HƏMAS İsrailin Xan Yunisə hücumunun atəşkəs danışıqlarını pozmadığını deyir
16-07-2024, 10:08

İsrail ordusunun bazar ertəsi bildirdiyinə görə, İsrailin Qəzzanın cənubunda HƏMAS-ın yüksək rütbəli liderini hədəf aldığı və azı 90 nəfərin öldüyü hücumundan bir neçə gün sonra Qəzza zolağı boyu hava hücumları həyata keçirib.
İsrail Müdafiə Qüvvələri həmçinin Qəzzanın mərkəzi və cənubunda ordunun terror infrastrukturu adlandırdığı obyektlərə və İsrail qüvvələrinə qarşı hücumlara hazırlaşan militantlara qarşı qurudan əməliyyatlar həyata keçirdiyini bildirib.
İsrailin Xan Yunisə hava hücumundan sonra HƏMAS-ın hərbi lideri Məhəmməd Deyfin taleyi hələ də bəlli deyil.
HƏMAS rəsmiləri dəlil təqdim etmədən Deyfin hücumda öldürüldüyünü təkzib edib.
HƏMAS-ın əsas hərbi komandiri Yəhya Sinvardan sonra rəhbərlikdə ikinci olan Deyf illər ərzində İsrailin axtarış siyahısında olub və daha əvvəllər bir neçə dəfə sui-qəsd cəhlərindən yayınmağa müvəffəq olub.
HƏMAS həmçinin bazar günü bildirib ki, Xan Yunisə endirilən zərbələrdən sonra belə atəşkəs danışıqlarından geri çəkilmir.
Misir, Qətər və Birləşmiş Ştatlar atəşkəs razılaşmasına vasitəçilik etməyə çalışsalar da, hələ də döyüşlərin dayandırılmasını və Qəzzada HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini ehtiva edən yeni razılaşma əldə edə bilməyiblər.
Qəzzada müharibə oktyabrın 7-də HƏMAS militantlarının 1200 nəfəri öldürməsindən və 250-yə yaxın insanı girov götürməsindən sonra başlayıb.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava və quru hücumları nəticəsində azı 38 500 nəfər ölüb, 88 800-dən çox insan yaralanıb.