Ukraynada 200 milyon avro oğurluğa görə axtarışda olan Fransa vətəndaşı saxlanılıb
19-08-2017, 18:41
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları 200 milyon avro oğurluğa görə beynəlxalq axtarışda olan Fransa vətəndaşını saxlayıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat yayıblar. "Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Kiyev vilayətində Avropa İttifaqı ərazisində xüsusi ağır cinayətlər törədilməsində iştirak etmiş Fransa vətəndaşını saxlayıb", - məlumatda deyilir. Qurumun məlumatına görə, UTX Fransa məhkəməsi tərəfindən Avropa şirkətlərindən 200 milyon avro oğurladığına görə məhkum edilmiş Fransa vətəndaşının ölkədə olması ehtimalı barədə məlumat əldə edib. O, beş ildən çox müddətdə Avropa ölkələrində ədalətdən gizlənib. UTX əməkdaşları axtarışda olan şəxsin üç gün əvvəl Ukraynaya gəldiyini müəyyənləşdiriblər və onu saxlayıblar. Məlumata görə, onunla yanaşı, Avropa İttifaqı ərazisində cinayət törətdiyinə görə beynəlxalq axtarışda olan başqa əcnəbi də saxlanılıb.