"Azərbaycanla Ermənistan müharibədən çox atəşkəs üzərindən sülh münasibətlərinə daha yaxındırlar" - ŞƏRH

7-01-2024, 17:07           
"Azərbaycanla Ermənistan müharibədən çox atəşkəs üzərindən sülh münasibətlərinə daha yaxındırlar" - ŞƏRH
"Azərbaycanla Ermənistan müharibədən çox atəşkəs üzərindən sülh münasibətlərinə daha yaxındırlar"
"2023-cü il Azərbaycanın siyasi-hərbi tarixində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ili yazıldı. 2020-ci ildə biz ərazilərimizi işğaldan azad etmiş olsaq da, Qarabağın ərazisini, xüsusən də Xankəndini, Xocalını, Xocavəndi və Ağdərəni nəzarət altına götürməmişdik. Əslində siyasi hərbi hədəflərimiz 2023-cü ildə tamamlandı. Yəni 2020-ci ildə tamamlanmamış siyasi-hərbi hədəflərimiz 2023-cü ilin 19-20 sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə tamamlanmış oldu. Bizim keçirdiyimiz lokal antiterror tədbirləri Azərbaycan dövlətinin nə qədər ləyaqətli şəkildə bu əməliyatları keçirə bilmə məziyyətini ortaya qoydu".
Bu barədə Bizimyol.info xəbər portalına hərbi ekspert Elxan Şıxəliyev danışıb. Onun sözlərinə görə, Qarabağ üzərindən Ermənistanı dəstəkləyən siyasi-hərbi beyin mərkəzləri Azərbaycanın Qarabağda aparacağı əməliyyatlar üzərinə düşünürdülər ki, Azərbaycan mülki əhali üzərinə də hərbi əməliyyatlar keçirəcək. Və sonra bu faktı Birləşmiş Millətlər Təşkilatının və Avropa İttifaqının siyasi institutlarının Azərbaycana qarşı təzyiq və silah kimi istifadə etmə niyyətləri var idi.

“Əgər Azərbaycana lokal antiterror tədbirlərində mülkü əhaliyə qarşı zərbələr etsəydi və yaxud mülki əhalinin məhv edilməsi üzərinə antiterror tədbirlərini keçirmiş olsaydı, bu faktdan Azərbaycana qarşı istifadə ediləcəkdi. Azərbaycan bu faktı vermədiyi üçün qarşı tərəf nə Ermənistan, nə də onu dəstəkləyən qüvvələr Azərbaycana qarşı Azərbaycanı qınayacaq qədər faktları aşkar edə bilmədilər”-deyə hərbi ekspert qeyd edib. O, vurğulayıb ki, Azərbaycan 19-20 sentyabrda Qarabağın da ərazilərini nəzarətə götürməklə, orada olan 10 minə yaxın qeyri-qanuni birləşmənin də ərazilərimizdən çıxarılmasına nail oldu. Nəticə etibarilə Xankəndində Azərbaycanın bayrağı dalğalandı. Və de-fakto və de-yure Qarabağın 2020-ci ildə 8-9 noyabrda Azərbaycanın nəzarətinə keçməyən hissəsi də Azərbaycanın nəzarətinə keçmiş oldu.

"Xankəndində bayrağın dalğalanması ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası anlamını verən bir fakt idi. Bunun arxasınca, Xankəndində hərbi paradın keçirilməsi və cənab Prezident, Ali Baş komandan İlham Əliyevin Xankəndinin mərkəzi meydanından 2024-cü il üçün Ermənistanla münasibətlərimizin yol xəritəsini müəyyənləşdirməsi oldu.

2023-cü ildə Azərbaycanın Ermənistandan sülh sazişinin bağlanması gözləntiləri yüksək olmuş olsa da, Ermənistan bunu hazır olmadığını göstərdi. Ermənistan da biraz əslində bu məğlubiyyəti həzm edə bilmədiyi üçün bir məğlub tərəf kimi də davranmaq istəmədi və sülh sazişi imzalanmadı. Ermənistan sülh sazişinin imzalanmamasının səbəbini sülh sazişi paketində göstərilən bəndlər üzrə hansısa məqamlarda tərəflərin fikirlərini üst-üstə düşmədiyini əsaslandırır. 2023-cü ildə Ermənistanla münasibətlərdə çox mühüm bir məsələ baş verdi. İkitərəfli görüşlərin artıq keçirilməsi üçün 3-cü tərəfin moderatorluğuna ehtiyac olmadan şərti sərhəddə ən azından 5 görüş keçirildi. Bu, mühim amillərdən biri idi. Digər bir mühim amil də əsirlərin dəyişdirilməsi oldu. Əsirlərin dəyişdirilməsi prosesinin 3-cü tərəfin iştirakı olmadan keçirilməsi, Azərbaycanla Ermənistanın münasibətlər tarixində bir ilk idi. Bu zaman qədər əsirlərin dəyişdirilməsi, ATƏT-in Minsk qrupu və səhra komandirlərinin iştirakı ilə baş verirdi.

