Dövlət universitetlərində təhsil niyə pullu olmalıdır?
Bu gün, 00:03

"Bu il ixtisas seçimi zamanı 60 914 plan yeri təqdim olunub".
Bu barədə DİM sədri Məleykə Abbaszadə bildirib.
DİM sədri qeyd edib ki, bu il dövlət sifarişli yerlərin sayı 28 631-dir:
“Bu il qəbul olanların yarısından bir qədər azı dövlət hesabına oxuyacaqlar”.
Qeyd edək ki, bu gün dövlət ali təhsil müəssisələrinin əksəriyyətində ödənişli təhsil sistemi mövcuddur. Hətta onların bir çoxunda hər tədris ilində ödəniş haqqı artır.
Məsələn, Bakı Dövlət Universitetində (BDU) 2025-2026-cı tədris ili üçün bır sıra ixtisasların illik təhsil haqları artırılıb. Artım 100-600 manat aralığındadır.
Belə ki, I qrupda mühəndislik ixtisasları (ekologiya, geologiya və geofizika, geomatika və geodeziya, kimya, mədən və sair mühəndislikləri) üzrə illik təhsil haqları ötən il 2 100 manat olduğu halda bu il 2 700 manatdır.
Bu qrupda müəllimlik ixtisaslarının illik təhsil haqları 100-200 manat bahalaşıb. Fizika, kompüter elmləri, geologiya, mexanika, riyaziyyat ixtisaslarında isə artım 400 manat artaraq 2 500 manata çatıb.
II ixtisas qrupunda da demək olar ki, bütün ixtisaslar üzrə qiymət artımı müşahidə edilib. Ötən il 3 000 manata olan bəzi ixtisasların (Beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat və sair) illik təhsil haqları bu il 3 200 manat təşkil edib. III qrupda filologiya ixtisasları 100-300 manat aralığında bahalaşıb, hüquqşünaslıq ixtisasının illik təhsil haqqı dəyişməyib (4 500 manat).
Regionşünaslıq ixtisasları 400 manat, politologiya ixtisasında 200 manat artım qeydə alınıb. IV qrupda isə psixologiya ixtisası 500 manat, müəllimlik ixtisasları 200 manat artıb.
Qeyd edək ki, xarici ölkələrin bir çoxunda dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarda təhsil sistemi yoxdur.
Bizim dövlət ali təhsil ocaqlarında ödənişli təhsil sistemi ləğv edilə bilərmi?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, ötən illə müqayisədə 60 min 914 abituriyentin ali məktəbə qəbul imkanı yaranıb:
“Müsbət amil odur ki, bu il 5 mindən artıq tələbə qəbul olacaq. Ancaq bəzi universitetlərdə, o cümlədən BDU-da təhsil haqqı ilə bağlı 100-300 manat aralığında artım var.
Başqa ölkələrdə ödənişli fakültələr var. Ancaq bu özəl universitetlərə məxsusdur. Onlar nəinki pulsuz təhsil verirlər, hətta digər dövlətlərə təqaüd proqramı ilə də göndərirlər.
Məsələn, bizim orta məktəblərdən məzun olan şəxslərimiz Avropada, Amerikada, Kanada da təqaüdlə yer qazanırlar, dövlət onlara təqaüd də verir.
Təəssüflər olsun ki, bizim dövlət universitetlərimizdə qəbul olunanların yarıdan çoxu ödənişli oxuyur. Ödənişli oxuyanların da təqaüd almasında ciddi problemlər var. Yəni faiz göstəricilərinə görə, hesablama balı ən azı 71-in üzərində olmalıdır ki, təqaüdə düşə bilsin.
Ona görə də hamısı bu təqaüdə düşə bilmir. Dövlət büdcəsindən universitetlərə ayrılan vəsait səmərəli istifadə olunmur. Məsələn, BDU-nun indiyədək kampusu yoxdur. Həmin uiversitetin bir yataqxanası var. Mən BDU-nun məzunuyam və 5 il yataqxanada qalmışam.
O zaman 8 yataqxana bir şəhərcikdə idi, 1 yataqxana da müasir tipli şəhərcikdən kənarda tikilmişdi. Ancaq onların hamısı dağıdıldı. Yerində 10 illərdir ki, hələ heç nə tikilməyib.
Hazırda 23 min tələbəsi olan BDU-nun 500 yerlik bir yataqxanası var. Onun da yarısı öz təyinatı üzrə istifadə olunmur. Bildirim ki, həmin yer vaxtı ilə Türkiyə Dəyanət Vəqfinin təsis etdiyi liseyin binası olub. Belə ki, sonradan bina restavrasiya olundu, yataqxanaya çevirdilər.
Universitetə qəbul olan tələbələrin artıq yataqxanadan yararlana bilmək problem də var. Azərbaycanda kampusu olan bir ali təhsil ocağı Bakı Ali Neft Məktəbidir və bir də Azərbaycan Dövlət Aqrar Universitetidir. Digər universitetlərin hərəsinin 150-200 nəfər tələbəni əhatə edəcək qədər yataqxanası var”.
Ekspertin sözlərinə görə, tələbələr ali məktəbə qəbul olunduqdan sonra sosial problemləri həll olunsa, müsbətt addım olardı:
“Ancaq iş orasındadır ki, onlar öz hesablarına mənzillər tutur, kirayədə yaşayır və ödənişli oxuyacaqlar. Ona görə də bu gün bizim abituriyentlər daha çox fürsət düşən kimi attestatını da götürüb gedib xaricdə təhsil alır. Bu büdcələrinə də fayda verir, xaricdə təhsilin keyfiyyəti hər halda bizdən yüksək olur.
Azərbaycanda fəaliyyət göstərən 51 universitetdən cəmi 11-i özəl universitetdir. Qəribə odur ki, özəl universitetlər, məsələn, Xəzər Universitetinə artıq dövlət hesabına qəbul da var. Bu, tədrisin keyfiyyətin ilə bağlıdır. Yəni keyfiyyət artdıqca dövlət özü də maraq göstərir ki, qəbul olunanlara da müəyyən dəstək versin.
Ancaq bizim dövlət universitetlərinin əksəriyyəti, yəni 6-7 hərbi profilli universitetlərdən başqa yerdə qalan universitetlərin hamısında tələbələrin yarıdan çoxu ödənişli oxuyur. Bu gün 5-6 universitet artıq publik hüquqi şəxsə çevrilib. Ancaq onlar həm dövlət büdcəsindən, həm də tələbələrdən maliyyələşirlər, nəticə də ürəkaçan deyil.
Məsələn, BDU-nun bakalavr, magistr, doktorantlar da daxil olmaqla təxminən 25 min tələbənin 15 min nəfəri əgər ödənişli oxusa və orada 2000-4000 manat arası ödənişlər olduğunu nəzərə alsaq, bu rəqəmləri hesabladıqda yüksək bir nəticə alınır.
Bu vəsaitlə universitet kampusa tikə, laboratoriyalarını yeniləyə bilər. Digər tərəfdən müəyyən qədər dövlətin də dəstəyi var. Bu rəqəmlər fantastik bir rəqəmlərdir.
Təəssüflər olsun ki, istifadəsi düzgün deyil. Düşünürəm ki, universitetlər özləri pul qazandıqca, müəyyən diqqəti cəlb etməklə bu yeniliyə getməyə məcburdurlar”.