Rusiya kəşfiyyatı... - Xarici ölkələrdəki seçkilərə necə və niyə müdaxilə edilir? / ARAŞDIRMA
27-05-2017, 13:08
Merve Seren
Anadolu News Agency
Rusiyanın ABŞ-dakı son prezident seçkilərinin nəticələrinə kiber üsullarla müdaxilə yönündə müzakirələrin əsdirdiyi küləklər hələ sakitləşmədiyi bir vaxtda, Donald Trampın rus kəşfiyyatı ilə əlaqələri mövzusunda aparılan istintaqa rəhbərlik edən FBI (FTB) başçısı Ceyms Kominin ani bir qərarla vəzifəsindən uzaqlaşdırılması böhranı daha da dərinləşdirib.
Prezident seçkisinə rus müdaxiləsiylə bağlı CIA, FBI və NSA-nın ortaq şəkildə hazırladığı və yanvar ayında yalnız 25 səhifəlik qisimi açıqlanan kəşfiyyat hesabatı ABŞ siyasi tarixinin ən böyük siyasi qalmaqallarından birinə çevrilib.
Siyasi təşkilatların elektron sistemlərinə haker hücumlarının təşkil edilməsi və oğurlanan məlumatların "WikiLeaks" kanalına sızdırılaraq ABŞ-da siyasi böhrana gətirib çıxarması KQB-nin uzun illərdir müraciət etdiyi "aktiv tədbirlər" ("siyasi təxribatlar") ilə "kiber əməliyyatlar" arasında birbaşa bağ qurulmasına səbəb olub.
Kiber hücumlarda bənzər taktikalar
Rusiyanın digər ölkələrdəki seçkilərə marağı ABŞ-dakı prezident seçkiləri ilə bitməyib. Məsələn, Fransada bu il aprelin 23-də prezident seçkilərinin ilk turundan iki gün sonra informasiya texnologiyaları təhlükəsizliyi sahəsində ixtisaslaşmış kiber təhlükəsizlik firması "Trend Micro" (Tokio) rus hakerlərin prezidentliyə namizəd Emmanuel Makronun seçki kampaniyasını hədəfə aldıqlarını iddia edib.
ABŞ kəşfiyyat təşkilatları "Pawn Storm" (başqa adla – "Fancy Bear" və ya "APT 28") adlı kiber casus qrupunun Rusiyanın hərbi kəşfiyyat xidməti QRU ilə bağlantısına diqqət yetirərkən, "Trend Micro"lu araşdırmaçı Feyke Hakebord "Pawn Storm"un istifadə etdiyi digital infrastrukturdan Makronu hədəfə alan saxta "web domain"i təsbit etdiklərini açıqlayıb.
Digər tərəfdən, Hakebord Makrona qarşı hücumlara dair rəqəmsal barmaq izlərinin 2016-da Hillari Klintonun seçki kampaniyasını icra edən Demokratik Milli Komitəni (DNC) və 2016-nın aprel-may aylarında Almaniya kansleri Merkelin partiyasını hədəf alan hücumlarla bənzər olduğunu vurğulayıb.
Bu proseslər kəşfiyyat dünyasında "informasiya müharibələri" və "təsir əməliyyatları / nüfuz casusluğu" mövzularını yenidən gündəmə gətirib.
ABŞ-da davam edən müzakirələrdə Rusiyanın rəqib ölkələrin seçkilərini, ya da siyasi qərar qəbuluna təsiretmə məqsədilə kiber vasitələrlə icra etdiyi əməliyyatların kökündə SSRİ DTK-sından miras qalan və Soyuq müharibə dövründəki "aktiv tədbirlər"lə əlaqələndirməyə başlayıblar.
Tarixi bir istilah olan "aktiv tədbirlər" – Rusiyanın kiber / informasiya əməliyyatları ABŞ Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin bu il martın 20-də, açıq iclasda, "Rusiyanın aktiv tədbirlərinin istintaqı – Open Hearing on Russian Active Measures Investigation" başlığı ilə müzakirəyə çıxarılıb.
Aktiv tədbirlər və dərketmənin idarə olunması
Nümayəndələr Palatasının martın 15-də "İnformasiya müharibəsi və əks-təbliğat" başlıqlı iclasında Fort Livenvortdakı Xarici Hərbi Araşdırmalar Ofisinin (FMSO) qocaman analitiki və Rusiya üzrə mütəxəssis olan Timoti L. Tomas, Rusiyanın "informasiya savaşı" konsepsiyasını "texniki" və "psixoloji" informasiya şəklində iki əsas kateqoriyaya ayırmışdı. Tomas kiber və ictimai medianın qarışdırma trendini və Rusiyanın ortaya çıxan yeni tendensiyalar və döyüş formasının əhəmiyyətli yenilənməsindən söz açmışdı.
Bu anlayış çərçivəsində Rusiya ənənəvi aktiv tədbirləri əks etdirən "online" taktika ilə əməliyyatlar keçirir. Məsələn, Rusiya ölkə daxilindəki və ölkə xaricindəki siyasi gündəm və ideologiyasını reallaşdırmaq üçün bəzi müstəqil qruplardan istifadə edir.
