Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 00:12
Ermənistanın sülh sazişindən yayınması regionda sabitliyə və inkişafa əsas təhlükə olaraq qalır.
Təbii ki, 4 il əvvəl sülh xahişi ilə yalvaran və kapitulyasiya sənədini qeyd-şərtsiz imzalayan Ermənistanın indi silahlanmaya meyil etməsi Fransa başda olmaqla Qərbin Cənubi Qafqaza geosiyasi müdaxiləsi ilə bağlıdır.
Azərbaycana qarşı xarici təxribatların arxasında da məhz Fransa, Avropa İttifaqı, ABŞ-nin erməni lobbisi dayanır. Azərbaycanın bölgədə artan nüfuzu, müstəqil praqmatik siyasət həyata keçirməsi Fransa hakimiyyətinin, o cümlədən Prezident Emmanuel Makronun "münaqişələrdən bəhrələnmək" planları ilə üst-üstə düşmür.
Fransa xalqının istefa tələbləri ilə üzləşən Emmanuel Makron başqa regionlarda qayda-qanun yaratmaq iddiasına düşüb. Ancaq zaman Azərbaycanın xeyrinə, müstəmləkəçi Makron iqtidarının isə əleyhinə işləyir.
Qərbin, o cümlədən Fransanın Azərbaycana qarşı apardığı əks-təbliğatın məqsədi nədir?
Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Fransanın Azərbaycana yönəlik siyasəti təəssüflər olsun ki, Makron hakimiyyəti dövründə vüsət alıb və bu istiqamət hələ də davam etməkdədir:
"Təbii ki, bu istiqamət regiona təsir imkanlarını genişləndirmək, ermənilərdən istifadə etməklə regiona yerləşmək prosesində Azərbaycanı hanısa formada neytrallaşdırmaq, müəyyən güzəştlərə getmək, geri çəkilməyə məcbur etmək siyasətidir ki, bu da heç bir halda mümkün deyil. Azərbaycan müstəqil siyasət yürüdür.
Azərbaycan regionun əsas aparıcı dövlətidir. Bu regionda hər hansı bir formada mövcudluğunu təmin etmək üçün mütləq Azərbaycanla normal əməkdaşlıq mühitinin formalaşması lazımdır.
Təəssüflər olsun ki, Makron hakimiyyəti tərəfindən bu istiqamətdə əks fəaliyyət göstərilməkdədir. Məqsəd birdir və bu, erməni sevgisindən irəli gələn bir məsələ də deyil. Sadəcə olaraq, ermənilərdən istifadə etməklə regionda özünün siyasi, iqtisadi, hətta hərbi maraqlarını hansısa formada təmin etməkdir. Azərbaycanla normal münasibət formalaşdırmadan heç bir halda mümkün deyil".