Çində beyin cərrahlarına kömək etmək üçün süni intellekt yaradılıb
13-03-2024, 11:54

Süni intellekt texnologiyaları son zamanlar tibb sahəsində də özünü göstərməyə başlayıb. Səlahiyyətlilər xəstəliklərin diaqnozu və müalicəsi üçün süni intellektdən istifadə edirlər.
İndex.az xəbər verir ki, Çin Elmlər Akademiyasında çalışan bir qrup alim “Meta”nın “Llama 2.0” süni intellekt modeli əsasında yeni süni intellekt aləti hazırlayıb.
Bu süni intellekt xüsusi olaraq neyrocərrahlara kömək etmək üçün hazırlanıb. “CARES Copilot 1.0” adlanan süni intellekt həkimlər üçün bir növ köməkçi rolunu oynayacaq və ilk mərhələdə Çinin 7 fərqli xəstəxanasında sınaqdan keçiriləcək. Sistem uğurlu olarsa, süni intellektdən istifadə bütün ölkəyə yayılacaq.
“CARES Copilot 1.0” bir milyondan çox tibbi məqalədən istifadə etməklə təlim keçib. Beləliklə, bu süni intellekt neyrocərrahların verdiyi suallara cavab verə biləcək. Bundan əlavə, MRT, ultrasəs və ya CT taramaları kimi görüntüləmə üsulları bu süni intellekt tərəfindən araşdırıla bilər. Neyrocərrahlar xəstəliklərin diaqnostikasında və əməliyyatlar zamanı bu süni intellektdən kömək alacaqlar. “CARES Copilot 1.0” mətn və audio ilə işləmək üçün nəzərdə tutulub.