“Niyə qazilər başqa nazirliyin deyil, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qapısını sındırdılar?” - Ekspert danışır
3-06-2022, 17:00

Dünən bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Aksiyadan görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə onlara əlillik dərəcəsinin düzgün təyin edilməməsinə Nazirliyin önündə etiraz edən bir qrup Vətən müharibəsi iştirakçısı və yaxınları daha sonra qurumun binasına daxil olublar. Burada etirazların şiddəti artıb. Qazilərdən biri hadisə zamanı huşunu itirib və qıcolma keçirib. Bu zaman onun dili qatlanıb və hadisə yerindəki polis əməkdaşları müdaxilə edərək ona ilkin tibbi yardım göstəriblər.
Daha sonra Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məsələ ilə bağlı jurnalistlərə açıqlama verib. O bildirib ki, qazilərdən bəzilərinin sağlamlıq vəziyyəti əlilik təyinatına əsas vermir.
Görünən odur ki, nazirlik baş verənlərə görə qaziləri günahlandırmaqdadır. Vəziyyətin bu səviyyə çatmasına gətirib çıxaran səbəblər nədən ibarətdir və Nazirliyin qazilərin problemlərinin həllinə yanaşmasını doğru hesab etmək olar?
Qeyd edək ki, müharibədən ötən ilyarım ərzində 13 nəzər qazi intihar edib. Bu intiharlardan sonuncusu isə dünən baş verib. Qusar rayon Yasaboba kənd sakini Gümrah Fuad oğlu Səfərquliyev Xaçmaz rayon Seyidli kəndində meşəlik ərazidə özünü asıb.
Bildirilir ki, 22 yaşlı G.Səfərquliyevin meyiti iyunun 1-də aşkar edilib və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Bu intiharların baş verməsində Müdafiə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsuliyyəti hansı əsviyyədədir? İntihar edən qazilərə lazımı psixoloji, mənəvi və maddi dəstək verilibmi?
PİA.az-ın əməkdaşı məsələni hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsələyə yanaşmasının tamamilə yalnış olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, indiyə qədər də bir çox problemlərin həllində suni problemlərin yaradılması, hamıya standart yanaşmanın tərbiq edilməsi, qazilərin, veteranların dinlənilməməsi məhz bu gün qarşılaşdığımız hadisələrə gətirib çıxarıb:
“Veteranların problemləri ilə bağlı mən televiziyalarda,saytlarda dəfələrlə fikirlərimi səsləndirmişəm. Biz insanları dinləməliyik. 11 min yaralımızdan 3 mini əlildir. Qalanları isə yaralanıb, amma əlil deyil və onlar cəmi 80 manat veteran pulu alırlar. Hələ onu da ala bilsələr... Bu pul da onların müalicəsini, xərclərini ödəməz. Buna görə də hər bir əlilə, veterana fərdi şəkildə yanaşmalıyıq.
Mən bu fikirləri dəfələrlə demişəm. Mənə hər dəfə komissiya təşkil olunacağı və müzakirələr aparılacağı bildirilsə də, bir dəfə olsun bu məsələlərin müzakirəsinə dəvət almamışam. Problemləri dəfələrlə səsləndirməyimə baxmayaraq yenə də bu problemlərin həllində ciddi problemlər var.
Mən bu problemlərlə bağlı bir sual verirəm. Niyə qazilər başqa nazirliyin deyil Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qapısını sındırdılar? Qazilərin bu hərəkətini mən doğru hesab etmirəm. Amma insanları bu həddə çatdırmaq da olmazdı. Axı onlar bizim üçün savaşdılar və onlar bizə qələbə sevincini yaratdılar. Biz həmin insanları bu vəziyyətə gətirib çıxarmalıydıqmı?
Qazilərin nazirliyin binasına daxil olandan sonra kompüteri sındırmaları tamamilə yanlış addımdır. Çünki o komputer bu xalqın, dövlətin büdcəsindən ayrılıb və alınıb. Xalqımızı, dövlətimizi qoruyan birisinin vətənin, dövlətin əmlakını da qorumaq məsuliyyəti var. Buna görə də qazilər bu hərəkəti yalnış etdilər.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsələyə yanaşması tamamilə yalnışdır. İndiyə qədər də bir çox problemlərin həllində suni problemlərin yaradılması, hamıya standart yanaşmanın tərbiq edilməsi, qazilərin, veteranların dinlənilməsi məhz bu gün qarşılaşdığımız hadisələrə gətirib çıxardı. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini fəaliyyətində çox ciddi dəyişikliklər etməlidir. Ən azından açıq qəbul günləri təyin olunmalıdır. İnsanlar açıq şəkildə auditoriyanın iştirakı ilə dərdlərini deməlidirlər. Bu problemlər sistemləşdirilməli və problemlərin həlli üçün konkret addımlar atılmalıdır.
Hazırda görünən odur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Milli Məclisdə qəbul olunan müəyyən qərarları maraqlarına cavab verdiyi üçün olduğu kimi qəbul edirlər. Sonradan isə onların tətbiqi qarşı-qarşıya qaldığımız mənzərənin ortaya çıxmasına səbəb olur”.