Şist nefti: Hakimiyyəti Qərbin gözündən salan sehrli maddə

19-09-2015, 20:48           
Şist nefti: Hakimiyyəti Qərbin gözündən salan sehrli maddə
Azərbaycan hakimiyyəti Avropa ilə münasibətlərini getdikcə korlayır. Avropa da buna laqeyd qalmır, hakimiyyətə qarşı sərt qərarlar, qətnamələr verir. Ziddiyyətin bu cür davam etməsi ölkəmizə qarşı iqtisadi sanksiyalara qədər uzana bilər. Bunu həm xarici, həm də yerli ekspertlər inkar etmirlər.

İndiyə qədər mövcud rejimlə yumşaq üslubda danışan Qərbin birdən-birə sərt üzünü göstərməsi bir çoxlarında təəccüb yaradır. Bəziləri bunu Avropanın demokratik dəyərlərə verdiyi önəmlə izah etməyə çalışırlar. Halbuki, rejimin indiki qədər sərtləşməsində Qərbin müstəsna rolu olmuşdur. Xüsusilə ABŞ-ın müxalifəti ən güclü zamanlarında mübarizədən yayındırmağa çalışması, hakimiyyətin əl atdığı zorakı tədbirlərə “yaşıl işıq” yandırması, seçki saxtakarlıqlarını demokratiyaya doğru atılmış addım kimi qiymətləndirməsi heç kimin yadından çıxmayıb. Super gücün bu irticaçı və ikili standard siyasəti olmasaydı, Azərbaycandakı mövcud durum da bu qədər kritik hala gəlməyəcək, anti-demokratik idarəetmə üsulu yaranmayacaqdı.

Qərb diplomatları 2012-ci ilə qədər mövcud rejimi dəstəkləmək siyasətini ölkəmizin təhlükəsizliyinin təminat altına alınması, stabilliyin qorunması, İran və Rusiya təhdidi qarşısında güclü hakimiyyət formalaşdırmaq arqumentləriylə əsaslandırmağa çalışsalar da, zənnimizcə, məsələnin kökündə tamamilə ayrı mətləblər dayanır. Zira, Azərbaycanın indiki durumu, yerləşdiyi coğrafiyadakı vəziyyət heç də bir neçə il bundan əvvəlkindən fərqlənmir. Əksinə, şimal qonşumuzun öz imperialist maraqlarının hədəfi olaraq gördüyü ərazilərə yayılmaq siyasətini gücləndirməsi, özəlliklə Qərbə meylli siyasət kursunu mənimsəmiş Ukraynaya hərbi təcavüzdən belə çəkinməməsi, beynəlxalq sanksiyalardan xilas olmuş İranın regiondakı nüfuzunun artması rəsmi Bakını daha ehtiyatlı olmağa vadar edir. Bütün bunlara baxmayaraq, Qərb əvvəlki kimi stabilliyi Azərbaycanla bağlı siyasətinin əsas prioriteti olaraq görmür, ondan istinasız olaraq demokratiya tələb edir. Qısa müddət ərzində kökündən dəyişilən bu siyasət istər-istəməz aşağıdakı suallara yol açır: Nə oldu ki, Qərbin bizdən üzü döndü? Nə oldu ki, Avropa artıq Azərbaycan hakimiyyətinin nazıyla oynamamağa qərar verdi?



Fikrimizcə, Qərb-Azərbaycan münasibətlərinin ən doğru analizi məsələnin qlobal neft siyasəti konteksində izahıyla verilə bilər. Ən azı ona görə ki, iki tərəf arasındakı münasibətlərin kökündə əzəldən bəri neft amili dayanıb və bu gün də dayanmaqdadır. 2012-ci ildən sonra qlobal neft bazarında dəyişilən münasibətlər, maraqlar sistemi də bunu sübut edir. İstərsəniz, gəlin, bəzi faktlara birgə nəzər salaq.

