“Əl-Ərəbiyyə” telekanalına müsahibədə ciddi mesajlar verildi

Bu gün, 15:59           
“Əl-Ərəbiyyə” telekanalına müsahibədə ciddi mesajlar verildi
Avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalında yayımlanan Prezident İlham Əliyevin genişməzmunlu müsahibəsi dünyanın bir çox ölkələrində, xüsusilə Yaxın Şərq ölkələrində maraqla qarşılanmışdır. Ölkə başçısı bu müsahibəsində Prezident müsahibəsində Azərbaycanın regionda davamlı sülhə nail olunmasında maraqlı tərəf olduğunu bəyan etməklə vacib mesajlar verdi.
Prezident İlham Əliyev ilk növbədə Vaşinqtonda keçirilən tarixi görüşə toxunaraq vurğuladı ki, bu görüş bölgədə uzun müddətdir davam edən qarşıdurma və gərginliyin sona çatdığını göstərir. O, danışıqların ABŞ Prezidenti Donald Tramp və onun komandası tərəfindən göstərilən ciddi siyasi iradə və dəstək nəticəsində başa çatdığını xüsusi qeyd etdi. Dövlət başçısı sülh sazişinin hələ də imzalanmamasının əsas səbəblərindən biri kimi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın qüvvədə qalmasını göstərdi. Prezident həmçinin Ermənistanın konstitusiyasına dəyişikliklərin zəruri olduğunu bildirərək bu prosesə hər hansı bir müdaxilənin olmayacağına ümid etdiyini ifadə etdi.
Dövlət başçısı müsahibədə ötən il mülki təyyarəmizin Rusiya tərəfindən vurulmasının və bu hadisəyə rəsmi Moskvanın reaksiyasının ölkəmizdə böyük məyusluq doğurduğunu önə çəkdi. Prezident İlham Əliyev xatırlatdı ki, 2020-ci ilin 9 noyabrında Azərbaycan təsadüfən Rusiya helikopterini vurduqda dərhal üzr istəmiş, təzminat ödəmiş və məsul şəxsləri cəzalandırmışdı. Lakin bu dəfə Rusiya tərəfindən oxşar addımların atıldığını görmədik. Bu, ikitərəfli münasibətlər baxımından ciddi məsələdir. Azərbaycan konstruktiv və hüquqi mövqe sərgiləyir, lakin heç vaxt təcavüz və ya hörmətsizliyə dözməyəcək. Dövlət başçısının dediyi kimi: “Beləliklə, bu, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri gərginləşdirmək istəmirdik. Bəli, bu, xalqımızı məyus edib, qəzəbləndirib və qəmginliyə salıb”.
Dövlətimizin başçısı Yaxın Şərqdə baş verən proseslərə toxunaraq bildirdi ki, İsrail və Suriya arasında münasibətlərin normallaşması üçün real imkanlar mövcuddur. Azərbaycan uzun illər Suriya ilə diplomatik əlaqələri dayandırmışdı, lakin yeni hökumət iş başına gəldikdən sonra münasibətlər bərpa olunub. Ölkəmiz Suriyaya humanitar yardım göstərib və təbii qaz təchizatı ilə bağlı Türkiyə, Qətər və Suriya ilə dördtərəfli razılaşma imzalanıb. Bu gün Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökuməti bunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi. Dövlətimizin başçısı deyib: “Hələ ki, biz 1,2 milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzərində razılığa gəldik. Lakin onlara daha çox qaz tələb olunur. Ona görə də gələcəkdə biz qazın həcmini artıra bilərik ki, onlarda daha az qıtlıq olsun”.
İsrail və Suriya rəsmiləri arasında danışıqlar isə məhz Azərbaycanın vasitəçiliyi ilə baş tutub. Prezident növbəti dəfə bəyan etdi ki, Azərbaycanın məqsədi bölgədə sülhə və sabitliyə töhfə verməkdir. Əgər bu prosesə az da olsa dəstək verə bilmişiksə, bunu məmnunluqla qarşılayırıq. Nəhayət, müxbirin sünni və şiə icmaları arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı sualına cavab olaraq Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu sahədə nümunəvi ölkədir. Şiə və sünnilər burada birgə, eyni məsciddə ibadət edir və təriqət ayrı-seçkiliyi yoxdur. Prezident vurğuladı ki, müsəlman dünyasına ən böyük ziyan təriqətçilikdən gəlir və Azərbaycan bu cür bölücülüyə qarşı qəti mövqe sərgiləyir.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə ciddi mesajlar verərək Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoyub.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru