Manat təhlükəsi - hökumət bu ili yola verməyə çalışsa da...

6-08-2015, 10:48           
Manat təhlükəsi - hökumət bu ili yola verməyə çalışsa da...
Ekspertlər bildirirlər ki, son bir ayda olan vəziyyət manatın əleyhinə işləyir, milli valyuta üçün ciddi təhlükə var...

Manatın ucuzlaşacağı barədə ehtimallar yenidən güclənməkdədir. Ekspertlər bildirirlər ki, tezliklə növbəti devalvasiyanı gözləmək daha məntiqlidir. Ekspert Vüqar Bayramovun sözlərinə görə, bu həftənin ilk üç günündə manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə aşağı düşüb: “Belə ki, əgər Mərkəz Bank dolların manata kursunu avqustun 3-də 1,0493 müəyyənləşdirmişdirsə növbəti günlərdə rəsmi məzənnə 1,0495 və 1,0499 oldu.

Amma manatın dollara nisbətən zəifləməsi heç də son günlər neftin qiymətinin aşağı düşməsi deyil, avronun dünya bazarında mövqelərinin sarsılması ilə bağlıdır.

Belə ki, valyuta səbətində avronun payının artması köhnə qitə pulunun kursunun manata təsir etməsinə səbəb olur. Dollara nisbətən zəifləyən avro manatla müqayisədə də dəyər itirib. Son üç gündə dollara nisbətən dəyər itirən manat avroya münasibətdə güclənib. Belə ki, avqustun 3-də 1 avro almaq üçün 1,1524 manat ödəmək lazım idisə, növbəti günlərdə uyğun olaraq rəsmi məzənnə 1,1482 və 1,405 oldu.

Buna görə də manatın məzənnəsinin son günlərdəki azalmasını neftin dünya bazar qiymətinin dəyişməsi ilə əlaqələndirməməlidir. Təbii ki, neftin dünya bazar qiyməti ölkəmiz üçün vacibdir. Ancaq onun monetar təsirləri çox qısa deyil, orta müddətli dövrdə özünü göstərir. O baxımdan da əgər yaxın günlərdə avronun məzənnəsi dollara nisbətən möhkəmlənərsə, o zaman milli valyutamız da ABŞ pulu qarşısında dəyər qazanacaq. Avronun zəifləməsi davam etdiyi halda isə dollar yenidən Azərbaycan bazarında nisbi möhkəmlənəcək. Avrozonadakı mövcud durum isə heç də Avropa pulu üçün nikbinlik vəd etmir”.

Ekspert Samir Əliyev qeyd edib ki, Azərbaycanda yenidən devalvasiya ola bilər: “Ümumiyyətlə, devalvasiya məsələsi gündəmdən çıxmayıb, bu gün də real olaraq qalır”.
Onun sözlərinə görə, devalvasiyanın nə zaman olacağını dəqiq demək bir qədər çətindir: “Azərbaycan manatı iki amildən asılıdır. Bunlardan biri neftdir. Ötən gün neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Halbuki bir ay öncə neftin qiyməti 60 dollardan yuxarı idi. Neft ucuzlaşdıqca, manata təzyiq artır.

Son bir ayda olan vəziyyət manatın əleyhinə işləyir. Mart ayından başlayaraq iyula kimi neftin qiyməti 60-70 dollar arasında dəyişirdi. Bu, manat üçün haradasa sabitlik təmin edirdi. Manat üçün narahatlıq doğuran ikinci amil kapital axınıdır. Rusiya, Türkiyə, Yunanıstan kimi ölkələrdə daşınmaz əmlakın ucuzlaşması səbəbindən insanlar pullarını bu ölkələrə yönəldirlər və orada daşınmaz əmlak alırlar. Bu vasitə ilə kapital ölkədən çıxır, bir də biznesmenlər yoxlamaların fonunda öz kapitalını ölkədən çıxarırlar. Odur ki, ölkənin valyuta ehtiyatında azalma hiss olunur. Bu baxımdan neftin qiymətinin ucuzlaşması və kapital axını milli valyuta üçün əsas təhlükədir".

S.Əliyev aznew.az-a açıqlamasında qeyd edib ki, dövlət ilin sonuna kimi ikinci devalvasiyanın olmaması üçün çalışır: “Kapital axını və neftin qiyməti ucuzlaşmaqda davam edərsə, devalvasiyaya gedilə bilər. Vəziyyət çətinləşərsə, yumşaq devalvasiya baş tutacaq. Vəziyyət lap pisləşərsə, kəskin devalvasiya gedə bilər. Hansı ki, biz fevral ayında bunun şahidi olduq.

Əgər kəskin devalvasiya olarsa, bu, 15-20 faiz gözlənilir. Kapital axını və neftin qiyməti manatın əleyhinə işləməzsə, manat ilin sonuna kimi indiki səviyyədə qalacaq. Əgər sadalanan amillərdən biri güclənərsə, bu halda hökumət devalvasiyaya getmək məcburiyyətində qalacaq”. Qeyd edək ki, əksər ekspertlər ilin sonuna 15 faizədək devalvasiya proqnozlaşdırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.