ABŞ-ın Enerji İnformasiya İdarəsinin məlumtalarına inansaq, 2012-ci ilin sonlarından etibarən, bu ölkə neft və qaz hasilatında əsl inqilabi dəyişikliyə imza atdı. Nəticədə əvvəllər xeyli baha başa gələn şist neft və qazının hasilatı xeyli ucuzlaşdı, dünyanın ən çox “qara qızıl” idxalatçısı olan ABŞ-ın xarici bazara ehtiyacı azaldı. 2013-cü ildə artıq ABŞ dünyada ən çox neft istehsal edən Səudiyyə Ərəbistanını belə arxada buraxdı: Ərəbistan həmin il dünya neftinin 12.9%-ni, ABŞ isə 13.7%-ni hasil etmişdi. Ötən il də ABŞ neft istehsalı sahəsində uğurlarını davam etdirdi. Nəticədə 2005-ci ilə qədər daxili enerji tələbatının 61%-ni idxal edən ABŞ 2014-cü ildə bu rəqəmi 29%-ə qədər endirdi. 2015-ci ildə isə xaricə neft satacaq vəziyyətə gəldi.

Beləcə, dünyada ən böyük sənaye ölkəsinin idxal etdiyi “qara qızıl”a ehtiyacı azaldığndan neft də qiymətdən düşdü. Neftin qiymətdən düşməsi Azərbaycan, Rusiya kimi dövlətlərin iqtisadi əhəmiyyətini heçə endirdi. Artıq heç kim onların “ərköyün” iqtidarlarının nazıyla oynamayacaqdı. Bir vaxtlar “bizim Qərbə yox, Qərbin bizə ehtiyacı var” məntiqiylə xarici və daxili siyasətlərini quran bu ölkələrin sərtliyi öz qabını çatladan sirkə effekti verəcəkdi. Ya Qərbin dəyərlərini istinasız olaraq qəbul edəcək, ya da şələ-şülələrini toplayıb qlobal neft bazarında çıxıb gedəcəkdilər.

"Ərköyün" neft hasılatçılarından boşalacaq yerləri doldurmaq da problem deyil. Onları ABŞ və “qara qızıl” istehsalını artıracaq digər dövlətlər rahatlıqla əvəz edə bilərlər. Necə olsa, qiymətlərin aşağı düşməsiylə gəlirləri azalan Liviya, İraq, İran kimi ölkələr daha çox “qara qızıl” çıxarmağa məhkumdurlar. Bazarda başlayan kəskin rəqabət isə bu enerji mənbəyini daha da ucuzlaşdıracaq və ixracatının 93%-i neftdən asılı olan dövlətləri çöküş halına gətirəcəkdi.



Neftin qeyri-ənənəvi üsullarla hasili dünyanın müəyyən ölkələrini “bəxtigətirmişlər” siyahısından da uzaqlaşdırdı. Nədən ki, ənənəvi hasilatdan fərqli olaraq, qeyri-ənənəvi üsulla çıxarılan neft, demək olar, dünyanın bütün hər yerində var. Bu zamana qədər sadəcə onun necə çıxarılmasını bilməyən və yaxud xeyli baha çıxaran şirkətlər ABŞ-da sınaqdan keçirilən metodlarla indi müxtəlif coğrafiyalarda neft hasil edə bilərlər.

Məlumatlara görə, adına “qeyri-konvensional hasilat” deyilən bu metod hazırda ən çox ABŞ-da yayılsa da, Çində, Avropada eyni üsulla neft istehsalına başlanılıb. 2012-ci ildə dünyanın müxtəlif yerlərində təxminən 49 min belə quyu qazılıb. Bu quyuların 45 mininin ABŞ-da yerləşməsinə baxmayaraq, Çin də artıq o cür 10 quyu qazmağı bacarıb. Avropada isə bu üsulla enerji istehsal edən ən ünlü ölkə Polşadır. Burada qazılan quyuların sayı 2012-ci ilin göstəricilərində 34 olaraq göstərilir. Almaniya da 5 quyu qazmaqla artıq bu istiqamətdə ilk addımlarını atıb. Britaniya hələlik 1 konvensional qaz quyusu qazmağı təcrübədən keçirib. Eyni uğurlu addımı Türkiyə də atıb.

