Sülh müqaviləsinin böyük sirri

23-01-2024, 08:44           
Sülh müqaviləsinin böyük sirri
Nə? Harada? Nə vaxt?
Xaqani Cəfərli
Təxminən 15 ay öncə, 2022-ci ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev ilin sonuna
kimi sülh müqaviləsinin imzalana biləcəyini bəyan etmişdi. Bu, Praqada Fransa prezidenti
Emanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın baş
naziri Nikol Paşinyanla keçirdiyi görüşdən sonra idi. Bu nikbinliyi yaradan məqam Azərbaycanın
irəli sürdüyü beş baza prinsipinə nə Ermənistanın, nə də Avropa İttifaqının etiraz etməməsi idi.
Hətta Praqa görüşündən əvvəl, 2022-ci ilin aprelin 12-də Prezident İlham Əliyev Ermənistanla
aparılan danışıqlardan bəhs edərkən Azərbaycanın irəli sürdüyü beş baza prinsipini İrəvanın
qəbul etdiyini bildirmişdi.
Yayılan məlumatlar sülh müqaviləsinin mətninin razılaşdırıldığı qənaətini yaradırdı. Hətta
Ermənistanla sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın
reqlamenti də təsdiqlənib.
Ümidverici bəyanatların səsləndiyi Praqa görüşündən 15 ay ötür və hələ də sülh müqaviləsinin
nə zaman imzalanacağı bəlli deyil.
Problem nədir? Müqavilənin imzalanmasına nə mane olur?
Müşahidələr göstərir ki, sülh müqaviləsinin imzalanmasına əsas maneə müqavilənin hansı
dövlətin vasitəçiliyi ilə və harada imzalanması məsələsidir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də 2023-cü ilin yekunları ilə bağlı mətbuat
konfransında bəyan edib ki, qərbli həmkarlarımız Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər. Sülh müqaviləsinin Rusiya
ərazisində imzalanmasında maraqlı olduqlarını bəyan edən Lavrov Azərbaycanın buna hazır
olduğunu, İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmədiyini bəyan edib. Lavrovun bu
açıqlamasından doğan qənaət ondan ibarətdir ki, Qərb sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi
imzalanmasını istəmir, Ermənistan isə ən azı tərəddüd edir.
Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başlaması və Ukrayna ərazində çoxsaylı
hərbi və insanlıq əleyhinə cinayətlər törətməsindən sonra Azərbaycanla Ermənistan arasında
sülh müqaviləsinin Moskvada imzalanmasını Qərb dövlətləri məqbul hesab etməyə bilər.
Rusiyanı beynəlxalq münasibətlərdən təcrid edən Qərb Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsinin Moskvada imzalanması ilə Rusiyanın beynəlxalq aləmdə mövqeyini
gücləndirəcəyini düşünür. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin
Moskvada imzalanması ilə Rusiyanın postsovet məkanında sarsılan mövqeyinin bərpa olmasına
yol açacağına görə Qərb buna yol vermək istəmir.
Rusiyaya etimadı qalmayan və gələcəyini Avroatlantik blokda görən Ermənistan da sülh
müqaviləsinin Moskva imzalanmasından yayınır.
Belə qənaət yaranır ki, sülh müqaviləsinin harada imzalanması böyük dövlətlərin rəqabət
səbəbinə çevrilib. Bu rəqabət səngiməyənə və ya Azərbaycanla Ermənistanın ortaq qərar
verəcəyi zamana kimi sülh müqaviləsinin imzalanması mümkün görünmür.
Azərbaycanın maraqları baxımından da sülh müqaviləsinin Moskvada imzalanması arzuolunan
deyil. Son zamanlar Fransanın qərəzli mövqe tutması Rusiyanın vasitəçiliyini seçmək üçün
Azərbaycan hakimiyyəti üçün əlavə arqumentə çevrilir. Bəzi ekspertlər də Azərbaycan
hakimiyyətinin bu mövqeyini bölüşürlər. Lakin fikrimcə, indi əlverişli görünən bu məqam
gələcəkdə bizim əleyhimizə işləyə bilər.
Sülh müqaviləsinin harada imzalanamasını niyə bu qədər mühümdür? Bunun önəmi nədən
ibarətdir?
Bu barədə növbəti yazıda
Pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.