2023-cü ildə düşünürəm ki, Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılması ili oldu. İlin sonuna yaxın artıq AvroAsiya İqtisadi İttifaqında Azərbaycan Respublikasının prezidenti ilə Ermənistanın baş nazirinin 3-cü tərəfin iştirakı olmadan görüşməsi və müzakirələr aparması baş tutdu. Bu da o demək idi ki, Ermənistan və Azərbaycan siyasətçiləri arasında, dövlətlər arasında, dövlətin rəsmiləri 3-cü tərəfin olması şərti aradan qaldırılıb, buzlar əriyib. İndi istənilən halda, Azərbaycan dövlət aparatı səviyyəsində Ermənistanın baş naziri səviyyəsində telefon əlaqələri, danışıqlar və müzakirələr aparmaq mümkündür. Ermənistanla münasibətlərdə ən mühim məqamlardan biri bu oldu"- deyən Elxan Şıxəliyev hesab edir ki, 2024-cü ildə bu davam edəcək.

“Bunun ardınca etimad mühitinin yaradılması, tərəflərin, rəsmilərin, dövlət başçılarının 3-cü tərəf olmadan görüşləri, heyətlərin görüşləri, qeyri-hökümət təşkilatlarının görüşlərini, eyni zamanda kommunikasiyaların açılması üzərinə Ermənistanın qərarlılığını müşahidə edə biləcəyik. Məsələ ondan ibarətdir k, sülh sazişi imzalanmasa da, müharibə şəraitinə də əsas verəcək amillər yoxdu. Yəni adətən sülh sazişi olmayanda, atəş dönəmində tərəflər ya müharibəyə yaxın olurlar, ya da sülhə yaxın olurlar. Bu gün Azərbaycanla Ermənistan müharibədən çox atəşkəs üzərindən sülh münasibətlərinə daha yaxındırlar” -deyə ekspert vurğulayıb. O, bildirib ki, bu gün Azərbaycan və Ermənistan münasibətində anklavlarımızın - 8 kəndin Azərbaycana qaytarılmasıdır. Bu 2023-cü ildə baş vermədi, 2024-cü ildə onların geri qaytarılması "olmazsa olmaz"larımızdan olacaq. Digər bir məsələ, Naxçıvana Ermənistan ərazisindən Zəngəzur koridorunun açılması, kommunikasiyanın açılması, dəmir yolunun və nəqliyyat yolunun Azərbaycanın istədiyi bir statusda açılması olmazsa, olmazlarımızdandır. Eyni zamanda şərti sərhəddin də delimitasiya və demarkasiyası başlamalıdır.

Ekspert hesab edir ki, 2024-cü ildə bütün bu proseslər başlayacaq. Elxan Şıxəliyevin fikrincə, 2023-cü ili bütün dönəmlərdə Azərbaycanın tarixində ən uğurlu il kimi qiymətləndirə bilərik. 2024-cü ildə prezident seçkilərinin keçirilməsi bu uğuru bir qədər də möhkəmləndirəcək. Azərbaycan çox fərqli dövlət idarəçiliyi və çox fərqli iqtisadiyyat dönəminə keçəcək. Bununla da, xalqımızın sosial rifahının yüksəldilməsi əsas prioritet məsələlərdən olacaq.

“2024-cü ildə COP 29-un Azərbaycanda keçirilməsi çox önəmli bir hadisə olacaq. Xarici ölkələrdən nümayəndələrin Azərbaycana gəlməsi, iştirak etməsi çox önəmlidir. Digər bir məsələ, işğaldan azad olunan ərazilərimizdə kommunikasiyaların iqtisadi inkişafıdır.

2024‐cü ildə Ermənistanla və ya digər qonşu dövlətlərlə müdafiə doktrinimizi və təhlükəsizlik konsepsiyamızı təhdid edən məqamlar olmayacaq. Müharibə ehtimalı olmayacağını düşünürəm. Ermənistanla siyasi münasibətlərin, İranla münasibətlərimizin yüksək səviyyəyə keçə bilməsi üçün 2024-cü ili gözləməliyik”-deyə ekspert vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.