanlarıq.
Ziyalılar haradadır? Ziyalılar hara baxır? Ziyalılar niyə susur? Narazı olduğumuz anlarda ilk axtardığımız insanlar ziyalılardır. Elə millət olaraq öyündükdə də “biz ziyalı yetişdirən millətin nümayəndələriyik” deyirik. Gəl gör ki, əsrlərdən bəri ziyalılar yetişdirən bir millətöz ziyalısının qurban edilməsinə də səsini çıxarmayıb. İnciməməyiniz üçün tarixdən bir neçə misalla başlayaq söhbətimizə ki, sonra ucuz vətənpərvərlik damarının qurbanı olmayaq.

Əfzələddin Xaqani Şirvanini tanımayanınız varmı? Onu kim tanımaz ki… Bu millətin yetişdirdiyi görkəmli ziyalılarımızdan biridir. Təəssüf ki, belə bir ziyalı əllər üstündə dəvət olunduğu sarayda zindanlara atıldı. Nə üçün? Ondan keyfiyyət baxımından aşağı olanların qısqanclığı üzündən. Və Nizamidən öncə yaşayan ən böyük şairimiz zindandan çıxar-çıxmaz dərbədər olur…

Nizami nə üçün saraylara getmirdi? Əsrin ən böyük şairi olasan, bütün böyük sifarişlərini sultanlardan-padşahlardan alasan, ancaq saraya ayaq basmayıb, Gəncədə bir komada yaşayasan. Bilirdi ki, hansı saraya ayaq bassa, paxıllar əvvəl-axır ya dar ağacına, ya da zindana göndərtdirəcəklər. “Dinc qulağım, ağrımaz başım” deyib, saraylar üçün əsərlər yazsa da, Gəncədən çıxmadı…

Ya Fəzlullah Nəimi? Ondan cəsarətli ziyalımı tapacaqsınız? Aqibəti dörd yerə şaqqalanmaq oldu. Düşüncələri ağır gəldi… Onu satanlar Səmərqənddən gəlməmişdilər. Özümüz satdıq o böyük dahini… Onun Əlincə qalasında edam olunmasında Miranşah qədər, Əmir Teymurun qulağına Nəimi barədə yalanları pıçıldayanlar da günahkardırlar.

Nəimidən danışıb, Nəsimini unutmaq olarmı? Bir millətin Nəsimilər yetişdirməsi üçün əsrlər, qərinələr lazımdır. Ancaq biz öz Nəsimimizi öncə dərbədər etdik, sonra dabanından soyulmasına könlümüz razı oldu… Bir millətin ziyalısı dabanından soyulur, o da səssiz-səmirsiz, bəlkə də qəlbində etiraz etsə də, səsini çıxarmırsa, o millətə ziyalı yaraşmır.

Bəs Füzuli? Əsrlərdən bəri qəzəlləri ilə öyündüyümüz, üstündə “mənim şairimdir” deyə, mübahisə etdiyimiz Füzuliyə hansımız sahib çıxdıq? Salamını rüşvət deyil deyə, almadığımız şair dərdindən dağa çıxdı, “bəxtəvər yaylağa çıxdı” dedik…

Məhsəti Gəncəvisindən Xurşudbanu Natəvanına bir ovuc qadın şairəmiz oldu, müasirlərinin onlar haqqında yazdıqlarına baxsan, şərab məclisindən çıxmayan, bütün günü əylənən qadınlarmış… O zaman o möhtəşəm əsərləri kim yazdı? Cavab yox!..

Bəyəm sabun sataraq dolanan Mirzə Ələkbər Sabir sadəcə üzü qara ciyərindənmi şikayət edirdi, yoxsa onu ac saxlayan qara üzlülərdənmi:
Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edərdim edəcəkdir ona çarə ciyərim;
Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən
Başladı şişməyə indi üzü qarə ciyərim.

