Etnik Sözlü Milli Azlıqdan Bəşəri Milli Səsə Ucalan Metr və yaxud “İslandı bir parca azadlıq arzum”, - misralı Şairin Nasir-Tərcüməçi, Publisist, Redaktor Yaşamına Leysan Yağışı-Yazısı

11-01-2024, 11:52           
Etnik Sözlü Milli Azlıqdan Bəşəri Milli Səsə Ucalan Metr və yaxud “İslandı bir parca azadlıq arzum”, - misralı Şairin Nasir-Tərcüməçi, Publisist, Redaktor Yaşamına Leysan Yağışı-Yazısı
Bu dəqiqə sovet dövrünün coğrafiya kitablarında Azərbaycanın il ərzində ən çox yağıntı düşən və tərkibi etniklərdən ibarət olan kəndində oturub, axşamdan yağan yağışın murdar-müləvvəs etdiklərinə - ağaclara, bitkilərə, adamlara baxmağıma son verib bu yazıya başlayıram!
Hər yağış gözəl yağış sayılmaz – hər şeir gözəl şeir sayılmadığı kimi!
Hər şair (nasir, dramaturq, tərcüməçi, redaktor, publisist) gözəl sayılmaz – hər yağan yağış kimi!
Şair var – qardır dağlarda, əriməz!
Şair var – qar içində qurddur dağlarda!
Şair var yağışdır – bərəkətlidir: taxıl zəmisini korlamaz, pambıq tarlasını puça çıxarmaz, camaatı selə tutmaz!
Şair var yağışdır, qardır – yerində və vaxtında həyatın davam etməsi üçün, insanların ehtiyaclarını ödəməsi üçün, rəssamlar üçün çəkməyə peyzajdır, rejissorlar üçün əvəzsiz kadrdır!
Dağda qar olanı, aranda yağış olanı var Şairlərin Dünyada! Dünyada dağda qar, aranda yağış, rəssamlıqda peyzaj, kinoda obraz-kadr Şairlər də var – tək-tük!
Onlar Millilik baxımından yanaşanda Dünyanın eütnikləridir!
Dünyanın Milli Şairləri hamı üçün olanıdır!
Azərbaycanın Poeziya Dağlarında Qar Şairləridir Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə!
Azərbaycanın zərif və həzin Yağış Şairləridir Əli Kərim, Əliağa Kürçaylı, Ramiz Qusarçaylı, Ayaz Arabaçı, Zahid Sarıtorpaq, Rauf Qaraişıq, Xan Rəsuloğlu (“çovğun, boran, dolu, buzlaq” qrafasını açmayacam bu yazıda)…
Azərbaycan Poeziya Planetinin Bəstəkar, Rəssam, Rejissor Şairi fikrini məndə heç kim yaratmayıb. Bu fikrə gəlməyə, belə düşünməyə heç kimlə söhbətim, heç kimin kimsə ilə söhbəti məni təşviq, təhrik etməyib.
Ömrümün ağlım kəsən 50 ilində bəlkə də heç 5 dəfə üz-üzə gəlmədiyim-görüşmədiyim, amma 50 ildən artıq Yaradıcılıq stajı olan Baba Vəziroğlu haqqında bu gün “dejurnıy” yubiley yazılarını oxuyarkən birdən eyməndim, diksindim… bu qədər eybəcərləşən ədəbi mühitdə, bu qədər sosyetikləşən cameədə, bu qədər buqələmunlaşan siyasi həyatda nədən bu çalar diqqətə alınmayıb!? Axı Baba Vəziroğlu hər zaman, ruslar demiş, “bıl na plavu”?
BƏRİ BAŞDAN ONUNLA BAŞLAYAQ Kİ:
Bu gün Azərbaycanda İSTƏNİLƏN SAHƏDƏ, illah da ki ədəbi cameədə kimsə uğurludursa, mütləq aparıb bir oliqarxa calayırlar – biri elə Baba Vəziroğlu! Nə bir kişi oğlu kişi, nə də bir qul oğlu qul demir ki, a bala, Baba Vəziroğlu 70-ci illərdə - sovet dönəmində S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin müqtədir və möhtəşəm dekanı, sözü qılınc kimi bir dəfəyə ikitərəfli kəsən Şirməmməd Hüseynovun üzünə qapı çırpıb fakültə ilə üzülüşəndə Kamal – Kəmaləddin Heydərov var idi? Düşünməkdənsə ki, Baba Vəziroğlu o qədər dəyərli və ləyaqətli imzadır ki, Kəmaləddin Heydərov onunla simsar olub! Elə bil Kəmaləddin Heydərov kiminlə gəldi salam-əleyk edir, bir süfrədə oturur, ürəyi istəyəndə durub zəng edir!
Elə bil, Baba Vəziroğlunun əvəzinə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda başqası gedib oxuyub, Baba Vəziroğlnunu adını diploma yazdırıb? O boyda möhtəşəm tərcümələri kim edib ki, onun əvəzinə (İ. Karacalenin "İtirilmiş məktub" dram əsəri), SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülüb – 1983-cü ildə? 1984-cü ildə ADR Yazıçılar İttifaqının dəvətiylə kim öz əvəzinə göndərmişdi ki, Baba Vəziroğlunu yaradıcılıq ezamiyyətinə? – “Biləcəridən o yana tanınmırlar” ittihamında bulunanlar arada belə faktlarla tanış olsalar yaxşı olar, bir şərtlə ki, almanları da üzgörənlikdə qınamasınlar!
