e-Polis tətbiqi istifadəyə verilib.

30-01-2024, 10:08           
e-Polis tətbiqi istifadəyə verilib.
"102 xidməti" mobil tətbiqi hazırdı. Məhkumluq arayışları rəqəmsallaşdı.
DİN rəqəmsal transformasiya istiqamətində ciddi bir addım atıb.
Nazirlik ötən il hazırladığı e-Polis mobil tətbiqinin nəhayət ki 1.3 versiyasını aktivləşdirib. İlk baxışdan hiss olunur ki, xeyli əmək sərf olunub.
Bir xeyli informativ xidmətlər və bir neçə də faydalı rəqəmsal xidmətlər tətbiqə daxil edilib. ASAN loginə inteqrasiya edilib. FİN kodla da daxil olmaq mümkündür.
Tətbiqdə DİN –nin bütün strukturları, Avtomobillərim, Cərimələrim və İnformativ xidmətlər bölmələri yer alıb.
Sənədlərim bölməsində isə Sürücülük vəsiqəsi, Passport, Şəxsiyyət vəsiqəsi, Arayışlar və Etibarnamələr yer alıb.
Ən faydalı bölmə MÜRACİƏTLƏR bölməsidir.
Buradan müxtəlif xidmətlər üçün, məsələn Məhkumluqla bağlı, Nəqliyyat vasitəsinin zədələnməsi , axtarışda olması və yüklü olması ilə bağlı, İcbari sığorta ilə bağlı, vətəndaşın olduğu yer üzrə ARAYIŞLAR üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək olar.
e-Polis-də borcla bağlı ölkədən çıxışa STOP qoyulmasını da, İşğaldan azad edilmiş ərazilərə buraxılış icazəsinin mövcudluğunu yoxlamaq olar.
Ümumiyyətlə, istənilən bir mövzu üzrə e-müraciət və müraciətlərin izlənməsi imkanları da var.
Ən əsas və vacib məqamlardan biri də, bizim həmişə vurğuladığımız “mobil 102” xidmətlərinin bir çoxunun burada öz əksini tapmasıdır. Yəni belə demək mümkünsə “102 Zəng xidməti”nin xeyli hissəsi artıq rəqəmsallaşdırılıb.
e-Polis-dəki “Virtual 102” xidmətindən istifadə edərək, multimedia formatda, yəni görüntülü və ya səs formasında, həm də yazılı olaraq “102 Zəng xidməti”nə müraciət və şikayət etmək olar,
Fikrimcə e-Polis mobil tətbiqi DİN-in, bütövlükdə polis sistemin rəqəmsallaşması istiqamətində, rəqəmsal hökumət quruculuğu istiqamətində uğurlu bir addımdır.
Bu rəqəmsal həll DİN xidmətlərinin və polisin əlçatanlığı və operativliyi üçün, polislə münasibətlərin daha şəffaf və effektiv qurulması üçün, vətəndaş məmnunluğu və rahatlığı üçün olduqca faydalı və əhəmiyyətlidir.
Düşünmək olar ki hələlik DİN bu mobil resursu test formasında, BETA versiya olaraq işə salıb. İstənilən halda DİN cox təqdirəlayiq bir iş görüb, əminəm ki qısa bir müddətdə ciddi və faydalı rəqəmsal hökumət həllinə çevriləcək.
Yeri gəlmişkən, e-Polisi test etdikdə bəzi xırda kəm-kəsilər də gözümə dəydi.
Xüsusilə də bəzi vacib xidmətlərin hələlik rəqəmsallaşmadığı, vətəndaşlar üşün vacib hesab oluna biləcək bəzi məqamların hələlik resurda olmadığını da müşahidə etdim.
Məsələn, “Virtual 102” –də SOS rejiminin olması faydalı olardı. Bununla da ən vacib anda vətəndaşın kordinatının müəyyən olunması və ən yaxınlıqda olan polislə kontakt qurulması imkanını yaratmaq olardı.
Eyni zamanda kifayət qədər ictimai əhəmiyyət kəsb edən və populyar olan ( nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və yenidən qeydiyyatı, avtomobillərin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi, texniki baxışla bağlı müəyyən xidmətlər və s.) xidmətlərin də bu faydalı resursda olması onun əhəmiyyətini hədsiz artırardı.
Ümid edirəm qarşıdakı mərhələdə bunlar da həllini tapacaq.
Osman Gunduz
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.