Doğrudan da bəzi Qərb siyasətçilərin məntiqsiz açıqlamaları heyrət və qəzəb doğurur... Amma...

23-11-2023, 08:54           
Doğrudan da bəzi Qərb siyasətçilərin məntiqsiz açıqlamaları heyrət və qəzəb doğurur... Amma...
Azərbaycan sistemin sərtləşmə dozunu artırır – bunun hələ ardıcıl siyasət, və ya epozodik məqam olduğunu görəcəyik, amma belə davranışın müxtəlif səbəblərindən biri bəzi Qərb siyasətçilərinin və ölkələrinin beynəlxalq hüququ çeynəyən qərəzli açıqlamaları və qəbul edilmiş sənədlərdir. Doğrudan da bəzi Qərb siyasətçilərin məntiqsiz açıqlamaları heyrət və qəzəb doğurur.
Amma, məncə, əsas səbəblərdən biri ölkə iqtisadiyyatının getdikcə daha ağır duruma düşməsi, bununla bağlı hökumətin iqtisadi komandasının heç bir həll yolu təqdim edə bilməməsidir. Azərbaycanda bu il ÜDM artımı MDB ölkələri arasında ən zəif nəticə oldu – iqtisadiyyatımız bu ilin ilk 3 rübündə cəmi 0,5% artıb, bu isə artım deyil, hətta ressesiyadır. Məmləkətdə rəsmi inflyasiya ikirəqəmlidir, insanların real gəlirləri artmır, iş yerləri azalır, son 2-3 gündə elə hökumətin özünün rəsmi məlumatlarına baxın: Azərbaycanda armatur istehsalı 26%-dən çox, ayaqqabı istehsalı 45%, makaron istehsalı 32%, geyim istehsalı 12,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 25,4% azalıb. Bir daha, bu son 2-3 günün məlumatlarıdır, hətta iş o yerə çatıb ki, ilk dəfə olaraq Gürcüstanla ticarət dövriyəmizdə mənfi saldo yaranıb – həmişə biz Gürcüstana daha çox mal-məhsul satırdıq, indi əksinə olub, Gürcüstanın Azərbaycana ixracı idxalından daha çox olub.
Ölkədə sonuncu sərt repressiya dalğası 2013-2016 arası oldu, o zaman da müxtəlif səbəblər var idi, amma əsas məsələlərdən biri o idi ki, 2013-dən başlayaraq ölkədə iqtisadi mənzərə kəskin pisləşməyə başladı, nəticədə kəskin devalvasiyalar yaşadıq, iqtisadiyyat daraldı, qiymətlə kəskin artdı – pararlel olaraq da siyasət, media, sivil toplum alanları kəskin daraldıldı, siyasi həbslərin pik nöqtəsini yaşadıq.
Hökumətin iqtisadi komandasının bacarıqsızlığını sərtləşmə həll edə bilməz, çünki iqtisadiyyatda fundamental və institutsional, idarəetmə ilə bağlı problemlər var. Bu problemlərin həlli yolu isə sərtləşmədən deyil də, tam tərsinə sərbətləşmədən, vergi-gömrük islahatlarından keçir.
Məmləkətimiz tariximizdə görünməyən qürurlu bir uğur qazanıb - ərazi bütövlüyümüz tam bərpa olunub, Azərbaycan post-sovet məkanında ilk və yeganə ölkədir ki, Rus və Sovet İmperiyasının basdırdığı “etnik münaqişə minasını” təmizləməyə nail oldu, indi məmləkətin qarşısında daha böyük çağırışlar, daha böyük xərclər var – deməli ölkə daha çox qazanmalıdır ki, daha çox da xərcləyə bilsin. İndiki iqtisadi siyasətlə bu mümkün deyil və bu problemin həlli yolu sərtləşmədən deyil də, rəqabət və şəffaflıqdan keçir...
Natig Cəfərli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.