Tramp yenidən prezident SEÇİLƏRSƏ... – Dünyanı NƏ GÖZLƏYİR?

2-02-2024, 12:18           
Tramp yenidən prezident SEÇİLƏRSƏ... –
ABŞ-da Prezident seçkiləri yaxınlaşdıqca, namizədlər arasında mübarizə kəskinləşir. Hazırda Respublikaçılar arasında partiya namizədi olmaq istiqamətində rəqabət gedir. Hansı ki, bu mübarizədə sabiq Prezident Donald Tramp digərlərini əhəmiyyətli dərəcədə üstələyir. Onun çıxışları seçicilər arasında daha geniş rəğbət qazanmağa başlayıb. Bu fonda da Trampın yenidən Ağ Evə qayıtmaq şansları günü-gündən artır.

Görəsən, Tramp yenidən ABŞ Prezidenti olsa, dünya siyasətini nə gözləyir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Trampın yenidən Prezident seçilməsilə beynəlxalq münasibətlərdəki gərginlik müəyyən qədər azalacaq:

“Amerikanın xarici siyasətində ənənəvi olaraq kardinal dəyişiklik baş verməsə də, bu istiqamətdə respublikaçılarla demokratların mövqeyi xeyli dərəcədə dəyişir. Demokratların hakimiyyəti dönəmində xarici siyasət daha aqressiv və ABŞ-ın mövqeyi daha diqtəedici olur. Respublikaçı prezidentlər isə bir qayda olaraq Amerikanı daha çox daxili siyasətdə gücləndirməyə çalışır, iqtisadiyyata əsas önəm verirlər. Beləliklə də, demokratların dağıtdığını bir növ respublikaçılar bərpa etməyə çalışır.

Tramp öz dəsti-xəttilə ABŞ və dünyada tanınan liderdir.

Daha çox da texnokratiyanın nümayəndəsidir. Tramp üçün prioritetlər iqtisadi məsələlər, Amerikanın dünya bazarında mövqeyinin genişlənməsi və ölkə daxili problemlərin həllidir. Bu mənada düşünürəm ki, Trampın yenidən Prezident olması beynəlxalq münasibətlərdəki gərginliyin müəyyən qədər azalmasına gətirib çıxara bilər.

Hazırda isə beynəlxalq münasibətlərdə sərt gərgin ab-hava hökm sürür. Avropadan tutmuş Yaxın Şərqə qədər müxtəlif səviyyəli müharibələr gedir ki, onlarda da ABŞ-ın əli var. Nəhayət dünya nəfəs almalı, yaşanan gərginlikdə pauza yaranmalıdır ki, dövlətlər və beynəlxalq münasibətlər sistemi özünü toparlaya bilsin. Trampa son dövrlər daxildə artan simpatiya da bununla əlaqədardır”.

Rüfət Sultan


Mənbə: bizim.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.