1990-cı illərin əvvəllərindən etibarən, xüsusilə də Putinin ilk və daha sonra 2000-ci illərdəki iqtidarı dövründə FSB kompüter quldurluğu ilə məşğul olan "qaranlıq qruplar"la naməlum əlaqələr qurmağa başlamışdı. Bu döyüş tərzi, Yaxın Şərqdə cərəyan edən "vəkalət müharibələri"nin sanki bir başqa versiyasıdır.
Bəs "aktiv tədbirlər" anlayışı tam olaraq nə deməkdir?
Bu, ruscadakı "активные мероприятия" olub, KGB tərəfindən bir sıra "təsiretmə fəaliyyəti" üçün istifadə edilən çətir anlayışıdır. Ancaq qeyri-rus qaynaqlar bu anlayışı daha çox dar mənada "dərketməni idarəetmə"' ilə məhdudlaşdırır. O, rusların Sovet İttifaqı haqqında müsbət, düşmənlərinə dair isə mənfi hisslər yaratmaq vasitəsilə cəmiyyətə, ya da qəraralıcıların davranışlarına və fikirlərinə təsir üçün müraciət etdikləri örtülü vasitələr, ya da siyasi faaliyyət kimi başa düşülməlidir.
"Aktiv tədbirlər"in ümumi xüsusiyyəti və məzmunu haqqında ən dəqiq açıqlamanı sabiq KGB general Oleq Kalugin hələ 1998-ci ildə CNN-ə verdiyi müsahibədə ifadə edib. Kalugin aktiv tədbiri sovet kəşfiyyatının qəlbi və ruhu adlandırıb və mahiyyətinin dağıdıcılıq – subversion olduğunu dilə gətirib.
Bu tətbiqlər, Kaluginə görə, kəşfiyyat məlumatı toplama fəaliyyəti yox, dağıdıcılıqdır. Sözügedən tədbirlər Qərbi gücsüzləşdirmək, başda NATO olmaqla, Qərb ittifaqında uyğunsuzluq və ayrışma yaratmaq və ABŞ-ı Avropa, Asiya, Afrika və Latın Amerika xalqlarının gözündə zəiflətmək kimi məqsədləri nəzərdə tutur.
Sovet dövründəki tətbiqlər
Kaluginin rəyini nəzərə aldıqda, "aktiv tədbirlər" anlayışı əslində, siyasi döyüş taktikasından başqa bir şey deyil. Bu taktika müstəqil (görünüşlü) təbəqə ya da qrupları təşkiletmə və onları maliyyələşdirmə, qapalı nəşrlər, mediada manipulyasiya, dezinformasiya, saxtakarlıq və təsir agentlərinin satın alınması kimi fəaliyyətləri ehtiva edir.
Fletçer R. Skoen və Kristofer Lamb 2012-ci ilin iyununda Milli Strateji Araşdırmalar İnstitutunun hesabatında bu cür "aktiv tədbirlər"in son dərəcə dar əhatəli olduğunu irəli sürüblər. Onların rəyincə, Sovet İttifaqının "aktiv tədbir" proqramları qavrayış manipulyasiya üçün açıq, ya da örtülü əməliyyatları, təşviş, sui-qəsd və hətta terrorizm kimi sahələri əhatə edib.
"Aktiv tədbirlər" xüsusilə Xruşşov dövründə (1953-64) daha geniş şəkildə yenidən hazırlanıb. Soyuq müharibə dövründə o, rəqib ölkələrə qarşı dağıdıcı fəaliyyətlərdə istifadə olunub. Andropov dövründə (1967-82) də KGB bu metodologiyadan istifadə edib.
1970-ci illərdə tərəf dəyişdirmiş KGB xəfiyyəsi Yuri Bezmenov, KQB-nin bu sisteminin dörd təməl mərhələsini açıqlayıb. Buna görə də, ona ədəbiyyatda "Dağıdıcı fəaliyyətin Bezmenov modeli" deyilir.
İttihamlar Trampı iqtidardan məhrum edə bilər
Soyuq müharibə dövrünün irsini əks etdirən "aktiv tədbirlər" indiki vaxtda kiber texnologiyanın də dövriyyəyə girməsi ilə daha geniş tətbiq sahəsinə çevrilib. Hazırda Rusiyanın bu taktikanı Ukraynadan tutmuş Çeçenistana qədər qarşıdurmaların olduğu bütün bölgələrdə tətbiq etdiyinə dair ümumi rəy var.
Rusiyanın "aktiv tədbirlər"lə ABŞ və Fransadakı seçkilərə təsiri bu ölkələrin daxili siyasətinə dərindən nüfuz etməkdədir.
Bu xüsusdakı iddialar hələ qətilik qazanacaq şəkildə isbat ediməsə də, bundan betərinin gözlənildiyinə dair şayiə və iddialar ciddi nəticələr doğura bilər. Belə ki, bu gün ABŞ-da bəzi siyasi və kəşfiyyat təşkilatlarının yüksək mənsəbli rəhbərləri vəzifələrindən kənarlaşdırılıb.
Üstəlik, rus casusu olmaqla ittihamlanan ABŞ prezidenti də, bəlkə, günlərin bir günü eyni səbəblə iqtidardan kənarlaşdırılacaq.
Tərcümə: Strateq.az