İran vasitəçi ola bilərmi?

24-11-2023, 00:09           
İran vasitəçi ola bilərmi?
Böyüklük lazım olan yerdə Tehran rejimi təriqət lideri kimi davranır...
Sədrəddin Soltan
İran hakimiyyəti güc mərkəzi, bu olmadıqda isə təriqət lideri rolunda olmağa çalışır. Ancaq bu
istiqamətlərdə Tehranın cəhdləri uğursuzluğa düçar olub.
Bu rejim farsdilli dövlətləri ətrafında birləşdirərək, güc olmaq istədi. Ancaq bir sıra maraqlar və
yanaşmalar səbəbindən bu alınmadı. Bununla da İran farsdilli dövlətlərin əsas gücü rolunu
itirmiş oldu. Təriqət mərkəzi kimi çıxış etmək üçün İslam Respublikasının ali rəhbəri, ayətullah
Seyid Əli Xaməneninin nümayəndəsi Əli Əkbər Ocaqnejatın Azərbaycan Respublikasında 5-ci
kolon yaratmaq cəhdi fiaskoya uğradı.
Tehran hakimiyyəti Əfqanıstan, İraq, Suriya, Pakistanda müxtəlif siyasi-ideoloji hərbi
birləşmələrin – “Zeynəbiyyun”, “Fatimiyyun”, “Həşdi Şəbi”- yaranmasına xeyir-dua verib və
onların təminatını üzərinə götürüb. Bu yolla təriqət mərkəzi kimi çıxış edib, bu ölkələrə nəzarəti
perspektivdə ələ keçirməyi, yaxud onların ərazisində qarışıqlıq yaratmağı hədəfləyir. Odur ki, İran
hakimiyyəti yuxarıda sadaladığımız istiqamətlərdə deyil, iğtişaşlar, qarşıdurma yaratmaq,
pozuculuq fəaliyyəti göstərmək üçün mərkəz rolunda oynayır.
Oktyabrın əvvəlindən HAMAS-İsaril müharibəsi başlayıb. HAMAS-ın İsrailə qarşı başlatdığı “ƏlƏksa tufanı” əməliyyatına qarşı tərəf “Dəmir qılınclar” əməliyyatı ilə cavab verir.
Qəzza zolağındakı hökuməti təmsil edən HAMAS iddia edir ki, bu hücumla İsrail ərazisində
həbsdə olan 6 min adamını azad etmək istəyir. İran, onun proksi təşkilatları, habelə Şimali
Koreya, Venesuela və Latın Amerikasında hakimiyyətdə olan bir sıra sol yönümlü qüvvələr
HAMAS-ı açıq şəkildə müdafiə edir.
Tehran hakimiyyəti ilə onları birləşdirən başlıca amil anti-Qərb mövqedə olmaqlarıdır. ABŞ başda
olmaqla bir sıra qərb dövlətləri İrana və onlara qarşı sanksiyalar, məhdudlaşdırıcı tədbirlər tətbiq
edib. Onlar beynəlxalq aləmdə baş verən istənilən bu sayaq hadisələrdə bir mövqedən çıxış
etməklə Qərbə müqavimət göstərməyə cəhd göstərirlər.
Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsində də oxşar mövqe sərgilənir.
Bu hadisələr dünyanı sanki qəsdən iki yerə bölür. Beynəlxalq münasibətlər soyuq müharibə
illərinin xatırladır. 3-cü dünya müharibəsi baş verməsə də, qütbləşmə var.
Belə qütblər arasında barış, atəşkəs, sülh danışığı üçün beynəlxalq vasitəçilərə ehtiyac yaranır.
HAMAS-İsrail müharibəsində də dayanıqlı atəşkəsə nail olmaq üçün nüfuzlu gücə ehtiyac
yaranıb. Bu, kim ola bilər? Bir sıra dövlətlər var ki, onlar münaqişə zamanı tərəfsizliyini hələ
qoruya bilib.
