Qarabağ həqiqətlərini deyən Liparityan Ermənistanda linç edildi
15-12-2021, 13:08

Keçmiş erməni diplomat, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müşaviri olmuş və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda iştirak edən Jirayr Liparityan erməni cəmiyyətinin hiddətinə səbəb olub. Onun "Azərbaycan və Türkiyədən Ermənistana təhlükə yoxdur” kimi fikirlər səsləndirməsi erməni mediasında ajiotaj yaradıb.
AzVision.az xəbər verir ki, “Hraparak” nəşri ölkə gündəminə çevrilən hadisə haqqında məqalə dərc edərək bu cür tezislərin ortaya atılmasının İrəvana baha başa gələcəyini yazıb.
- Dünən Eduard Ağacanyanın təşəbbüsü ilə hakim fraksiya Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayr Liparityanla qapalı görüş keçirib. İdeyanı baş nazir Nikol Paşinyan irəli sürüb. O Liparityanın dili ilə özünün “Ağ kitab”ının tezislərini yaymağa, türklərlə qeyd-şərtsiz mehriban qonşuluq münasibətləri qurmaq, yəni "soyqırımı" iddialarından əl çəkməyi təbliğ etməyə çalışır. Həmçinin "Qarabağın statusu"nu dəqiqləşdirmədən sülh müqaviləsi imzalamağın da labüdlüyü təbliğ edilir.
Demarkasiyadan əvvəl Paşinyan ilk növbədə öz komandasını hazırlamalıdır. Çünki bu sənəd parlamentdə ratifikasiya edilməlidir. O, qorxur ki, parlamentarilər, hakim partiya üzvləri arasında onun proqramlarına müdaxilə edəcək vətənpərvərlər olacaq. Liparityan isə partiya üzvlərini inandırmağa çalışırdı ki, biz ermənilər məğlub olsaq da, gesosiyasi proseslərdə heç bir rol oynaya, tələblər irəli sürə bilmirik. Həyatda qalmağımızın yeganə şərti Türkiyə-Azərbaycan tandemi ilə görüşmək, münasibətləri yaxşılaşdırmaqdır.
O bildirib ki, indi "Dağlıq Qarabağ"ın hər hansı formada ərazi kimi qorunub saxlanması vacibdir və status məsələsini gündəmə gətirmək düzgün deyil. Biz Türkiyə-Azərbaycan tandeminin tələblərinə təslim olub, yol ilə dəhliz termini arasında həll variantı tapmalıyıq. O həmçinin belə hesab edir ki, torpaqları zamnında təhvil vermək lazım idi. Çünki beynəlxalq ictimaiyyət belə hesab edirdi ki, bu ərazilər 90-cı illərdən işğal altında saxlanır. Bu səbəbən də torpağın qaytarılması qaçılmaz idi.
Ondan soruşdular ki, bəs niyə birinci prezidentimiz zamanında qalib mövqedən çıxış edərək problemi həll etmədi. Libarityan Vazgen Sarkisyana eyham vuraraq, komanda yoldaşlarının imkan vermədiyini bildirib. Eks-diplomat həmçinin qeyd edib ki, bu gün əslində bizim normal xarici siyasətimiz də yoxdur. İclasda 20-25 deputat iştirak edib. Vurğulanıb ki, onun yanaşmaları hakim fraksiyada o qədər də müsbət qarşılanmır,-məqalədə yazılıb.
Maraqlıdır ki, erməni siyasətçilər, ictimaiyyət nümayəndələri də Libaridyanın reallıqdan çıxış etməsini qəbul edə bilmirlər. Məsələn, erməni jurnalist, Ermənistanın baş naziri vəzifəsinə namizəd olmuş Vazgen Manukyanın mətbuat katibi Ani Qasparyan Libarityanı sərt şəkildə tənqid edib.
- Vacib məqamda erməni təbliğat meydanına Jirayr Liparityan adlı erməni çıxdı. İqtidar yaxşı bilir ki, hakim komandada heç də hamı düşmənə güzəştə getməyə, "erməni məsələsi"ni gündəmdən çıxarmağa, Qarabağı unutmağa, Türkiyəni bölgəyə gətirməyə hazır deyil. Və onlar bu təbliğatı aparmağa ən uyğun "namizəd" kimi Levon Ter-Petrosyanın keçmiş müşavirini “sülhsevər”i meydana atdılar.
Bu adamın atdığı addımlara baxın. Sərbəst şəkildə təbliğata başlayıb ki, biz balaca və zəif millətik, Türkiyəyə boyun əyməsək məhv olacağıq, “irəliyə bax, "1915"-dən yapışma” tezisi və s. O bu kimi tezisləri birmənalı şəkildə təbliğ edir. Ən pisi isə budur ki, Libaridyanın üzünə layiqli sillə vurulmur.
Əlbəttə ki, bu, böyük bir zəncirin kiçik bir halqasıdır, lakin bu halqalar daha sürətli və daha geniş şəkildəi çoxalır. Biz isə anlaya bilməyəcəyik ki, necə oldu Ermənistan bir addımla Türkiyə ilə əlaqələrə başladı,-Qasparyan açıqlamasında deyib.
İctimai fəal, müxalif jurnalist Nairi Hoxiyan isə hikkə və qəzəbini daha çox büruzə verərək ittihamlarının barıtını bir qədər çox edib. O iddia edib ki, guya Libarityan türkdür.
- 90-cı illərin əvvəllərində məktəbli olanda böyüklərdən mütəmadi olaraq eşidirdim ki, Amerikadan, Erməni Milli Hərəkatını təmsil edən bir əclaf gəlib. Soyadı yan ilə bitir. Amma o erməni deyil, türkdür.
Jirair Liparityan adı erməni soyadı daşıyan həmin şəxs türklərin simvolu kimi uşaqlıqdan yadımda qalıb. İndi bu adam yenə Amerikadan gəlib və yenə Türkiyənin təbliğatını aparı. Bu dəfə sadəcə hakim partiyanı təmsil edir.
Qeyd edək ki, iki gün öncə Liparityan "Azərbaycan və Türkiyədən Ermənistana təhlükə yoxdur” deyib. O, jurnalistlərin “belə bir təhlükə varmı” sualına cavabında kitabını oxumağı tövsiyə edib və təhlükə görmədiyini açıqlayıb.
“Qonşularla problemləri həll etmək lazımdır. 30 ildir deyirlər ki, bizi öldürəcəklər, necə oldu, öldürüblərmi? Mən təhlükə görmürəm, qonşularla münasibətləri düzəltməliyik”, - Liparityan deyib.