Seçkinin vazkeçilməzləri – piar və qara piar...
19-09-2015, 19:52
Günümüzün mövzusu heç şübhəsiz ki, parlament seçkiləridir. Seçki bütün demokratik ölkələrdə piar, eləcə də qara piar kampaniyaları ilə müşayiət olunan prosesdir. Dünya siyasəti, iqtisadiyyatı xüsusən rəngi qara olan bəlaya tez-tez düşür.
Elə günün ən aktual xəbəri. Bu gün Gürcüstanın keçmiş prezidenti, Odessanın qubernatoru Mixail Saakaşvilinin transeksual sevgilisi olduğu iddia edilən şəxs müsahibə verəcək. Müsahibə Rusiyanın NTV kanalı vasitəsilə yayımlanacaq. Müsahibədə əvvəllər kişi olan, lakin sonradan cinsiyyətini dəyişən şəxs bütün qaranlıq məqamlara aydınlıq gətirəcək. Güman edilir ki, bu, Rusiyanın xüsusi planıdır və 2008-ci ildən başlayaraq Rusiya rəhbərliyinin özünə düşmən saydığı Saakaşvili ilə bağlı bütün növ qara pairlardan yararlanır. Hazırlanmış reklam çarxının və efirə veriləcək reportajın əsas məqsədinin Saakaşvilinin Ukraynada baş nazir postuna gətirilməsinin qarışısını almaq olduğu güman olunur.
PİAR DEYİB KEÇMƏ, 9 RƏNGİ VAR....
Bizim ölkəmizdə də seçki dönəmidir. Piar, qara piar kampaniyalarına start verilməsə də, bunların yaşanacağı gözlənilir. Bir çoxları üçün anlaşılmaz olan bu anlayışlar və onların açması barədə yazaq. Musavat.com bununla bağlı arayış hazırlayıb. «Public Relation» və yaxud da qısaca PR - bazara hansısa malların və yaxud da xidmətlərin yeridilməsi və onlara tələbatın qabardılması yolunda istifadə edilən marketinqin əsas ünsürlərindən biridir.
«Public Relation» anlayışının meydana gəlməsinin tarixi o qədər də müəyyən deyil. PR-texnologiyalar sahəsinin tanınmış mütəxəssisi Frenk Cefkins hesab edir ki, PR fəaliyyətinin ilk pionerləri - XIX əsr böyük Britaniya hökumətinin mətbuat katibləri olublar. Lakin «Public Relation» sözünün özünün yaranmasına gəldikdə isə, burada müxtəlif fikirlər mövcuddur. Məsələn, bəzi tədqiqatçılar sübut etməyə çalışırlar ki, bu anlayış ilk dəfə 1830-cu ildə meydana gəlib və «ictimai maraqlar naminə fəaliyyət» mənasında işlənilirmiş. Və «Public Relation» sözü hələ ABŞ prezidenti Tomas Ceffersonun (1801 - 1809) konqressə yeddinci müraciəti zamanı istifadə olunmuş, amma sonralar bu yaddan çıxarılmışdı.
Keçək piarın rənglərinə.
1. Qara piar — rəqib partiyanın, qrupun və s. ləkələnməsi, məhv edilməsi üçün "qara texnologiyalardan" istifadə edilməsi, onun adından təhqiredici və ya təhlükəli bəyanatların edilməsi və s. yayılmasıdır. Bəzən nüfuzdan salan bir yazının dərci ilə məhdudlaşmaq kifayət edir. Bu söz birləşməsi "qara təbliğat" ifadəsi ilə eyni yaranmışdır. Belə güman edilir ki, rus dilində Viktor Pelevinin "Generation P" romanı çapdan çıxdıqdan sonra meydana gəlmişdir.
2. Sarı piar — diqqəti cəlb etmək məqsədilə həmin dövlətin əksər əhalisi üçün təhqiramiz elementlərdən istifadə (adlarda qadağa qoyulmuş sözlər, təsvirlərdə seksual məzmunun tətbiqi, erotikadan – pornoqrafiyaya, kütləvi hərəkətlərdə – yalançı homoseksualizm, irqçi, ksenofob bəyanatların deyilməsi və s.).
