Cənubi Qafqazda yeni müharibə gedir - Ekspert danışır...

22-11-2023, 11:28           
Cənubi Qafqazda yeni müharibə gedir - Ekspert danışır...
Hazırda Cənubi Qafqaz bölgəsi və burada yaşanan hadisələr üzərindən böyük bir geosiyasi oyun oynanılır. Bu, həm Cənubi Qafqazın, həm Şimali Qafqazın, həm türk dünyasının, həm də başda Mərkəzi Asiya olmaqla, Asiyanın gələcəyi ilə bağlıdır.

Bu sözləri Axar.az-a Ermənistanın bölgəyə başqalarını daxiletmə planları və sülh prosesini manipulyasiya cəhdləri haqqında danışan Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Abdullah Ağar hazırda dəhlizlər uğrunda geosiyasi mübarizənin getdiyini, ona görə də sülh müqaviləsinin imzalanmasının əhəmiyyətinin artdığını bildirib:

“Məsələyə bir neçə əsas istiqamətdən yanaşa bilərik: ehtiyatlar, torpaqlar və dəhlizlər. Çox maraqlıdır ki, indiki məqamda Qəzzada baş verən hadisələri də əhatə edən dəhlizlər müharibəsi gedir. Belə bir mənzərədə hər kəs gələcəyin öz maraqları baxımından dizayn edilməsini istəyir və bu baxımdan Zəngəzur dəhlizi önə çıxır. Çünki həm Cənub-Şimal dəhlizi, həm də Şərq-Qərb dəhlizi də adlandırılan Orta dəhliz Zəngəzurdan keçir. Ermənistan da “Sülh qovşağı” adı altında bütün qovşaqların öz ərazisindən keçməsini təklif edib. Hətta bunun üçün xüsusi təhlükəsizlik qüvvələri formalaşdırmaq niyyətindədir. Yəni açarın özündə olmasını istəyir. Onda belə bir sual ortaya çıxır: Bəs Ermənistanın açarı kimdə olacaq? Baş verənlər sülh müqaviləsinin imzalanmasını son dərəcə həssas bir məsələ kimi qarşıya çıxarır. Sülh müqaviləsinin imzalanmasını şərtləndirən əsas parametr aparılan müharibədir. Yəni müharibənin nəticəsinə uyğun şəkildə sülh müqaviləsi imzalanmalıdır. Ancaq Ermənistan bunu istəmir və məğlub olduğu müharibənin nəticələrini hələ də manipulyasiya etmək cəhdləri ilə məşğuldur. Üstəlik bunu yalnız öz hesabına görə yox, başqalarının region üzərindəki hesabları üzərindən etməyə çalışır. Bunların içərisində üzdə olanlar Fransa və ABŞ-dir, ancaq görünməyənlər də var”.

Ekspert Ankara və Bakının heç bir beynəlxalq təzyiq qarşısında öz haqlarından güzəştə getməyəcəyini vurğulayıb:

“Türkiyə və Azərbaycan sülh istəyir. Lakin bu, Azərbaycanın 3 min şəhidlə qazandığı qələbənin verdiyi haqlardan güzəştə getmək bahasına ola bilməz. Sülh müqaviləsi 10 noyabr Üçtərəfli bəyanatı üzərində formalaşdırılmalıdır. Rəsmi İrəvan isə Hindistan, Fransa və başqalarından silah almaqla, prosesin Vaşinqton, Paris və Brüssel tərəfindən manipulyasiyası ilə problemi həll edəcəyini düşünür. Yanlış düşünürlər, problemin daha gərgin fazaya daxil olma riski var. Ona görə də məsələlərin regionun daxilində həllini tapması son dərəcə önəmlidir. Ermənistan bunu istəyəcəkmi? Aparılan xarici siyasət bunu istəmədiklərini, regiondakı dövlətlərlə əməkdaşlığa meyilli olmadıqlarını göstərir. Fikrimcə, ən böyük risk və təhlükə burdadır. Ümid edirəm ki, bunu özləri də dərk edərlər. Çünki sülh müqaviləsinin imzalanmayacağı təqdirdə qarşılığının çox ağır olacağı haqqında Paşinyan iqtidarının qurduğu cümlələr var. Naxçıvanla Qarabağ, Türkiyə ilə Azərbaycan, türk dünyası ilə Türkiyə, Şərqlə Qərb arasında açarı Azərbaycanda olan dəhlizin açılmasına imkan vermək istəmirlər. İstəməyənlərin də başında kimlərin olduğunu regional və qlobal baxımdan görə bilirik. Türkiyə, Azərbaycan və türk dünyası burada heç kimin haqqını qəsb etmək niyyətində deyil. İnkişafa, sabitliyə, rifaha xidmət edən sülh istəyirik. Ancaq kirli geosiyasi plan quranlar, siyasi iştahı, ehtirası qabaranlar da bizim öz haqlarımızdan güzəştə getməyəcəyimizi, biz olmadan bölgədə hansısa bir düzənin, sistemin qurulmasının mümkünsüzlüyünü anlamalıdırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.