"Sülhməramlılar hansı səlahiyyətin sahibidir ki, Qarabağda rus icması yaradır?" - Deputatdan ETİRAZ
13-12-2021, 17:07

Rusiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə başlayıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordovun Qarabağdakı rus icmasına rəhbər seçilməsi xəbəri yayılıb.
Dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başlanılıb. Bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri təşkil edir.
Bəs görəsən, Rusiya sülhmərmalılarının Qarabağda belə bir icma yaratmaqda məqsədi nədir? Buna sülhməramlıların səlahiyyəti çatırmı?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Elman Məmmədov cavablandırıb. O bildirib ki, sülhməramlıların bu addımı qurama və saxtakarlıqdır:
“Ömrümün 42 ilini orada yaşamışam. Xankəndidə yaşayan rus əsilli insanların sayı hələ Sovet dövründə barmaqla sayılacaq qədər az idi. Təqribən beş altı ailə var idi. Onlar da orada ilişib qalan hərbçi ailələri idi. Çünki o vaxt Sovet İttifaqına məxsus hərbi hissə yerləşirdi. Lakin hərbi hissədə qulluq edənlər orada yaşamırdı. Hərbi xidməti başa çatanlar çıxıb gedirdi. Birinci Qarabağ müharibəsi vaxtı o ərazilərdə yaşayan ruslar köçüb getmişdi. Ermənilərlə ailə quran rus qadınları ola bilsin ki, var. Onların da sayı 10-dan çox olmaz. Dəfələrlə dmeişəm ki, Rusiya sülhməramlıları erməniməramlıdır. Onlar gah dədələrinə heykəl qoyur, gah kilsə tikir, ermənilərə hər cür humanitar yardım edirlər. Yəni sülhməramlılar Qarabağda min oyundan çıxır. Onlar bunu etməklə bu mesajı verir ki, biz gəlmişik burada qalmağa. Onların bütün hərəkətləri qanunlarımıza ziddir və qanun pozuntusudur. Rusiya sülhməramlısı müvəqqəti mandatla gəlmiş hərbçilərdir. Onlar hansı səlahiyyətin sahibidir ki, Azərbaycan dövlətinin ərazisində rus icması yaradır? Bunu Azərbaycan dövlətinin rəhbərliyindən soruşublarmı? Belə bir icazələri varmı? Təbii ki, yoxdur. Yəni onlar qəsdən suyu bulandırmağa çalışır”.
Deputat bildirib ki, sülhməramlılar Qarabağda münaqişənin sönməsini istəmir:
“Əksinə, onların bütün fəaliyyəti münaqişə ocağının daimi qüvvədə qalmasına hesablanıb. Onlar istədikləri vaxt bu münaqişədən istifadə edib öz xeyirləri üçün istifadə etmək mqəsədi güdür. Hesab edirəm ki, Azərbaycan Respublikasının müvafiq qurumları onları bu məsələlərdən çəkindirmək üçün təcili tədbir görməlidir. Sülhməramlılar Qarabağdakı separatçılarla əməkdaşlıq edir. Separatçıların fəaliyyətinə şərait yaradırlar ki, bu da qanun pozuntusudur. Sülhməramlı kontingenti Laçın dəhlizinə nəzarət etmək əvəzinə sərhədçilik edir. Cinayətkar dəstələrin, Ermənistan rəsmilərinin Qarabağa gəlib getməsinə şərait yaradırlar. Bütün bunlar yolverilməzdir. Rusiya dövlətinin və prezidentinin xoşuna gələrmi ki, kimsə onun ölkəsində özbaşınalıq etsin? Bütün bunlar Azərbaycana qarşı hörmətsizlikdir. Sülhməramlılar gördü ki, orada onlara “gözünün üstündə qaşın var” deyən yoxdur. Heç kim onların əməllərini sorğulamır. Ona görə də getdikcə qudurğanlaşırlar. Belə davam edərsə, onların Azərbaycan ərazisində qalı-qalmaması məsələsinə mütləq baxılmalıdır”.
Şəbnəm Mehdizadə