Hazırda ermənilər Şuşanın azı 5 məntəqəsində yaşayır... - Malıbəylini unutduqmu?..

20-08-2021, 11:29           
Hazırda ermənilər Şuşanın azı 5 məntəqəsində yaşayır... - Malıbəylini unutduqmu?..
Azərbaycan ordusunun 44 günlük müzəffər yürüşü nəticəsində imzalanmış 10 Noyabr üçtərəfli razılaşmasından bəri Azərbaycan mediasında mütəmadi olaraq Şuşa rayonuyla bağlı bir yanlış məlumat vurğulanır:

“Hazırda Şuşa rayonunun 4 kəndi ermənilərin nəzarətindədir: Böyük Qaladərəsi (ermənilər “Mets Şen” deyirlər), Kiçik Qaladərəsi (“Xin Şen” ), Sarıbaba(yaxud Salatınkənd) (“Yextsaoq”) və Turşsu (“Lisaqor”)...” Ermənilər bu məlumatı bilərəkdən yayır, bizlər isə kopiyalayırıq...

Moderator.az olaraq bu mövzuda dəqiqləşmə aparmağı zəruri hesab edirik:

Əvvəla, Şuşa rayonunun hazırda ermənilərin yaşadığı Turşsu yaşayış məntəqəsi kənd yox, qəsəbə hesab olunur. İkincisi də, 1992-ci ilin fevralında 4 tərəfdən mühasirəyə alınaraq Yuxarı Quşçular, Aşağı Quşçular erməni terrorçuları tərəfindən kəndləri ilə birgə işğal olunmuş Malıbəyli kəndini unutduqmu?..

O da maraqlıdır ki, Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular kəndləri sanki bir “anklav” kimi Şuşa rayon sərhədlərindən xeyli aralıda Xankəndi şəhərinə bitişik ərazidə yerləşib...

Son məlumatlara görə, hazırda Malıbəyli kəndi ərazisində ermənilər kompakt şəkildə yaşayır. Çünki 30 ilə yaxın işğal müddətində ermənilər tərəfindən tikintilərin aparılması səbəbindən bu kənd cəmi 2-3 km məsafədə yerləşən Xankəndi şəhərinə birləşib. Hazırda isə separatçı-terrorçu rejimin axtarışa verdiyimiz rəhbəri Araik Arutyunyan “Stepanakertin (Xankəndi - S.L.) Açapnyak rayonu” adlandırdıqları Malıbəyli kəndi ərazisində Ağoğlandan(“Hadrut”) köçmüş ermənilərin bir hissəsini yerləşdirmək niyyətindədir. Bu yaxınlarda Moderator.az bu haqda həmin kənddən məcburi köçkün olan keçmiş könüllü tabor komandiri, ehtiyatda olan kəşfiyyatçı polkovnik Azay Kərimovun şərhi ilə geniş məlumat verib(bax://moderator.az/read/387988/ ).

A. Kərimovun sözlərinə görə, Yuxarı Quşçular, Aşağı Quşçular kəndlərində ermənilər yaşamır.
Xatırladaq ki, Şuşa rayonu İcra Hakimiyyətinin rəsmi saytında verilən məlumata görə,
“işğaldan qabaq rayon ərazisində 1 şəhər, 1 qəsəbə (Turşsu), 37 kənd olub: Daşaltı, Göytala, Xanalı, Həsənabad, İmamqullar, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar, Allahqullar, Həsənqullar, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər”.

44 günlük Qarabağ savaşından sonra isə Şuşa rayonunun Azərbaycan dövlətinin rəsmən nəzarətinə keçən cəmi iki yaşayış məntəqəsi var: Şuşa şəhəri və Daşaltı kəndi. Digər 37 yaşayış məntəqəsindən isə 5-də qeyd etdiyimiz kimi, ermənilər yaşayır. Rusiya sülhməramlılarının(?) nəzarətində olan digər 32 kəndə isə ermənilərin lazım olanda sərbəst gedib-gələ bilməsi haqda dəqiq məlumat yoxdur...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru