"Rusiya Ukraynanı yenidən dron hücumuna məruz qoyub: Cəbhədən son xəbərlər - "Deutsche Welle"

Bu gün, 00:06           
"Rusiya Ukraynanı yenidən dron hücumuna məruz qoyub: Cəbhədən son xəbərlər - "Deutsche Welle"
"Bu hücum Rusiyanın sülhə doğru heç bir real addım atmadığının sübutudur..."

Avqustun 10-da Rusiya Ukraynaya yenidən dron hücumları həyata keçirib. Bu dəfə ölkənin Zaporojye şəhəri Rusiya aviasiyasının hədəfinə çevrilib.

Bu barədə "dw.com" nəşri məlumat yayıb.

Avtovağzal və klinika hədəfə alınıb

Məlumatda deyilir ki, şəhərə atılan iki idarə olunan aviabombadan biri Mərkəzi Avtovağzala, digəri isə Zaporojye Tibb Universitetinin klinikasına düşüb. Partlayış nəticəsində avtovağzal binası ciddi ziyan görüb, xilasedicilər dağıntılar altından insanları çıxarmaq üçün xüsusi texnikadan istifadə edib. İlkin məlumata görə, azı 20 nəfər yaralanıb, klinikada isə itki qeydə alınmayıb.

Hücum nəticəsində yeddi çoxmərtəbəli yaşayış binası və bir sıra qeyri-yaşayış obyektləri də zədələnib. Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində bu zərbəni "Rusiyanın sülhə doğru heç bir real addım atmadığının" sübutu adlandıraraq, tərəfdaş ölkələri, xüsusən də ABŞ-ı sanksiya təzyiqini gücləndirməyə çağırıb.

Berlin də təzyiqi artırmağa çağırır

Almaniya kansleri Fridrix Mers də çıxış edərək ABŞ prezidenti Donald Trampı yeni sanksiyalara inandırmağa çalışdığını bildirib. Onun sözlərinə görə, Putin yalnız güc qarşısında addım atır və avqustun 15-də Alyaskada baş tutacaq Tramp-Putin görüşündən sonra ya təzyiq artmalı, ya da Moskva müharibəni davam etdirə bilməyəcəyini anlamalıdır.

Rusiyaya işləyən agent qadın ifşa olunub

Zaporojyeyə qarşı növbəti raket zərbəsi planlaşdırıldığı vaxt Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya hərbi kəşfiyyatı üçün işləyən qadını saxlayıb. Onun keçmişdə Pensiya Fondunun yerli idarəsində çalışdığı və sosial şəbəkələrdəki antiukrayna çıxışları səbəbindən diqqət çəkdiyi müəyyənləşib.

Agent qadən tanış mühəndis vasitəsilə strateji obyektlərin koordinatlarını toplayır, fotoları isə UTX zabiti ilə anonim çatda paylaşıb. O, zavodun enerji obyektini çəkərkən "isti izlə" tutulub. İndi ona hərbi vəziyyətdə dövlətə xəyanət ittihamı irəli sürülüb və ömürlük həbs təhlükəsi var.

Tatarıstanda "Shahed" anbarına dron zərbəsi

UTX həmçinin avqustun 9-da Rusiyanın Tatarıstan bölgəsində yerləşən Kzıl-Yul qəsəbəsində "Shahed" kamikadze dronlarının saxlandığı logistik mərkəzə uzaqmənzilli pilotsuz aparatlarla hücum edib. Ukrayna tərəfi obyektin vurulduğunu və yanğın başladığını bildirir. Rusiya isə üç dronun vurulduğunu, anbara dəymədiyini iddia edir.

İran 2022-ci ilin noyabrında Rusiyaya "Shahed" dronları verdiyini etiraf edib. Sonradan Rusiya Yelabugadakı zavod da daxil olmaqla daxildə istehsalı artırıb. Bu, Ukraynaya qarşı dron hücumlarının intensivliyini xeyli yüksəldib. Media məlumatlarına görə, bəzi dronlarda Çin istehsalı mühərriklərdən istifadə olunur ki, bu da Pekinin sanksiyalara baxmayaraq gizli tədarükü deməkdir.

Son hadisələr göstərir ki, Rusiya həm ön xətdə, həm də uzaq məsafələrdən hücum taktikasını davam etdirir, Ukrayna isə buna qarşı həm hərbi, həm də kəşfiyyat əməliyyatlarını gücləndirir. Zaporojyeyə zərbələr və Tatarıstana dron hücumu müharibənin həm dərinliyini, həm də coğrafi miqyasını bir daha ortaya qoyur. ABŞ və Avropa İttifaqının gələcək qərarları isə bu qarşıdurmanın istiqamətini müəyyən edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru