Küçə itlərinin yaratdığı qorxu - Problemin həlli üçün yeni təklif hazırlanıb

19-08-2017, 18:38           
Küçə itlərinin yaratdığı qorxu - Problemin həlli üçün yeni təklif hazırlanıb
Belə bir deyim var: ev alarkən qonşularının yaxşı və pis olduğunu anlamaq üçün o məhəllədə yaşayan küçə itlərinə bax. Küçə itləri çox olan məhəllənin insanları da yaxşıdır. Lakin itlərin insanlara hücumu, xüsusilə 5 yaşlı Zeynəbin bu səbəbdən ölümü bu deyim haqqında bir də düşünməyə vadar edir. Kiminə görə sədaqətli, kiminə görə əsl dost hesab olunan heyvanlar bəzən bizi yanılda bilir.

Son günlər şahidi olduğumuz hadisələr onu deməyə əsas verir ki, respublikada sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib. Küçə itlərindən xilas yolları insanlar tərəfindən birmənalı qarşılanmır. Kimi itlərin güllələnməsini tələb edir, kimisi isə qısırlaşdırılmasını? Bəs bu problemi həll etmək üçün nə etməliyik? Kimisə it dişləyərsə, quduzluğun əlamətini neçə müəyyənləşdirmək, bununla necə mübarizə aparmaq olar?

Quduzluğun əlamətləri nələrdir?

Pediatr Vaqif Qarayev xəstəliyin əlamətlərindən danışıb. Deyir ki, əgər baş və üz dişlənərsə, xəstəlik ağır keçir və ölümlə nəticələnir: "Xəstəliyin gizli dövrü 10 gündən 3 aya qədər uzana bilər. Əgər zədə başda, üzdə, yuxarı ətraflarda olarsa, gizli dövr qısalır. Baş və üz dişlənərsə xəstəlik çox ağır keçir və ölümlə nəticələnir. Xəstəliyin ilkin dövründə yara nahiyəsində ağrı, qaşınma hissi olur. Hərarət 37,2-37,5 dərəcəyə qalxır. Xəstəliyin ikinci dövründə sudan qorxma, psixomotor oyanıqlıq (ətrafa qarşı aqressivlik, fiziki güc tətbiqi, əlinə keçən əşyaları vurub sındırmaq), udlaq və qırtlaq əzələlərində spazma, tənəffüsün çətinləşməsi, güclü selik ifrazı müşahidə olunur. Xəstəliyin üçüncü dövründə hərarət 40-42 dərəcəyə yüksəlir. Tənəffüs mərkəzinin iflici nəticəsində xəstə ölür”.
Həkim vurğulayıb ki, xəstəlik əlamətləri inkişaf etdikdən sonra vaksin faydasızdır: "İşlənən nahiyəni sabunlu su ilə təkrar-təkrar yumalı və təcili həkimə müraciət edilməlidir. Xəstəliyin qarşısını almaq üçün xüsusi vaksindən istifadə olunur. Xəstəlik başlanmayıbsa vaksinin effekti var! Xəstəlik əlamətləri inkişaf edibsə, vaksin bir qayda olaraq faydasızdır”.

"6 min 500 insan heyvanlar tərəfindən dişlənilib”

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova heyvanlar tərəfindən dişlənilən insanların statistikasını açıqlayıb. R.İsmayılovanın sözlərinə görə, il ərzində minlərlə adam sahibsiz küçə itləri tərəfindən dişlənilir: "Bu ilin ilk 6 ayı ərzində 6 min 500 insan heyvanlar tərəfindən dişlənilib. Hər il də bu dişləmələrin 90 faizini itlər təşkil edir. Digər faizlər isə vəhşi heyvanlar - canavar, pişiklər tərəfindən olur. Bu dişləmələr arasında quduzluq halları da olur. Bu haqda məlumatı Respublika Baytarlıq Xidmətindən alırıq. İnsanı dişləmiş həmin heyvan müayinə olunur”.

"Çatdıra bilmirik”

Bakı Şəhər İcra hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov Lent.az-a bildirib ki, şəhərdə o qədər sahibsiz küçə itləri var, onları yığışdırmağı çatdırmırlar. Ə.Əmiraslanovun sözlərinə görə, daha çox Bakının qəsəbələrində sahibsiz küçə itləri nəzərə çarpır: "Sahibsiz küçə itləri ilə bağlı müraciətlərimiz həddən artıq çoxdur. Çatdıra bilmirik. Hər rayondan hər gün zəng gəlir. Binə, Hövsan, Suraxanının kənar yerləri, Ələtdə belə itlər daha çoxdur. Elə Yasamalın özünü də qeyd edə bilərəm. Oradan bir gündə 80-90 it gətirilir. Məsələn, bu yaxınlarda Binə qəsəbəsindən bir gündə 40-50 it tutub gətirmişik. Bir il əvvəl bu küçə itləri vurulurdu deyə, azalma var idi. İndi bu icazə götürülüb deyə, itlərin sayı da artıb”.

