Samir Şərifovdan “qara” proqnozlar

18-09-2015, 21:07           
Samir Şərifovdan “qara” proqnozlar
Məhəmməd Talıblı: «Böhran büdcəsinin nəticələrini hamı öz həyatında hiss edəcək»
Hazırda mətbuatda aparılan gələn ilin büdcə müzakirələrinə hakimiyyət təmsilçilərinin açıqlamaları maraqlı rəng qatır. Bu açıqlamalar bir daha sübut edir ki, hakimiyyət üzləşdiyi iqtisadi problemlərdən çıxmaq yollarını tam bilmir. “Neftin ucuzlaşması və geosiyasi gərginlik Azərbaycanın beynəlxalq kredit reytinqinin aşağı salınmasına səbəb ola bilər”. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“Beynəlxalq reytinq aşağı düşür”
S.Şərifov bildirib ki, bu, bir ehtimaldır və hər şeyi gələcəkdə cərəyan edən proseslər göstərəcək: “Neftin ucuzlaşmasına baxmayaraq, dünyanın üç aparıcı beynəlxalq reytinq agentliyi olan ”Standard&Poor’s”, “Fitch” və “Moody’s” Azərbaycanın beynəlxalq kredit reytinqini əvvəlki, yəni “B-” səviyyəsində saxlayıb. Bildiyiniz kimi, bu üç agentlik öz reytinqlərini tam müstəqil qaydada tərtib edir. Nəzərinizə çatdırım ki, reytinq tərtib olunarkən neftin ucuzlaşması ilə yanaşı, hökumətin atdığı addımlar da nəzərə alınır. Enerji daşıyıcılarının ucuzlaşmasına baxmayaraq, bizim hökumət zəruri tədbirlər görüb ki, bu amil bizim beynəlxalq kredit reytinqimizin qorunmasına səbəb olub. Lakin danılmaz faktdır ki, neft ucuzlaşır və təbii olaraq bu hal bizim gəlirlərimizə təsir edir. Bununla yanaşı, geosiyasi gərginlik müşahidə olunmaqdadır ki, bu iki amil bizim reytinqimizə mənfi təsir edə biləcək amildir”.
“Neftin qiyməti 40 dollardan götürülüb”
Hökumət bundan başqa büdcənin gəlirlərinin formalaşması istiqamətində neftin qiymətinin 40 dollara düşməsi üzrə də ssenari hazırlayıbmış.
S.Şərifov bildirib ki, 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini 50 dollar nəzərdə tutmuşuq. Lakin dövlət büdcəsinin, eyni zamanda icmal büdcənin, yəni Neft Fondunun gəlirlərinin formalaşması üçün digər ssenariləri də nəzərdən keçirmişik. 50 dollarlıq ssenari bizim hazırladığımız varianta baza ssenarisi kimi qəbul edilir. Eyni zamanda, biz pessimist bir variant da hazırlamışıq. Bu, neftin qiymətinin 40 dollara düşməsi ssenarisidir. Digər ssenari optimist ssenaridir ki, bu ssenaridə neftin qiyməti 60 dollar götürülüb”.
Samir Şərifov qeyd edib ki, neftin qiymətinə dair müxtəlif proqnozlar var: “Beynəlxalq qrumların, müəyyən bankların proqnozları var. Bunu da nəzərə almaq lazımdır ki, bu bankların proqnozları öz kommersiya maraqlarına uyğun ola bilər. Çünki onlar birjaların oyunçulardır. Lakin biz 40, 50 və 60 dollarlıq variantlara hazırıq və bunun üçün büdcədə çevik hərəkətlər ediləcəkdir. 40, 50, 60 dollarlıq ssenarilər Dövlət Neft Fondunun gəlirlərinə təsir edir. 60 dollarlıq ssenari reallaşdığı təqdirdə valyuta ehtiyatlarımız artacaq. 40 dollarlıq ssenari bizim üçün pisdir. Bu halda valyuta ehtiyatlarımız azalacaq”.
“Büdcə 2 milyard az icra olunacaq”
S.Şərifovun daha bir maraqlı açıqlaması 2015-ci ilin dövlət büdcəsinin yerinə yetirilməsi ilə bağlı olub. 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19,4 milyard manat məbləğində nəzərdə tutulsa da, ilin sonuna bu rəqəm 17 milyard manat olacaq. S.Şərifovun sözlərinə görə, büdcə xərclərinin 21,1 milyard manat olması planlaşdırılsa da, bu rəqəm 17,8 milyard manat təşkil edəcək. Nazir qeyd edib ki, azalmaya baxmayaraq sosial məsələlər, mühüm dövlət proqramları tam şəkildə maliyyələşdirilir.
“Yalnız köhnə layihələrə pul ayrılır”
Nazir 2016-cı ilin dövlət büdcəsində ixtisar ediləcək xərcləri də açıqlayıb. Onun sözlərinə görə, əsasən investisiya xərcləri azaldılıb: “Yalnız o investisiya layihələri həyata keçiriləcək ki, onların icrasına artıq başlanılıb və tamamlanmalıdır. Lazımsız xərclərə yol vermirik. Daha səmərəli xərclərə keçilməsinə diqqət artırılıb. Bu istiqamətdə xərclər 1 milyard manat azaldılıb. Dövlət borcuna xidmətlə bağlı xərclər artacaq. Çünki bəzi kredit müqavilələrinin vaxtı başa çatır. Onu da qeyd edim ki, bu ilin fevral ayında manatın ucuzlaşmasından sonra xarici borclar manatla ifadədə artıb”.