3. Boz piar — mənbəyini gizli saxlayan reklam (müsbət və ya mənfi). "Qara piar"dan fərqli olaraq, öz mənşəyi haqqında birbaşa yalan nəzərdə tutmur.
4. Ağ piar — bu söz birləşməsi qara piara zidd olan anlayışın nümayişi üçün, yəni öz adından açıq reklamdan meydana gəlmişdir.
5. Özünüpiar — öz-özünün anonim tərifidir.
6. Qəhvəyi piar — neofaşist və faşist təbliğatı ilə yaxın bir şeydir.
7. Yaşıl piar — sosial məsul piardır.
8. Viruslu piar — hazırkı formada "viruslu" anlayışı avtonom xarakter daşıyır. İnsanların öz aralarında, dostları və tanışları ilə maraq dairəsinə aid müxtəlif ideya, düşüncə, fikirlə bölüşmək mənasında işlədilir.
9. Sosial piar — bu fəaliyyət pozitiv, müsbət modellərin formalaşdırırılmasına, dəstəyinə hesablanmış təbliğatdır. Piarın bu sferasına ənənəvi olaraq xeyriyyəçi təşkilatlar, qeyri-kommersiya ictimai təşkilatları və xeyriyyəçi layihələri olan biznes-strukturları aiddir.
PİAR AZƏRBAYCANA 2000-Cİ İLDƏ GƏLDİ…
Gördüyünüz kimi, adına piar deyilən nəsnənin neçə növü və forması var. Filosof Niyazi Mehdinin “Düz başa düşülməyən piar və «qara piar» yazısında bu məqamın üstü çox gözəl açılıb. Öncə sözün etimologiyası barədə. N.Mehdi yazıb ki, “çağımızın qəribə söz simptomları var. Həkimlər xəstəliyi simptomları «oxumaqla» tapdıqları kimi çağımızı da linqvistik simptomlar əsasında düşünmək olar. Məsələn, nəyə görə Rusiyada «пиар» sözü belə dəbə düşdü? Axı, onlarda dədə-babadan qalma «пропаганда» sözü vardı və Kommunist partiyası sayəsində bu söz bütün pis və yaxşı anlamları özünə yığaraq zəngin semantika qazanmışdı. Ruslar «пиар» sözünü Batıdan götürüblər, ancaq söz o qədər ürəklərinə yatıb ki, onu amerikalıların və avropalıların dilində baş verməyən qrammatik çevrimlərə salıblar.
Məsələn, «пиарить», «опиарить», «пиарный» və s. Sözü yaratmış yazıq ingilis dili «ictimai əlaqələr» söz birləşməsinin baş hərfləri olan PR-dan, yəni PiAr-dan belə nəsnələr çıxarmayıb. İxtira, sadəcə, onda olub ki, söz birləşməsinin abriviatura əvəzi firmaların, telekanalların adında müstəqillik qazandığı halda, burada PR Britaniyanın BBC abriviaturası kimi işlənərək arxasında duran sözləri unutdurmuşdu. İndi BBC eşidəndə çoxmu adamın başında British Broadcasting Corporation (Britaniya Yayımı Şirkəti) söz birləşməsi canlanır?! İndi elə o cür də PR Public relation sözünü unutdurub”.
“Piar”ın Azərbaycana gəliş hekayəsindən də yazan N.Mehdi maraqlı tarixçəni də yada salıb: “2000-ci illərin seçki kampaniyalarında Azərbaycanda da «piar» sözü dəbə mindi, özəlliklə, onun «qara piar» variantı. Bütün çağdaşlıq ədasında görünmək istəyən siyasilər və jurnalistlər «piar» sözünü işlətməyə başladılar. «Qara piar» isə onların dilində dədə-baba «qara yaxdı» sözünü əvəz etdi. Bu nə sirdir, görəsən?! Adam yazısında «qarayaxdı» işlədəndə heç bir parıltısı olmur, «bu, qara piardır» deyəndə isə sanki tüklü, pinti üzün yerinə gözlüklü alim sifəti peyda olur. Effektə bir bax! «Qara yaxdı» yazanda sənin görkün «az-z, qara yaxma» deyən bulaq başında mırt vuran arvadlarla, Dədə Qorquddakı başı bitli başkəsən ərənlərlə anışmalara düşür və sən bu kontekstdə qavranılırsan. «Qara piar» yazanda isə sən çağdaş Avropa və Amerika seçicilərinin xasiyyətini dibindən bilən polittexnoloq görkündə «qəşəngləşirsən». Sual çıxır, bu Batıda nə var ki, söz, ya simvol qatında onunla bağlı təmir kəlməsi (yevroremont), klinika adı («Yevromed»), fəlsəfi termin (transendent) adama kültür, initellekt qəşəngliyi gətirir. Bu söylədiklərim Rusiya və Azərbaycanla ilgili sözün simptom kimi nələri açdığını göstərmirmi?”
