RUSİYANIN NÜVƏ FAKTORUNA SARSIDICI ZƏRBƏ - ABŞ qoruyucu qalxanı işə saldı!
16-05-2016, 17:49
ABŞ Rumıniyada ümumi dəyəri 800 milyon dollar olan raket əleyhinə qlobal müdafiə qalxanının ilk obyektini işə salıb. Azadlıq radiosunun məlumatına görə, İran raketlərinə qarşı istiqamətlənmiş bu obyekt Deveselu aviabazasında yerələşir və Qrenlandiyadan Azor adalarına qədər olan ərazini tutan müdafiə çətirinin bir hissəsi sayılır. Rusiya bu sistemi onun nüvə silahına qarşı tarazlıq yaratmaq cəhdi hesab edir, lakin bununla yanaşı Moskva həmin sistemi yarıb keçmək qabiliyyətində olduğunu da vurğulayır.
Deveselu aviabazasında ABŞ və NATO nümayəndələri Amerikanın “Aegis” (İcis) Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin operativ hazırlıq vəziyyətində olduğunu təsdiq ediblər. Beləliklə, düşmən hesab olunan dövlətlərin Vaşinqtonun fikrincə, nə vaxtsa böyük Avropanın iri şəhərlərini vura biləcək raketlərinə qarşı RƏM obyekti istifadəyə hazırdır.
ABŞ Dövlət Departamentinin silahlanma komitəsi üzrə nümayəndəsi Frenk Rouz bu obyektin açılış mərasimində lentin kəsilməsindən öncə deyib ki, İran bütün spektr ballistik raketlərin hazırlanması və sınaqdan keçirilməsi, onların uçuş məsafəsinin artırılması və hədəflərin daha dəqiq vurulması üzrə işləri durmadan davam etdirir.
Frenk Rouzun dəyərləndirməsinə görə, İran raketləri Rumınıya da daxil olmaqla, Avropanın bəzi ərazilərinə çata bilər. Obyektin açılışında ABŞ müdafiə naziri Eşton Karter və NATO-nun baş katibi Yens Stoltenberq də iştirak ediblər.
ABŞ Polşanın şimalında yerləşən Redzikova kəndi yaxınlığında 2018-ci ildə istifadəyə hazır olacaq RƏM obyektinin təməlini qoyacaq. Bu obyekt iyul ayında NATO-nun nəzarətinə veriləcək.
Hazırda Rusiya əvvəllər onun nəzarəti altında olmuş ərazilərdə güc nümayişinə qarşı öz narazılığını bildirir. Moskva hesab edir ki, ABŞ və NATO Rusiyanın hərbi-dəniz donanmasının bazası olan strateji mühüm Qara dəniz regionunda onları mühasirə dairəsinə almağa cəhd göstərir. Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra Raket Əleyhinə Müdafiə sisteminin işə salınması, həmçinin Polşa və Baltik ölkələrinə göstərilən mühüm dəstək amilidir. Buna cavab olaraq, yeni hərbi birləşmələr yaratmaqla, Rusiya özünün cənub və qərb cinahlarını möhkəmləndirir. Kreml hesab edir ki, RƏM sisteminin hədəfi müharibə olacağı təqdirdə Moskvanın nüvə arsenalını neyrallaşdırmaqdan ibarətdir.