Ə.Əmiraslanov deyir ki, sahibsiz küçə itlərinə qarşı mübarizə ilə bağlı idarə yeni təklif irəli sürüb: " Belə ki, idarənin rəisi Sabunçu Polis İdarəsinə və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edib ki, bizə iynə verilsin. Həmin iynə keyidici iynədir və itləri tutmaq üçün ondan istifadə ediləcək. Güllə ilə iynəni itə vuracağıq. İti keyidəcək. İt 10-15 dəqiqəyə ayılır. Bu halda iti tutmaq daha asan olur. Təklifə baxılıb və bu istiqamətdə kömək gözlənilir. Bu yaxınlarda bu məsələ həllini tapacaq. İcazə verilsə, bütün küçə itlərinə qarşı bu tədbirləri görəcəyik”.

"İtlərin başı kəsilir”

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bizimlə söhbətində bildirdi ki, hər il baytarlıq laboratoriyalarında sahibli və müvafiq qurumlar tərəfindən tutulmuş heyvanların müayinəsi təşkil edilir: "Baytarlıq nəzarəti xidmətinin kənd təsərrüfatı nazirliyinin kollegiyası tərəfindən qəbul edilmiş tədbirlər planı var. Bu plana uyğun olaraq, digər xəstəliklərlə yanaşı quduzluq xəstəliyinə qarşı da sahibli və qeydiyyatda olan itlərdə vaksinasiya tədbirləri aparırıq, başları kəsilərək laboratoriyaya gətirilir. Quduzluq xəstəliyi itin başında olur. Buna görə, baytar həkimləri tərəfindən baytarlıq təlimatına uyğun olaraq, şübhəli bilinən, quduzluq nişanələri müşahidə edilən itlərin başı kəsilir. Müayinə edildikdə, nəticə müsbət olarsa, bu barədə baytarlıq idarələrinə, yerli icra orqanlarına, səhiyyə ocaqlarına məlumat verilir. Bütün respublika üzrə it, iribuynuzlu heyvanda belə əlamət özünü göstərirsə, baytarlıq laboratoriyasında quduzluğa görə onlar mütləq müayinə edilir”.

"Xəstəlik nəzarətdədir”

Y.Xanvəli vurğuladı ki, Azərbaycanın bütün bölgələrindən quruma quduzluqla bağlı müraciətlər daxil olur: "Ən çox meşə və meşəətrafı ərazilərdə bu hallar qeydə alınır. Şəki-Zaqatala zonasından, eləcə də digər bölgələrdən müraciətlər daxil olur . Bir daha qeyd edirəm ki, bu xəstəlik tam nəzarətdədir”.

"Ərazinizdə olan itləri qısırlaşdırın...”

"Baku Street Dog Rescue” ("Bakı küçələrində itlərinin xilası”) təşkilatının Azərbaycanda rəhbəri, İngiltərə vətəndaşı Natali Foster deyir ki, itlərin çoxalmasının qarşısını almaq üçün onların güllələnməsi insanlıqdan kənar hərəkətdir. Onun sözlərinə görə, itlər mütləq qısırlaşdırılmalıdır: "Nə qədər yaxşı insan olsa da, bir nöqtədən sonra itlər çoxalmağa başlayır. Çoxaldıqdan sonra razı insanlarla yanaşı, narazı insanlar da olur və həmin ərazidən itləri təmizləyirlər. Bu problemi həll etmək üçün axtalaşdırma proqramını həyata keçirmək lazımdır. Yəni küçədə olan heyvanları sevə bilərsiniz, onlara yemək verə bilərsiniz. Amma həqiqətən küçədə olan heyvan problemini həll etmək istəyirsinizsə, axtalaşdırmaq məsələsinə ciddi yanaşmaq lazımdır. Kömək etmək lazımdır ki, küçədəki sahibsiz itlər qısırlaşdırılsın, onlar yeni balalar doğmasın, küçədə artmasınlar. Ayrı-ayrı klinikalar, təşkilatlar var. Endirimli proqramlar edirlər. Bir neçə iti aşağı qiymətlə qısırlaşdırırlar. İtlər məskunlaşdıqları yeri öz əraziləri kimi qoruyurlar. Məsələn, sizin ərazidə itlər varsa, onları qısırlaşdırsanız, artmayacaqlar və sizin məhəlləyə sahiblənib öz əraziləri kimi qoruyacaqlar”.

Bəs xaricdə vəziyyət necədir?

Sahibsiz it-pişiklərlə bağlı problemin həlli üçün müxtəlif yollar var ki, onlardan ən əsası bu yiyəsiz dördayaqlılar üçün xüsusi sığınacaq-bəsləmə məntəqələrinin olmasıdır. Belə məntəqələr dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, qonşu Türkiyədə küçələrdə yaşayan və ya sahibləri tərəfindən atılmış heyvanlar üçün sığınacaqlar var. Avropanın bir çox ölkələrində isə heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Almaniya konstitusiyasına görə, əgər heyvanlara çəkilişlər əziyyət verərsə, onların kinoya çəkilməsi qəti qadağandır. Avstriyada itlərin quyruğunu, yaxud da qulağını kəsmək, zəncirləmək qanun pozuntusu hesab edilir. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə, ya da 1 ilik həbs cəzası gözləyir. \\kaspi.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.