Bakı-Tehran barışığını Moskva saxlayır, yoxsa pozur? - GƏLİŞMƏ
5-04-2024, 13:22
Rəsmi Bakının İsrailin Bakıdakı səfirliyinə raket zərbəsi endirməyə çağıran iranlı deputatın qalmaqallı bəyanatına reaksiya verməməsi diqqət çəkdi. Yada salaq ki, mart ayında iki ölkə rəhbərinin Xudafərində görüşü məlum olmayan səbəbdən təxirə salındı.
Bu arada məlum olub ki, Rusiya və İran strateji tərəfdaşlığı dərinləşdirən yeni saziş imzalamağa hazırlaşırlar. Qeyd olunur ki, mətn üzərində çalışmalar bitmək üzrədir, iki ölkənin diplomatları son bəndləri razılaşdırırlar. Sazişi iki ölkənin prezidentləri Vladimir Putin və İbrahim Rəisi imzalayacaqlar. Yeni sazişə ehtiyac o səbəbdən yaranıb ki, son illərdə iki ölkə arasında strateji əməkdaşlıq dərinləşib, siyasi və iqtisadi əlaqələrə hərbi-texniki yardımlaşma da əlavə olunub. Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi İran istehsalı olan dron və raketlər buna sübutdur. Bu arada, Moskva İsrailin İranın Suriyadakı konsulluq binasına raket zərbəsini qətiyyətlə pisləyib. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İsrailin İran konsulluğuna zərbəsini təşkilatın müzakirəsinə çıxarıb. Halbuki Rusiyanın keçmiş illərdə İsraillə tərəfdaşlıq münasibətləri var idi, Kreml sahibi bu ölkəyə səfər də etmişdi. Kreml İranı seçib.
Rusiya-İran strateji tərəfdaşlığının və yeni sazişin Cənubi Qafqaz, o cümlədən Azərbaycana hansı təsirləri ola bilər?
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, son illər Rusiya və İran arasında münasibətlər daha da dərinləşib. Xüsusilə də Ukrayna müharibəsi başlayandan İranın Rusiyanı ballistik raketlər, o cümlədən dronlarla təmin etməsi xüsusilə hərbi-texniki sahədə iki ölkə arasındakı münasibətlərə təsir edib və bu istiqamətdə əməkdaşlıq inkişaf etməkdədir: “Son bir neçə ildə iki ölkə arasında münasibətlər yalnız iqtisadi sahədə deyil, təhlükəsizlik sahəsində, hərbi-texniki sahədə inkişaf etməkdədir. Bir müddət öncə Rusiya və İran müdafiə nazirlərinin telefon danışığında da Rusiya İranın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini ifadə etmişdi. Bu, İran tərəfindən çox yüksək dəyərləndirilmişdi. O ki qaldı yaxın dövrlərdə iki dövlət arasında yeni əməkdaşlıq sazişinin imzalanması, münasibətlərin daha da yaxınlşamasına, bu, qeyd etdiyimiz kimi, uzun müddətdən bəri davam eləyən əməkdaşlığın nəticəsidir. Xüsusilə də nəzərə alsaq ki, Ukrayna müharibəsi ilə Rusiyanın Qərblə münasibətlərində ciddi problemlər yaşanmaqdadır və Rusiya öz siyasətini Qərbdən Şərq və Cənub Şərq vektorunu çevirməyi planlayır, o zaman İranla yeni sazişin imzalanacağı təbiidir. Rusiya və İran Cənubi Qafqazda bir zamanlar qonşu olublar və hər iki ölkə regionun böyük dövlətlərindən sayılır, bölgədə onların maraqları var. Münasibətlərin dərinləşməsinə səbəb olacaq amillərdən biri də budur”.
Rusiya-İran əməkdaşlığının daha da dərinləşməsinin Azərbaycana hansı təsirlərinin ola biləcəyinə gəlincə, politoloq hesab edir ki, bu ölkələr Cənubi Qafqazda sülh və sabitlik istəyirlərsə, onların arasında münasibətlərin inkişafı bölgəyə, o cümlədən Azərbaycana müsbət təsir eləyə bilər: "Əgər burada yenə imperiya maraqları önə çıxacaqsa - bu, xüsusilə İrana aiddir - məsələləri son 200 ildə olduğu kimi güc vasitəsilə həll etmək niyyətləri olacaqsa, təbii ki, Rusiya-İran əməkdaşlığı bölgəyə, həmçinin Azərbaycana mənfi təsir edə bilər. Nəzərə alsaq ki, son üç ildə İran açıq şəkildə anti-Azərbaycan mövqeyində dayanıb və Ermənistanla münasibətləri inkişaf etdirmək xəttini tutub, bu o deməkdir ki, İran hələ də Azərbaycana olan neqativ münasibətindən geri çəkilməyib. Ona görə də məsələyə birmənalı qiymət vermək çətindir. Doğrudur, hər iki ölkə Azərbaycanın təklif etdiyi 3+3 formatını qəbul etdiyini bildirir və regionun problemlərinin region ölkələri tərəfindən həll olunmasında maraqlı olduqlarını bəyan edirlər, amma qeyd etdiyimiz kimi, digər amillər də var. Xüsusilə bu, İranın davranışlarına aiddir ki, bunlar qaldıqca bölgədə də problemlər qalmağa davam eləyəcək. O baxımdan bir daha qeyd edirəm, əgər bu iki ölkənin Azərbaycana münasibətlərini bundan sonra da konstruktiv şəkildə inkişaf etdirmək niyyətləri olacaqsa, əlbəttə, onların münasibətlərinin inkişafı bölgəyə fayda verər. Onu da nəzərə almaq lazımdır ki, hər iki ölkə Türkiyə ilə əməkdaşlıq etsə də, Türkiyəni rəqib kimi görür və Güney Qafqazda Türkiyənin nüfuzunun artmasında maraqlı deyillər, buna mane olmağa çalışırlar ki, bu da Azərbaycanın maraqlarına cavab vermir”.
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycanla İran arasında münasibətlərdə sualların sayı azalmır. Azərbaycanın Rusiya ilə münasibətlərində isə hazırkı mərhələdə dərin fikir ayrılığı yoxdur. Buna baxmayaraq, Rusiya İranın strateji tərəfdaşı, hətta müttəfiqi kimi çıxış edəcəksə, bu, Kremlin Tehranın Azərbaycana yönəlik siyasətini də dəstəkləməsi anlamı daşıyacaq. Bu isə artıq Azərbaycanın maraqlarına toxunacaq.