“Hökumətin etirafları və çıxış yolu yoxdur”
S.Şərifovun açıqlamasında diqqət çəkən bir neçə məqamı təhlil etməyə çalışaq. Birinci mühüm məqam odur ki, rəsmi şəxs səviyyəsində elan olunur ki, 2015-ci ilin büdcəsi 2 milyard kəsirlə icra olunacaq. Bu nəyin görsənişidir? Ikinci və daha bir mühüm məqam isə odur ki, Azərbaycanın beynəlxalq reytinqinin aşağı düşdüyü etiraf edilir. Reytinqin aşağı düşməsi hansı anlama gəlir?
Daha bir məqam investisiya xərclərində edilən dəyişiklikdir. Gələn il yalnız başlanmış layihələrə pul ayrılmasıdır. Hökumət yeni layihələrə start verməyəcək.
Və ən nəhayət, son diqqət çəkən məqam növbəti ilin büdcəsində dövlət borclarının geri qaytarılması ilə bağlı məqamdır.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, ilin sonuna büdcə kəsrinin nəzərdə tutulandan da artıq olması gözlənilən idi: “Bunu hesablamaq və neftin qiymətinin aşağı düşməsi fonunda proqnozlaşdırmaq çətin deyildi. Çünki, yarımillik büdcəyə transfertin səviyyəsi və bundan sonrakı ödəmələrin böyük olacağı bunu deməyə imkan verirdi. Buradan çıxardığımız bir neçə nəticə var: Birincisi, ötən ildə Neft Fondu və büdcə arasındakı bu münasibət fondsuz büdcənin nəyə qadir olmasını aydın şəkildə ifadə etdi. Neft Fondu dövlət büdcəsinin ”təhlükəsizlik yastığı” olaraq postneft dövrünə dözə bilməyəcək. Ikincisi, əvvəlki illərdə böyük həcmli populist xarakterli investisiya layihələri həyata keçirən hökumət həmin xərcləri problemə düçar edib. Ötən illərdə böyük neft kanallarından gələn pullarının büdcə vasitəsilə xərclənməsindən nə qədər sevinirdilərsə, neftsiz büdcə gəlirlərinin azalmasına da bir o qədər kədərlənəcəklər. Demək, yaxın keçmişdə tikinti-təmir istiqamətinə bu qədər vəsaitlər xərcləmiş hökumət keyfiyyətli fiskal siyasət həyata keçirə bilməyib”.
M.Talıblı bildirdi ki, üçüncü nəticə odur ki, hələ hasilatın azalmadığı, sadəcə neftin büdcədə nəzərdə tutulduğundan aşağı səviyyədə satışından dövlət büdcəsinin buna müqaviməti belə sındısa, görün hasilatın zəif olacağı təqdirdə, dövlət büdcəsində hansı fiskal risklər yarana bilər: “Deməli, neft hasilatının aşağı düşəcəyi təqdirdə dövlət büdcəsi bu pressinqə dözə bilməyəcək. Bu isə o deməkdir ki, neftsiz büdcə gəlirlərimiz acınacaqlı vəziyyətdə olacaq”.
“Düşünülmüş büdcə siyasətinə ehtiyac var”
M.Talıblının sözlərinə görə, neftli büdcəmiz formalaşdığı dövrlərdən başlayaraq indiyə qədər dövlət büdcəsinin əvvəlki ilə nisbətdə heç zaman 25 faizlik azalması olmayıb. “Bizim düşünülmüş büdcə siyasətinə ehtiyacımız var. Pulumuz çox olanda da, neftdən gələn pullar az olanda da davamlı böyüyən büdcə siyasətinə nail olmalı idik. Bütün bu büdcə böhranı sistemsiz yanaşmadan və sürətli xərclənmə iştahından yarandı. Sanki əldə olunmuş neft pullarını dövlət büdcəsi xətti ilə sürətlə xərcləyib qurtarmalı idik. Ona görə builki dövlət büdcəsinin təsirləri hiss olunacaq ki, bu təkcə dövlət büdcəsindən qidalanan sosial qrupların problemi olmayacaq. Bu eyni zamanda büdcədən kənar iqtisadiyyatın özündə tələb formalaşdırmasına mane olacaq. Dövlət sifarişləri azalacaq, dövlət layihələrinin azalması hesabına həmin layihələrdə işləyən insanlar ixtisara düşəcək və ya azalacaq və s., deyə M.Talıblı bildirdi.
M.Talıblının fikrincə, çoxlu sayda dünya təcrübələrinin büdcə siyasətlərinə baxanda görürük ki, resurs üstünlüyü olan ölkələrdə gələn “isti” pullar hesabına dövlət büdcəsinin həcmini artırmaq təqdir olunmur. Dünyaca məşhur tədqiqat mərkəzləri sübut edir və bunu obrazlı olaraq əjdahanın özünün özünü qidalandırmasına bənzəyir: “Sonradan isə özü-özünü qidalandıran ”əjdahanın” qidalandırma mənbəyi tükənir və geniş mədə ilə davamlı qidalanma imkanlarını itirir. Dövlət gəlirlərindən istifadə də belədir. Yazılarımızda bunun yolverilməz siyasət olduğunu dönə-dönə qeyd etmişdik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.