Yox, bunlar xırdaçılıq olar – avtobioqrafik təqdimat mənlik deyil, biblioqrafların haqqına girməyək!
Məni dilləndirən 70 yaşın tamamı – yubiley oldu!
ÇÜNKİ azından 50 ildir mən eşidirəm və oxuyuram: “Sözləri Baba Vəziroğlunundur”!
Baba Vəziroğlu təkcə 2010-cu ildə mükafatlandırıldığı titulun – “ilin nəğməkar şairi” – daşıyıcısı deyil, həm də Şeiri Mahnı kimi bəstələyən Bəstəkardır!
Şeirləri, bütövlükdə Poeziyası rus mühitindən Vısotski, dünya çapında Xulio İqlesias, Çelentano ladında yazdığı mahnı-ritm-nəğmə tələb edən konstruksiyadır!
Şeirləri tərpədir not çipini, dingildədir musiqi alətlərinin simini – mümkün deyil, sadəcə oxumaq! Ya oxuduqca gözünün qarşısında təbiət peyzajı olacaq, ya kinolenti hərəkətə gələcək!
İstənilən şeiri! “İstənilən şeiri” deyirəm!
Baxın o şeirlərə bir də - görün dağlara qar kimi necə yağır və Müəllifinin surətini əks edir!
Baxın o şeirlərin istənilən birinə - görün susuz çöllərə necə layla çalır, necə yaşıl dona bürüyür və necə də gözəl seyrə dəvət edir, müsafir və müsahib edir Müəllifiylə!
“Qar” Baba Vəziroğlu üstünə un kimi ələnir, şümal, qıvrım – fərq etməz, - saçlarında hər bir söz necə damcı-damcı sıralanır, misralar necə kipriyə çevrilir!
Baxın hər mənzərə-peyzaj nə qədər incəliklə rəng alır, fon necə dəyişir, surət necə öz obrazına girir, alletrasiya hərflərdə yox, sözlərdə, misralarda hansı dinamika ilə ritmi tənzimləyir – bir anda həm notu-ritmi, həm rəngi-mənzərəni, həm də kadrı-obrazı düşünməli olursan!
Min mahnıdan heç birini istisna etmirəm: “Qalanı… xatirədir” bəs edir!
Minlərlə şeirin heç birindən misal gətirmirəm, təkcə bir misrası bəs edir: “İslandı bir parça azadlıq arzum!”
Vətəndaş-ziyalı mövqeyini təsdiqləyən bircə müsahibəsindəki bircə fikir də bəs edir: “İcra başçılarının 70 faizini nəinki işdən çıxarmaq, həbs etmək lazımdır!”
Əməkdar incənsənət xadimi olmağının qarşılığını elə bircə fikrinə istinad da bəs edir: “Əbülfəs Qarayev hər gün işə gələndə deyirdi ki, gətirin görək kimə “xalq artisti”, kimə “əməkdar” adı verək?” (bu hissəni yazmazdım, əgər Əbülfəs Qarayevin Aygün Bəylərə niyə “xalq artisti” adı verilməməsinə münasibəti yayımlanmasaydı!)
Kişi bir sözü bir dəfə deyər!
Baba Vəziroğlu KİŞİ (həm də şair, ziyalı, vətəndaş, laureat, kavaler) KİMİ DEMƏLİ SÖZÜ HƏR YERDƏ BİR DƏFƏ deyib!
Bu ölkədə BİR SÖZÜ İKİ DƏFƏ deyəndə, adamdan soruşurlar ki, sən nə istəyirsən?
DEMƏYİM O Kİ… Baba Vəziroğlu bu gün Baba Vəziroğlu olmayıb, O, dünən də və dünəndən DÜNƏNİN Baba(Vəziroğlu)sıydı!
Həm də SABAHIN BABASI O olacaq: Baba Vəziroğlu sevməyin, sevginin anlamını Sözlə, Səslə, Şəkillə, Kadrla çatdıran nadir Müəlliflərdəndir!
Dağda Qar (heç bir duman, çiskin onu görünməz edə bilməz), Aranda Yağış (atılan yüzlərlə buluddağıdan top heç bir təsir etməz – uzaqlıq-ucalıq fərqi var), Gözlərdə Şəkil (heç kimə görməməyi əmr edə bilməzsən), Tarixdə Kadr (yaddaş o qədər gizlindir ki, düşmən nüfuz etmək gücündə deyil!) olaraq!
Mən Baba Vəziroğlu haqqında düşünməyə başlayanda ağlıma gələn ilk o oldu ki, Azərbaycanda cəmi iki hapıt kəndi var: Mollaisaqlı və Hacıhətəmli. Baba Vəziroğlu da birində dünyaya gəlib, ikincisində orta məktəbi bitirib!
