Ermənistan 30 il ərazilərimizdə silah istehsal edərək satıb- yeni cinayətlər...

22-11-2023, 07:27           
Ermənistan 30 il ərazilərimizdə silah istehsal edərək satıb- yeni cinayətlər...
Abuzər Əbilov: “...Ermənistanın cinayət məsuliyyətindən qaça biləcəyi absurddur”

Noyabrın 20-də Xarici İşlər Nazirliyində Silahlı Qüvvələr tərəfindən həyata keçirilən antiterror tədbirlərindən sonra Qarabağda aşkar edilmiş Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və planlaşdırdığı növbəti hərbi cinayətlərə dair yeni faktlarla bağlı Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə keçirdiyi mətbuat brifinqində çox ilginc faktlar açılıb.

Çıxışlarda Ermənistanın beynəlxalq hüquq normalarına, habelə Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin müddəalarına zidd olaraq, beynəlxalq təşkilatları, o cümlədən aidiyyəti BMT və ATƏT strukturlarını məlumatlandırmadan bölgədə külli miqdarda hərbi texnika və sursat yerləşdirdiyi qeyd olunub. Bu pozuntuların qarşısının alınması barədə Azərbaycanın çağırışlarına baxmayaraq, beynəlxalq ictimaiyyətin məsələyə biganəliyinin bölgədə gərginliyi daha da artırdığı vurğulanıb.

Azərbaycan ərazilərində, eyni zamanda, silah-sursatın yenidən modifikasiyası və xarici ölkələrə ötürülməsi kimi qeyri-qanuni fəaliyyətin həyata keçirildiyi diqqətə çatdırılıb. Ermənistanın post-münaqişə dövründə də Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinə qədər silah və texnikanı, yeni istehsal olunmuş minaları ərazilərimizə ötürməkdə davam etdiyi qeyd olunub. Bununla bölgədəki mülki obyektlərə, hətta təyyarələrin təhlükəsizliyinə, habelə aparılan genişmiqyaslı yenidənqurma fəaliyyətinə hədə törədildiyi vurğulanıb.

Cari ilin 19-20 sentyabr tarixlərində 24 saatdan az müddətdə antiterror tədbirlərindən sonra bölgədə mina təmizləmə fəaliyyəti, habelə kommunikasiya xətlərinin və yeni təchizat yollarının bərpası məqsədilə Müdafiə Nazirliyinin digər aidiyyəti qurumlarla apardığı fəaliyyətin ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasını bir daha göstərdiyi vurğulanıb. Aparılan işlər nəticəsində ərazilərimizdə böyük bir hissəsi mülki infrastrukturlarda yerləşdirilən hərbi maşınlar, müxtəlif çaplı silah və sursatların aşkarlandığı bildirilib. Xüsusilə “Kornet” və “Faqot” tank əleyhinə idarə olunan raket sistemlərinin, 2021-ci il istehsalı olan TOS-1A tipli reaktiv yaylım atəşi sistemlərinin raketlərinin aşkarlandığı qeyd olunub. Bununla yanaşı, son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyət barədə məlumat verilib.

Brifinq zamanı, həmçinin, bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu antiterror tədbirlərindən sonra aşkar edilmiş videolar nümayiş etdirilib.

Gördüyünüz kimi, Ermənistanın Azərbaycan ərazilərini hərbiləşdirməsi cinayətləri bir daha üzə çıxarılıb. Bizim ərazilərdə silah-sursatların modifikasiya edilməsi və onların yenidən başqa ölkələrə ötürülməsi həyata keçirilib. Bu, ağır cinayətlərdən biridir. Belə çıxır ki, onlar bizim ərazilərimizdən həm qanunsuz silah istehsalı, həm də qanunsuz silahın ixracı məqsədilə də istifadə ediblər. Silah-sursatların yenidən modifikasiya olunması və başqa ölkələrə ixracı üçün bizim ərazilərimizdən istifadə edilməsi halı böyük cinayətdir.

“Bütün bu məsələlər beynəlxalq məhkəmələrə çıxarılmalıdır”

Hərbi ekspet Abuzər Əbilov "Bakı-Xəbər"ə şərhində “Ermənistanın Azərbaycan ərazisində bu cür qanunsuz işlər görməsi beynəlxalq qanunlara ziddir. Ümumiyyətlə, beynəlxalq qanunlara görə, bir dövlətin başqa dövlətin ərazisindən istifadə edərək hərbi təmayüllü məhsullar istehsal edib onları başqa ölkələrə ixrac etməsi cinayətdir. Ermənistan Azərbaycan ərazisindən bir çox məqsədlərlə istifadə edib. İşğal olunmuş ərazilər uzun müddət beynəlxalq narkotrafik üçün istifadə olunmuşdu, bu yolla Avropaya və digər ölkələrə narkotik məhsulların ixracında rol oynamışdı. Bu yaxınlarda azad ərazilərdə, Azərbaycanın əzəli torpaqlarında böyük istehsal sahələri, yəni hərbi təmayüllü məhsullar istehsal edilən məkan aşkarlanıb. Bu zavodlarda, bu gizlin müəssisələrdə bir çox hərbi təmayüllü məhsullar istehsal olunub. İstintaq onu da müəyyənləşdirəcək ki, hansı məhsullar hansı dövlətlərə ixrac olunub”-deyə bildirdi.

A.Əbilovun sözlərinə görə, bu silah-sursat və digər təmayüllü məhsullar Azərbaycan Respublikasının ərazisində onun əhalisinə qarşı istifadə olunub. “Faktiki olaraq Ermənistan hər zaman bütün bu cinayətləri ərazidə yerləşən tanınmamış separatçı “respublikanın” boynuna atır. Lakin bu məhsulların istehsalı və ixracı üçün bilavasitə Ermənistan ərazisindən istifadə olunub. Resurslar Ermənistan tərəfindən əraziyə gətirilib”-deyə qeyd edən hərbi ekspertin bildirdiyinə görə, bu məhsulların istehsalı üçün komplektləşdirici dəstlər və digər məhsullar məhz Ermənstan ərazisindən Azərbaycan ərazisinə daxil olub. “Burada Ermənistanın cinayət məsuliyyətindən qaça biləcəyi absurddur. Bütün bu məsələlər beynəlxalq məhkəmələrə çıxarılmalıdır. Təkcə bu məsələ yox, həm də Ermənistanın Azərbaycan ərazisində məhv olmuş keçmiş separatçı “respublikaya” etdiyi yardımlar və bu yardımların nəticəsində ölkəmizin ərazilərinin atəşə tutulması, Azərbaycan vətəndaşlarının öldürülməsi, terroprçuluq fəaliyyəti və digər məsələlər də beynəlxalq məhkəmələrə daşınmalıdır. Düşünürəm ki, yaxın zamanlarda Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları beynəlxalq məhkəmələrə çıxaraq bütün məsələləri təqdim edəcək”-deyə A.Əbilov vurğuladı.

Hərbi ekspert deyir ki, Ermənistanın törətdiyi həm bu məsələyə, həm narkotrafikə, həm də Azərbaycanın ərazisində onun kəndlərinin, şəhərlərinin, mədəniyyət ocaqlarının, abidələrinin dağıdılması, resurslarının talanması və bir sıra istehsal sahələrinin məhv edilməsi kimi cinayətlərə beynəlxalq məhkəmələrdə qiymət verilməlidir.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.