Ancaq əsas məsələ atəşkəsə nail olmaq deyil, Qəzza zolağını Fələstinin bir hissəsi kimi
tanıtmaq, habelə orada vahid idarəetmə sistemini, rəhbərliyi təmin etməkdir.
Fikrimizcə, indiki şəraitdə bu güc ABŞ-dır. Onun ata biləcəyi addım, çağırışı səmərəli olar.
Başqalarının vasitəçiliyi müvəqqəti və nəticəsiz qalacaq.
“Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarlarını irəli sürən İran hakimiyyəti bu müharibədə
neytraldırmı?
İki misal.
Birincisi, İran Prezidenti İbrahim Rəisi Qəzza zolağına hücumu dayandırması üçün dünyanın 50
ölkəsi liderinin İsrailə təzyiq etməsi ilə bağlı müraciət edib. Yəhudi dövlətini siyasi xəritədən
silməyi özünün başlıca siyasi-ideoloji şüarı edən bir rejimin hökumət başçısının çağırışına
qoşulmaq, hətta, ona reaksiya vermək məntiqi deyil, yaxud o şüarı dəstəkləməkdir.
İkinci belı fakt isə Tehranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İravani ilə bağlıdır.
O, İsraili onun ölkəsini bu hadisələrdə günahlandırdığı üçün ittiham edib. Habelə HAMAS-la
müharibədə İsrailin məsuliyyətdən xilas ola bilməyəcəyini vurğulayıb.
Bu savaşda BMT-nin 193 üzvündən yalnız biri, İran HAMAS-ı bütün istiqamətlərdə müdafiə
edir. Bundan başqa, Livandakı “Hizbullah”, Yəməndəki husi qiyamçıları, Suriyadakı Bəşşar Əsəd
rejimi, İraqdakı “Həşdi-şəbi” kimi qüvvələr vasitəsi ilə İsrailə qarşı mübarizə aparır.
Bu kimi müdaxilələr üzündən, münaqişə ocağını körüklədiyi üçün Tehran rejimi HAMAS-İsrail
müharibəsində vasitəçiliyə yaramır. Onun İsraili istənilən şəkildə tənqidi də inandırıcı sayılmır.
Çünki o, 44 ildir dünyanın siyasi xəritəsindən İsrailin silinməsinə çalışır. HƏMAS da onunla eyni
mövqedədir. Belə olan halda, İranın İsraili müdafiə edənləri, yaxud tərəfsiz qalanları ittiham
etməyə mənəvi, siyasi haqqı çatmır.
Ümumiyyətlə, İran hakimiyyəti dünyanın hansı münaqişəndə ciddi və səmimi vasitəçi ola bilər?
Məsələn, Rusiya-Ukrayna müharibəsində, yaxud Gürcüstanın, Moldovanın ərazi bütövlüklərinin
bərpasında bu rolu oynaya bilərmi?
Heç bir arqument, fakt, əsas göstərmədən birmənalı şəkildə demək olar: “Xeyr”.
Çünki İran bütün konfliktlərdə tərəfdir. Bu isə onu barışdırıcılıq missiyasından məhrum edir.
Yada İranın Azərbaycan-Ermənistan münaqişəsində vasitəçilik arzuları düşür. Onda elə zənn
edilirdi ki, Tehran rejimi bir çox cəhətlərdən Azərbaycanın haqq işinə yardım edəcək. Bu
istiqamətdə Ermənistan təzyiq göstərib, bir növ ağsaqqallıq edəcək. Təəssüf, demə, bu rejim
üzdə söz verib, arxada saqqala gülənlərdəndir. Vasitəçilik böyüklərin işidir. Məsələn, Fransa və
ona oxşarlar heç vaxt böyük ola bilmir. Elə İrandakı hakimiyyətinin də şəninə bu cür böyüklük
yaraşmır. Çünki kiçiklərin haqqını yeyib, böyüklər qarşısında buyruqda dayanmaqla böyük olmur.
/pressklub.az/
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.