Yenə ABŞ-ın Enerji İnformasiya İdarəsinin məlumatlarına istinad etsək, qardaş ölkədə, nə az, nə çox, düz 680 milyard kub metr şist qazı kəşf olunub. Türkiyənin illik qaz ehtiyacının 46 milyard kub metr olduğunu nəzərə alsaq, bu rəqəm onun 15 illik ehtiyacı deməkdir. Qeyd edək ki, Azərbaycan qazını Türkiyə üzərindən keçərək Avropaya daşıyacaq TANAP layihəsiylə ildə sadəcə 16 milyard kub metr həcmində enerjinin nəqli nəzərdə tutulurdu. Bu isə sadəcə Türkiyənin qaz ehtiyacının təxminən 3/1-nə bərabərdir. Qardaş ölkənin önümüzdəki 5 il ərzində öz şist qazını istismara verəcəyini düşünsək, TANAP-ın da o qədər mühüm əhəmiyyəti qalmayacaq.

İndiki metodlarla şist neftinin hasilatı, təxminən, 40 dollara başa gəlsə də, hər halda bu, sənaye dövlətləri üçün özünü “ərköyük” aparan ölkələrdən neft almaqdan daha səmərəlidir. Yerli şist qaz və neft quyuları həm idxal olunan enerji mənbəyinin qiymətini ucuzlaşdırır, həm də Avropanı anti-demokratik ölkələrdən asılılıqdan qurtarır. Üstəlik, dünyanın indiki ehtiyacları ödənəcəyi təqdirdə, ənənəvi yolla hasil ediləcək 60 illik neft rezervləri mövcuddur. Qeyri-ənənəvi ehtiyat isə qlobal sənayenin 200 illik ehtiyacını təmin edə bilər.

Şist neft və qazı hasilatının hələlik çatışmayan sadəcə bir özəlliyi mövcuddur. Bu da müxtəlif coğrafi özəlliklərə görə fərqli çıxarılma metodlarının tədbiqi ilə bağlıdır. Hasilatın yeni texnologiyası ABŞ-da ortaya çıxdığından hazırda bilinən metod da o coğrafiyanın xarakterinə uyğundur.

Sözügedən metodu ənənəvi tərzdən ayıran başlıca özəllik yerin qatındakı süxurları təzyiqli su vasitəsilə parçalamaq və bu süxurlarda “gizlənən” təbii sərvəti “ortaya çıxartmaqdır”. Başqa ifadə ilə desək, ənənəvi metod süxurların üzərində toplanan nefti eynilə quyu suyu kimi çölə çıxarmaqla yekunlaşırsa, qeyri-konvensional üsulda süxurları parçalaya bilmək əsasdır.

Elə bu çətinliklərinə görə maya dəyəri artan qeyri-ənənəvi üsulun hazırda daha ucuz yolu tapıldığından indiyə qədər enerji mənbəyi kimi önəm daşıyan Azərbaycan kimi ölkələrin "qara qızıl"ının qara qəpik qədər dəyəri qalmayıb. Qərbin Azərbaycana qarşı təzyiqlərinin əsasında da məhz bu amil dayanır.

Qeyri-ənənəvi hasilatın yayqınlaşması dünyadakı mövcud iqtisadi balansın da tamamilə dəyişiləcəyi ehtimalını gündəmə gətirir. İndiyə qədər neft hasil edən dövlətlər çörək pullarını sənaye ölkələrinə satdıqları “qara qızıl”dan çıxarırdılar. Beləcə, Qərb ölkələri aldıqları neftin əvəzinə onlara sənaye malları satırdılar. Bir müddətdən sonra bu balansın da Qərbin lehinə dəyişməsi neft sektorunun tamamilə əhəmiyyətsizləşməsinə yol aça, qeyri-neft sektoru yarada bilməyən ölkələri gələcəyin Əfqanıstanına, Somalisinə çevirə bilər.

Azərbaycan hakimiyyəti bu pessimist perspektivi nəzərə almalı, ölkənin sənayeləşməsi və qeyri-neft sektorunun önündəki bütün əngəlləri, o cümlədən, inhisarçılığı aradan qaldırmalıdır. Əks halda, indi sadə vətəndaşa yaşadılan bu zülmün ağır nəticələrini istisnasız olaraq hər birimiz dada bilərik.

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.