Sabirin ciyəri aclıqdan şişdi. O böyük şair ac qaldı. Sahib çıxmağa çalışan bir Həmidə xanım oldu. Soyuqdan donmamaq üçün əlyazmalarını oda ataraq, yandıran Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı…

Nə qədər acı deyilmi? Bu bizim tariximiz, bu bizim ziyalıya verilən önəmimizdir… Ziyalı kiməsə yaltaqlanırsa, ziyası gedir, nurunu əldən verməmək üçün ayaqda qalması lazımdır. O zaman da acından qara ciyəri şişir, ya da əlyazmaları bitəndən sonra donub, ölür…

Biz bu millətə ziyalı yetişdirən Hacı Zeynalabidin Tağıyevə nisyə ət verməyən insanlarıq. Nə qədər utansaq, yerin dibinə batsaq, yeri var…

Deyək ki, insanımız ziyalıların qədrini bilmədi… Bəs zər qədrini zərgər bildiyi halda, niyə digər ziyalılarımız batan qardaşlarına əl uzatmadılar? Heç düşündünüzmü?

Guya indi fərqliyik? Çoxmu dəyişmişik? İndi bir ziyalıya söz deyəndə, digərləri onun önündə sipərmi olur? Min əsr öncə necəydiksə, elə də qalırıq. Sevinməyin…

Bu sətirləri yazmaq mənim həddim deyildi, ancaq birinin “kral çılpaqdır” deməsi lazımdır…

Bəxtiyar Vahabzadə, Anar, Elçin bu ölkədə üç-beş şortikli gənc tərəfindən təhqirlərə məruz qalanda onlara cavab Sabir Rüstəmxanlıdan gəlmişdi. “Millətin əsəb nöqtəsiylə oynamayın” deyərək, bu millətin ziyalılarına arxa çıxmış, qarğa-quzğun dəstəsinin onun üzərinə gələcəyini bilə-bilə mövqeyini gizlətməmişdi. Susmamışdı…

İndi onun özü hədəfdədir. Millətinin “Ömür kitabı”nı, “Cavad Xanı”nı yazan Sabir Rüstəmxanlıdan söhbət gedir. Siyasətçi, diasporaçı, nə bilim partiya sədrindən deyil, acından ölməmək üçün şeirlərini satan Məhəmməd Hadini “Şair və Şər” kitabı ilə bir daha gündəmə gətirən şair Sabirdir hədəfdə… Kim tərəfindən? Sabirin kitabının bir vərəqi ağırlığında çəkisi olmayan, bir misra qədər dəyərsiz, ulduzlara hürən biriləri tərəfindən… Baxırsan, yenə ziyalılar susqun… Sabir Rüstəmxanlının ətrafındakı ziyalı ordusundan səs yox… Yəni, biriləri gəlib, küçənin ortasında baş kəssə, bunların tükü tərpənməyəcək… O topdağıtmaz Yazıçılar Birliyindəki yazarlar niyə susqundurlar? Hamısı “məndən ötdü” prinsipi ilə yaşayırsa, harda qaldı ziyalılıq? Bu millətin aydını digər aydına atılan çirkablara niyə göz yumur?

Və nə qədər ziyalılar susacaqlar, ayaqlar baş olmağa, beş qəpiklik insanlar cəmiyyətin əsəb nöqtələrinə çamur atmağa davam edəcəklər… O zaman ortada Azərbaycan ziyalısı qalmayacaq… Min illik bir ənənə davam edəcək… Halbuki ziyalıların bu gedişi dayandırmağa imkanı var…

“Sən bu millətin ziyalısını təhqir edə bilməzsən” deyə, üç inqilabı da xəyanətə qurban gedən Güneydən gəlir-gəlməz DTK-nı özünə məskən bilmiş birisinin ağzının üstündən vura bilər… Bunu barmaqla sayılacaq qədər az qalan ziyalımız etməlidir ki, bir daha kimsə həddini aşmasın… Bunu onlara Aqil deməməlidir…

Ziyalı millətiksə, öncə ziyalılar, sonra millət öz aydınına sahib çıxmalıdır. Öz ziyalısını acından ölməmək üçün sabun satmağa göndərməməlidir…

Aqil ƏLƏSGƏR












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.