Filosof məqaləsində “qapa piar”a da toxunub. Yazıb ki, “əslində qara piar piarın növüdürsə, orada pisləmək, gözdən salmaq dolayı, sezilməz formalarda olmalıdır. Nifrətin qrammatikasından propaqanda və ya əks-propaqanda istifadə edir, piar yox. Bizdə isə (elə Rusiyada da) jurnalistlərə, siyasilərə açıq siyasi, seksual, iqtisadi böhtanlar atanda bunu yanlış olaraq «qara piar» adlandırırlar. Halbuki onların heç bir piara dəxli yoxdur. Onlar dədə-baba böhtanlarıdır”.
QARA PİARIN “VAZKEÇİLMƏZ”İ – İNTİM HƏYATIN İFŞASI...
Keçək digər detallara. Qara piardan dünyanın hər yerində istifadə edilir. Hər bir ölkədə siyasətçi rəqibinin mənfi imicini formalaşdırmaq məqsədilə bu üsuldan istifadə edir. Burda yalan da, düz də olur. Elektoratı inandırmaq isə başlıca şərtdir. Bunu da bacarmaq lazımdır. Bacaranda yaxşı effekt, bacarmayanda isə əks-effekt verir. Qara piarı mütəxəssislər aparanda onda istənilən məqsədə çatmaq olar. Amma qara piardan yalnız siyasətdə deyil, biznesdə də istifadə edilir. Azərbaycanda monopoliya olduğundan, biznes və istehsal sferasında qara piardan geniş istifadə edilmir.
Özəl həyat, intim görüntülər, gizli çəkilişlərin yayımı... Bunlar “qara piar”ın ən parlaq nümunələridir. Qeyd etmək yerinə düşər ki, son illərdə piarın bu növündən daha çox Şərq ölkələrində istifadə olunur. Bill Klinton və Monika Levinski hekayəsi ilə Qərb “qara piar”ın bu üzünü çox yaxşı gördü. Gərçi, ondan öncə də Qərbdə buna bənzər nümunələr olmuşdu. Söhbət xüsusən siyasətçidən və üstəlik evli siyasətçidən gedirsə, onun nikahdan kənar münasibətləri cəmiyyətlər üçün bağışlanmaz sayılır. Ailə institutunun möhkəm olduğu ölkələrdə isə bundan effektli silah demək olar ki, yoxdur.
Türkiyədə AKP iqtidarı da öz siyasi rəqiblərinə qarşı bu silahdan olduqca aktiv istifadə edib. Xüsusən MHP təmsilçilərinin intim görüntülərinin yayılması seçki kampaniyası dönəmində ciddi qalmaqal yaratmışdı.
Amma Qərb toplumlarında qara piar kampaniyasında maliyyə maxinasiyaları, irqi, milli mənsubiyyətlə bağlı deyilən yalanların ifşası ön plandadır. Ailə ilə bağlı cəmiyyətə açıqlanan yanlış informasiyalar da qara piar kampaniyası zamanı ön plana çıxır.
Bir məqama diqqət. “Qara piar” qanunla qadağan olunmayıb. Əksinə, rəqiblə bağlı bəzi həqiqətləri ifşa etməyə icazə verilir. Amma digər bir iddiada isə qeyd olunur ki, əslində bu, qarşı tərəfin işgüzar, eləcə də şəxsi nüfuzuna zərbə vurduğu üçün qadağandır. Belə ki, bu, böhtan kateqoriyasına aiddir. Amma yalan məlumatlar, böhtanla rəqibi susdurma, seçkidən çəkindirmə cəhdi qara piar yox, çirkin texnologiyalara aiddir.