Azərbaycanda iki dil hakim olub: Azərbaycan və rus!
Baba Vəziroğlu da birində qəbul olunub (S.M.Kirov adına ADU), o birisində (M.Qorki adına Ədəbiyyat İnstitutu) bitirib!
Və… mən Baba Vəziroğlunu çox istəyirəm TƏK BİR O səbəbdən ki, Azərbaycanda YEGANƏ şair, yazıçı, nasir, tərcüməçi, publisistdir ki…
Etnik Sözlü Milli Azlıqdan Bəşəri Milli Səsə Ucalan Metrdir – Azərbaycanın digər yaradıcı adamlarından fərqli olaraq, Azərbaycan dilini orta məktəbə gedəndən sonra öyrənib və Azərbaycan Dilini Şərəfləndirməklə Şöhrətə çatdırır!
Digər etnik, azsaylı xalq və milli azlıqlardan heç kim bu ucalığa yüksəlməyib (mən istisnayam da – həm də mən şair deyiləm axı!)!
İKİNCİSİ, heç kim son 50 il ərzində dəyişən formasiyalar və sistemlər qarmaqarışıqlığında Baba Vəziroğlu qədər siyasi səbat, ədəbi müdriklik sərgiləməyib! Düzdür, yeri olmasa da deyim ki, müstəqilliyə yenicə qədəm basan Azərbaycan üçün çox həssas məqamda talış, ləzgi və hətta tat şairləri-yazıçıları nəinki replika atmaqdan, üstəlik də siyasi buynuz göstərməkdən belə çəkinmədilər, hələ mən ermənilərə qoşulan kürd peşmərgələrini demirəm!
SƏRT DESƏK, Baba Vəziroğlu kimi 4-ü 1-də Şairi olmasaydı da Azərbaycanın, ayrı-ayrı 4 türk kökənli şairi bir almanaxa toplayıb yerini doldurmaq olardı, sevgi, vətən, dövlət haqqında mədhiyyələri və həqiqi sənət əsərlərini də kompensasiya etmək olardı, amma Baba Vəziroğlu Doğulduğu Ölkəyə-Vətənə, mənsub olduğu Xalqa, vətəndaşı olduğu Dövlətə acılar yaşatmadı, əksinə, Nümunəvi bir Model töhfə etdi!
Təsəvvür edin: bu günə qədər Azərbaycandan kənarda yaşayan Azərbaycan kökənli yaradıcı adamları – onlar bizə necə yuxarıdan aşağı baxırlar, bəzən özlərini bizdən saymırlar, elə umsuna-umsuna qalırıq!
Amma Baba Babalıq elədi! 70 yaşınacan bu imic-ürək-xidmət nəyə desən deyər!
Və… Baba Vəziroğlu bunu PKK-Asala peşmərgələri kürd-erməni mənsubluğunu gizlədib türkçülük pərdəsi altında missionercəsinə gizli, ləzgi “sadval”istləri, talış “separatçıları” kimi də guya açıq-aşkar, mərd-mərdanə don geyindirməklə yeddi arxın suyunu bir dərəyə daşımadı!
Dövləti üstün bildi – daha doğrusu, bu barədə bir dəfə də çıxış etməsə də, həmişə əməlində bunu nümayiş etdirdi!
Sözü Səsə, Şəklə, Kadra çevirdi – Özü necə sevdi bu Vətəni-Dövləti, Azərbaycan xalqlarını, biz baxdıq, öyrəndik!
Baba Vəziroğlunu həm də bütün Yaş Dönəmlərində LOTU OĞLAN-imza-müəllif olmağına görə çox sevirəm: heç bir yaşında heç kimdən çəkinmədi - 20, 30, 40, 50, 60, 70 yaşında belə!
Bu fikri də məhz ona görə yazdım ki, İmzalar tanıyıram ki, durub adicə təbrik yazsam, təbrikimi sildirər e!
Baba Vəziroğlunun “birdən “orda” oturanlar oxusa, nə deyərlər” qorxusu yoxdur – olmayıb, bundan sonra da olası deyil!
Şair həm də Yaradanın Yaradıcı missiyası bəxş etdiyi, görəvləndirdiyi İlahi Şəxsiyyətdir!
Baba Vəziroğlu bu missiyanı-görəvi doğrultdu!
Məhz bu əminliyə görə və təltif-titul üçün “ədəbi-siyasi çiççolinalar”ın qarşısında təzim etmədən 70 yaşına çatan Şairimi (Nasirimi, Tərcüməçimi, Redaktorumu, Publisistimi) sevgilərlə təzim edərək YUBİLEYİNİ TƏBRİK EDİRƏM!
YAZIYA SÖZARDI: “Azərbaycanın xalq şairi” – 1000 mahnısı xalq tərəfindən sevilən Baba Vəziroğlu ranqında, rütbəsində, ucalığında Qar, Yağış, Şəkil, Kadr üçündür! – mən az ağlımla belə düşünürəm və niyəsini də açıqladım!
Şükür Böyüklərin məsləhətinə - Allah öz təqdimatını 70 il qabaq edib!
Aydın Can
Teef: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.