Kreml çevriliş planı hazırlayıb

23-11-2023, 11:04           
Kreml çevriliş planı hazırlayıb
Ermənistan tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşmağa çalışır.

Xarici işləri naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirlərinin Şurasının Minskdə keçiriləcək iclasında iştirak etməyəcək. Xatırladaq ki, bundan əvvəl Baş nazir Nikol Paşinyan KTMT-nin dövlət başçılarının iclasında, o cümlədən Ermənistanın müdafiə naziri Suren Papikyan Minskdə təşkilatın Madifiə Nazirləri Şurasının iclasında iştirakdan imtina ediblər.

Görünür, Paşinyan hakimiyyəti ilkin addımlar atmaqla Ermənistanın artıq müttəfiqinə etibar etmədiyini göstərir. Heç şübhəsiz ki, Ermənistan hakimiyyətinin Rusiyaya qarşı sərt addımlarının intensivləşməsi və ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi münasibətlərin gərgin müstəviyə keçməsinə gətirib çıxaracaq.

Moskva ilə İrəvan arasında siyasi, iqtisadi və hərbi sahələrdə bir çox sazişlərə xitam verilməsi, İrəvanın Moskva ilə hərbi əməkdaşlığı dayandırması, ölkədə Rusiya şirkətlərinə əngəllərin yaradılması, ən sonda isə İrəvan və Gümrüdə rus hərbi bazasının ölkədən çıxarılması ilə bağlı məsələnin qaldırılması kimi proseslərə şahidi ola bilərik.

Bununla yanaşı, erməni mətbuatında yayılan məlumatlara görə, Ermənistanın hərbi arsenalında olan “Toçka-U” qısamənzilli ballistik raketin Ukraynaya verilməsi gözlənilir. Əgər İrəvan belə bir niyyət güdürsə, bu, açıq-aşkar Rusiyaya meydan oxumaq deməkdir.

Sözsüz ki, Moskva Ermənistanın son hərəkətlərinə adevkat olaraq ciddi tədbirlər görəcək. Yəqin ki, Moskva gəlin ilin qış aylarında müxtəlif bəhanələrlə təbii qazı kəsəcək. Bu da Ermənistanı və erməni xalqını ağır, acınacaqlı vəziyyətə salacaq. Eyni zamanda, Ermənistanın istehsal etdiyi məhsulların Rusiya bazarlarında satışına qadağa qoyula bilər.

Hətta Moskvanın Paşinyan hakimiyyətinə qarşı hərbi çevrilişə də əl atması istisna deyil.

Məsələ ilə bağlı politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiyanın Ermənistanda geosiyasi təsir imkanlarını məhdudlaşdırmaq o qədər asan olmayacaq:

“Rusiya ilə Ermənistan arasında hərbi-siyasi münasibətlərdə gərginliyin yaşanmasına baxmayaraq, hər iki ölkə iqtisadi və ticarət sahələrdə əməkdaşlığı davam etdirir. Çünki Ermənistanın özünün buna ehtiyacı var. Ermənistan büdcəsinin gəlirlərinin 20 və ya 30 % - i Rusiya ilə iqtisadi-ticari münasibətlərdən əldə edilir. Ona görə də Ermənistanın tezliklə Rusiya ilə iqtisadi əlaqələrini dayandıracağı barədə düşünmək doğru olmaz".

O ki qaldı Ermənistanın Rusiyanın hərbi-siyasi və iqtisadi təsir dairəsindən uzaqlaşmağa cəhd göstərməsinə, ekspert hesab edir ki, bu, çox uzun zaman aparacaq:

"Ermənistanın bu istiqamətdə addım atması üçün alternativ güc mərkəzlərinin dəstəyinə ehtiyac duyulur. İndiki durumda istər ABŞ, istərsə Avropa İttifaqı, istərsə də Fransa Cənubi Qafqazda Rusiya və digər regional güc mərkəzlərini əvəz edə bilməz. Qərb hələ ki, bu regionda möhkəmlənmək üçün münasib imkanlara malik deyil.

Məhz bu səbəbdən Ermənistan hələlik Rusiyanın rəhbərlik etdiyi KTMT və Avrasiya İqtisadi İttifaqını tərk etməklə bağlı rəsmi müraciət ünvanlamağa tələsmir. Ona görə ki, indidən belə bir addımın atılması Ermənistan üçün çox ağır nəticələrə səbəb ola bilər. Buna görə də bu prosesin həyata keçməsi üçün uzun zamana ehtiyac var.

Qərbin Ermənistanda geosiyasi hədəflərinə gəlincə, həm ABŞ, həm Avropa İttifaqı, həm də Fransa İrəvanı Rusiyanın təsir dairəsindən qoparmaq üçün ilk növbədə onun təhlükəsizlik təminatına zəmanət verməlidir. Həmin güc mərkəzləri Paşinyan hakimiyyətinin təhlükəsizliyinin təmini, həmçinin ölkənin ziyan çəkməməsindən ötrü bir sıra iqtisadi-ticari məsələlərin nizamlanması, problemlərin həlli istiqamətində planla]r, proqramlar tətbiq etməlidir".

O xatırladıb ki, Ermənistanın iqtisadiyyatı Rusiya və Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqından çox asılıdır:

"Bütün bu reallıqları nəzərən alan Nikol Paşinyan bu məsələdə hələ tələsmir. Qərb tərəfindən bütün siyasi, iqtisadi və təhlükəsizlik təminatları aldıqdan sonra İrəvan sərbəst şəkildə Rusiyanın təsir dairəsindən uzaqlaşa bilər”.

N.Miri Rusiyanın Paşinyan hakimiyyətinə qarşı həbri çevrilişə əl atıb-atmayacağı ilə bağlı suala belə cavab verib:

“Moskvada çox yaxşı başa düşürlər ki, Rusiyameyilli "Qarabağ klanı" və digər revanşist qüvvələrin erməni ictimaiyyətinə o qədər güclü təsir imkanları yoxdur. Revanşist qüvvələr son nümayişlərə və etiraz aksiyalarına 1500 – dən çox adam çıxara bilməyib. Paşinyan hakimiyyəti polis və təhlükəsizlik qüvvələri vasitəsilə müxalifətin etiraz aksiyalarının qarşısını ala bilər.

Moskva ancaq Paşinyan hakimiyyətinə qarşı həbri çevrilişə əl ata bilər. Bəlkə də artıq Kremldə bununla bağlı planlar hazırlanıb. Amma Ermənistan hakimiyyətinin Rusiyadan gələcək hər hansı təhlükənin qarşısını almaq üçün indidən ciddi tədbirlər görməsi də istisna ola bilməz. Güman etmək olar ki, Paşinyan hakimiyyəti və Qərb ölkələrinin xüsusi xidmət orqanları bu yöndə artıq birgə fəaliyyət göstərməyə başlayıblar. Vaxtilə keçmiş hakimiyyətdə dövlət işçisi olmuş şəxslərin, eləcə də bəzi hərbçilərin ard-arda həbs olunması bunu sübut edir.

Amma hər halda Rusiya Ermənistan hakimiyyətini cəzanlandırmaq niyyətindən əl çəkməyəcək”.
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.