İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir
Bu gün, 17:28

Prezident İlham Əliyevin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə müsahibələri artıq ənənə halını alıb. Növbəti müsahibə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verilib və avqustun 26-da həmin telekanalda yayımlanıb. Ölkə başçısı öz müsahibəsində bir sıra məsələlərə toxunub və açıqlamalar verib.
Müsahibədə avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə baş tutan Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmaya böyük yer ayrılıb. Bununla yanaşı ATƏT-ni Minsk qrupunun ləğvi, işğaldan azad edilən ərazilərdə aparılan geniş quruculuq işləri və “Böyük Qayıdış” Proqramının uğurlu icrasına da toxunulub.
Minsk qrupunun ləğvi məsələsinə gəldikdə bildirilib ki, bu Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi. 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılan bu qurum münaqişənin başa çatdığı üçün lazımsız bir təşkilata çevrilib. Bu gün Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. ABŞ-da Prezident Trampın iştirakı ilə keçirilən görüşdə hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazıb və hazırda beş ildən çox fəaliyyətsiz qalan bu qurumun ləğvi prossesinə başlanılıb.
“Əl-Ərəbiyyə” kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması ilə bağlı rastlaşılan problemlərdən danışıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsi zamanı xeyli sayda qaçqın və məcburi köçkünlərimiz oldu ki, onların tam əksəriyyəti on ildən artıq müddətdə çadır düşərgələrində yaşayırdı. 2003-cü ildən bəri çadır düşərgələrinin ləğvi prossesinə başlanıldı və 2007-ci ildə bu prosses başa çatdırıldı. Buna baxmayaraq, on minlərlə soydaşımız uzun illər çox ağır şəraitdə yaşamaqda davam edirdi. Hazırda isə “Böyük Qayıdış” Proqramı çərçivəsində onların doğma yurdlarına qayıdışı prosesinə start verilib, 50 mindən çox insan azad olunmuş ərazilərdə məskunlaşdırılıb və bu proses davam edir.
Vurğulanıb ki, Ermənilər işğal dövründə həmin ərazilərdə bir milyondan çox mina basdırmışdılar. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək təxminən 400 nəfər mina qurbanı olub. Minalar nəticəsində 70-dən çox insan həlak olub, qalanları isə ağır yaralanıb.
Dövlətimizin başçısı bildirib ki, işğaldan azad edilən ərazilərdəki quruculuq işlərinə əsas iki maneə ərazilərin minalanması və Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. Erməni işğalı illərində Qarabağda infrastruktur tamamilə məhv edilib. Şəhər və kəndlərimiz yerlə-yeksan olunub, kanalizasiya, su təchizatı, elektrik xətləri, dəmir yolları, magistral yollar – hamısı tamamilə dağıdılıb. Buna görə də bərpanın ilk illərində vəsaitin böyük hissəsi məhz infrastrukturun qurulmasına sərf edilib. Paralel olaraq kəndlərin və şəhərlərin tikintisinə də başlanılıb. “Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq”, - deyə Prezident əlavə edib.
Bu gün bərpa işləri çərçivəsində ayrılan vəsaitin əsas hissəsi yaşayış layihələrinə yönəldilib. Tamamilə boş yerlərdə yeni binalar ucaldılır. Əsas məqsəd bütün keçmiş məcburi köçkünlər üçün normal yaşayış şəraiti və iş yerləri təmin etməkdir və bu prosses artıq başlanıb.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası